Sabiq prezidentdən təhlükə xəbərdarlığı: Rusiya böyük müharibəyə hazırlaşır

Baxış sayı: 
183

 
    
 
Ukrayna Respublikasının ilk prezidenti Leonid Kravçuk böyük müharibə barədə sensassion açıqlama verib. O, Donbasdakı Atəşkəsə Nəzarət və Koorodinasiya Mərkəzindən Rusiya hərbçilərinin çıxarılmasından sonra rəsmi Moskvanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə hazırlaşdığını deyib: “Vladimir Putin Ukraynaya mümkün olan daha dərin və genişmiqyaslı hücum üçün daha geniş bir sahə yaratmaq istiqamətində hərəkət etməyə başlayır”.
 
“İldırımsürətli müharibə qabiliyyəti kimi heç bir şey populyarlıq reytinqini artıra bilməz”- Moskvada çalışan diplomatlardan biri İsveçrənin “Le Temps” qəzetinə açıqlamasında belə deyib.Onun sözlərinə görə Vladimir Putinin populyarlığı 2008-ci ildə Gürcüstanla müharibədən və 2014-cü ildə Krımın ilhaqından sonrakı qədər yüksək olmamışdı.Suriyadakı qələbə də daxil olmaqla bu üç qələbə Putini gələcək avantüralara cəlb etmədi.
 
Bəzi ekspertlər isə 2018-ci ili mart ayının 18-də Rusiyada keçiriləcək prezident seçkilərindən öncə Rusiya-Qərb münasibətlərinin gərginləşəcəyini proqnozlaşdırır. Rusiyaya qarşı sanksiyaların sərtləşdiyi indiki mərhələdə Vladimir Putinin böyük müharibəyə başlamaq və Suriyadakı qələbəni Ukraynada təkrarlamaq istəyi Qərblə münasibətlərdə daha ağır nəticələrə gətirib çıxara bilər.
 
Respublikaçı Alternativ Hərəkatının katibi Azər Qasımlının rəyinə görə, Leonid Kravçukun fikirləri inandırıcı səslənir. Rusiyanın Ukraynaya qarşı yenidən hərbi əməliyyatlara başlaması gözləniləndir:
 
“Həqiqətən də Rusiya qələbə qazanıb və artıq Bəşər Əsədin hakimiyyətdə qalması məsələsi müzakirə olunmur. Müzakirə mövzusu yalnız Bəşər Əsədlə münasibətlərin necə qurulmasıdır.Bu isə həm də Vladimir Putinin qələbəsi deməkdir.Rusiyanın Ukraynada qələbə çalmağa çalışacağına dair deyilənlərlə də razıyam.Ancaq mən belə bir hərbi əməliyyatın Rusiyada mart ayında keçiriləcək prezident seçkilərinə qədər baş tutacağına inanmıram. Əksinə, hesab edirəm ki, Putin iqtidarı marta qədər Ukraynada hərbi fəaliyyətini dayandıracaq. Bu mövzunu aktuallaşdırmamağa çalışacaq.Vladimir Putin çox güman ki, seçki kampaniyası çərçivəsində Suriya məsələsindən öz xeyrinə təbliğat vasitəsi kimi istifadə edəcək. O, Rusiyanın SSRİ-dən sonra Yaxın Şərqdə itirdiyi mövqelərini geri qaytardığını və ciddi oyunçuya çevrildiyini nümayiş etdirməyə çalışacaq. Amma nə Ukraynada, nə də Suriyada seçkilərə qədər fəal hərbi hərəkətlilik gözləmirəm.Nə baş versə, seçkilərdən sonra olacaq.Böyük ehtimalla, seçkilər başa çatana qədər Putin Ukraynada status-kvonu qoruyub saxlamağa çalışacaq”.
 
 
Politoloq onu da bildirdi ki, Vladimir Putinin seçkiqabağı gedişləri daha çox daxili siyasi auditoriyaya yönələcək:
 
“Suriyadan sonra Rusiya Ukrayna məsləsi ilə daha ciddi şəkildə məşğul olmağa çalışacaq. Bununla da Kreml bir tərəfdən, Ukraynanın əl-qolunu bağlamaq, digər tərəfdən, Qərblə anlaşmaya getməklə sanksiyaların bir qisminin götürülməsinə nail olmaq istəyəcək.Fikrimcə, bunu etmək çətin olacaq.Çünki Ukrayna münaqişəsi yalnız Donbasdan ibarət deyil və ora Krım problemi də daxildir”.
 
Azər Qasımlının sözlərinə görə Putin hakimiyyətinin Ukraynaya qarşı total miqyasda müharibəyə başlaması mövcud şəraitdə ABŞ-ın və Avropa Birliyinin daha sərt reaksiyasına səbəb ola bilər. Lakin Rusiya rəhbərliyi öz davranışları ilə Qərbə qarşı etinasızlıq nümayiş etdirir:
 
“Rusiya bu nöqtəyə qədər gəlibsə, artıq geriyə çəkilmək niyyətində görünmür. Söhbət yalnız müharibə yolu ilə Donetsk və Luqansk vilayətlərini Ukraynadan qopartmaqdan getmir.Rusiya separatçı rejimlərə siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirir.Hər bir halda seçkilərə qədər status-kvonu saxlamağa çalışacaq.Ola bilsin ki, müəyyən dövrdən sonra müharibəyə qərar verilsin”.
 
Müşfiq Abdulla
 
Cebhe.info

Загрузка...
Загрузка...