“Sabiq MTN rəhbərliyi bir sıra nazirlikdən töycü yığıb” - ÖZƏL

 
 
Əyyub Kərimov: “Törədilən qanunsuzluqların üzə çıxarılması üçün ciddi addımlar atılmalıdır”
 
“Sabiq MTN rəhbərliyi tərəfindən törədilən qanunsuzluqların üzə çıxarılması üçün ciddi addımlar atılmalıdır”.


Bunu Politika.Az-a açıqlamasında tanınmış hüquqşünas Əyyub Kərimov bildirib. “MTN işi” çərçivəsində bəzi nazirliklərin adının E.Mahmudovla müəyyən əalqələrdə hallandığına diqqət çəkən hüquqşünas, sabiq nazirin bir sıra dövlət qurumlarında aylıq, illik qanunsuz pullar aldığını bildirib:
 
“E.Mahmudov və onun tabeçiliyindəki şəxslərin qanunsuz əməlləri ictimaiyyiləşəndən, bu şəxslərin işdən azad olunması və həbsi reallaşandan sonra bəzi nazirliklərin, eləcə də Rabitə və İnformasiya Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər nazirliklərin adı bu məsələdə hallanmağa başladı. Habelə məlum oldu ki, E.Mahmudovun dəstəsi ölkədəki iri müəssisə və şirkətlərdən, iş adamlarından, məmurlardan böyük vəsaitlər alıb. Şübhə yoxdur ki, əslində E.Mahmudov bir sıra nazirlikdən sözün həqiqi mənasında töycü yığıb, onları öz qanunsuz istəklərini yerinə yetirməyə vadar edib. Lakin bu gün hələlik söz olan və faktlar əsasına sübuta yetirilməyən bu iddiaları sübuta yetirmək üçün əməli addımlar atılmalıdır. Bu istiqamətdə aparılacaq obyektiv araşdırma sübut edəcək ki, E.Mahmudovun özündən asılı hala saldığı nazirliklərin sayı təxmin edildiyindən də çoxdur və onlar uzun müddət sabiq nazirin “xidmətində” dayanıb”.