Sabiq kapitandan “Neftçi” haqda ŞOK SÖZLƏR - “Narkoman, oyunsatan...”

Son günlər “Neftçi”nin düşərgəsində yaşananlar futbol ictimaiyyətini xeyli təəccübləndirdi və eyni zamanda məyus etdi. Ölkənin ən adlı-sanlı klubunun
“Qəbələ”yə 0:8 hesablı məğlubiyyəti bir neçə nəfərin işdən azad olunmasıyla nəticələndi.
 
 
Klubun düşərgəsində işlərin tərs getdiyi aydındır. "Neftçi"nin keçmiş futbolçusu və kapitanı Rail Məlikovun son müsahibəsi də bu fikirləri təsdiqləyir. Hurriyyet.org xəbər verir ki. o, klubda yaşadıqları, sabiq vitse-prezident Tahir Süleymanovla münasibətləri haqda ətraflı danışıb. Necə deyərlər, açıb sandığı, töküb pambığı...
 
 
- Keçmiş komandaların "Neftçi"ylə AZAL heç də yaxşı günlərini yaşamırlar. Bu haqda nə deyə bilərsən?
 
 
- AZAL-ın yaxşı baş məşqçisi, kollektivi var. Futbolçulara inanıram. Onlar yavaş-yavaş forma yığıb öz oyunlarını göstərəcəklər. "Neftçi" barədə isə əslində danışmaq istəmirdim. Çünki hamı bu haqda danışır. Fikrimcə, Sadıq Sadıqov və hətta Ramin Musayev "Neftçi"yə qayıtmalıdır. Komandaya onlar kimi lider rəhbər, lider futbolçular lazımdı. Lider kollektivi yığmağı bacarmalıdır. Bizim vaxtda da belə vəziyyət yaranmışdı, komanda Hans-Yurgen Gedenin dövründə dağınıq vəziyyət idi. Sadıq müəllim gəldi, lider oyunçular gətirdi, kollektivi yığdı, birlik yaratdı. "Neftçi" xalqın komandasıdır. Xalqda necə birlik varsa, "Neftçi"də də elə birlik olmalıdır. Birlik öz sözünü dedi, biz o vaxt avrokuboklarda qrupadək irəlilədik. "Neftçi"də güclü rəhbər, yaxşı məşqçi olmalıdır.
 
 
- Demək, yeni baş məşqçi Elxan Abdullayevdən də uğur gözləmirsən...
 
 
- Açıq desəm, yox. Bu gün komandanın başına gətirilən məşqçilər korpusunun "Neftçi"ni ağ günə çıxaracağına inamım yoxdur. Çünki indiki heyət işə sıfırdan başlamalı olacaq. Bu mənada düşünürəm ki, Elxan Abdullayevin ölkənin ən köklü klubunu irəli aparacağı real görünmür. Fikrimcə, "Neftçi"yə daha təcrübəli, xarizmatik mütəxəssis dəvət olunmalı idi.
 
 
- "Neftçi"də uzun müddət çıxış edən, kapitan olan Rail Məlikov hazırda komandada kimi lider olaraq görür?
 
- İndi lider yoxdu. Çünki liderin sözünə hamı qulaq asmalı, anarxiya olmamalıdı.
 
- Araz Abdullayev keçmiş komanda yoldaşı, "Qəbələ"yə transfer olunan Ruslan Qurbanovu qucaqlayıb öpdüyü fotosunu 0:8 hesablı məğlubiyyətdən sonra "instaqram"da paylaşıb...
-
Ola bilər ki, burda başqa nüanslar olub. Yaxın dostdular, qardaşdılar. Yəqin ki, o nüansa görə bunu edib.
 
 
- Səncə, bu, kapitana yaraşan hərəkətdir?
 
 
- O sualı Araza verin.
 
 
- Sən də "Neftçi"də kapitan olmusan, xidmətlərin çox olub...
 
 
- Şəxsən mən oynasaydım, belə etməzdim. Oyundan sonra keçmiş komanda yoldaşımı təbrik edərdim, amma onunla birgə şəklimi nümayişkəranə formada paylaşmazdım. Mən heç normalda rəqib komandadakı dostumu oyundan sonra qucaqlamıram. Sadəcə, təşəkkür edirəm. Hər futbolçuya "Neftçi" kimi komandanın kapitanı olmaq qismət olmur. Kapitan da gərək öz hərəkəti və davranışları ilə ona göstərilən etimadı doğrultsun. Bunlar 0:8-dən sonra belə edirlərsə, deməli, düşərgədə bizə məlum olmayan qlobal problemlər mövcuddur.
 
 
- Yəni Araz Abdullayevin hərəkəti kapitana yaraşan hərəkət deyil...
 
 
- Bunu siz görürsüz. Mən onu demirəm ki... Kapitanda liderlik keyfiyyəti lazımdır. Bizdən qabaq liderlər vardı: əvvəlcə Zaur Tağızadə, sonra Rəşad Sadıqov. Biz o insanlara baxıb nəsə öyrəndik. Tərlan Əhmədov millidə bizim üçün lider olub. Biz onun məktəbinin yetirmələriyik. Mənim üçün ən birinci məktəb Tərlan Əhmədov olub. Bu, hələ yığmadaykən belə idi. O, əsas millidə olanda biz olimpiya yığmasında çıxış edirdik. Əhmədov ac vaxtımızda avtobusu saxlatdıraraq, bizə cibindən yemək aldırıb verirdi. Onda Fuad Musayevin vaxtı idi. Mən lider keyfiyyətini Tərlan müəllimdə görmüşəm. Sonra Tağızadə, Sadıqov olub. Bu insanların kapitanlıq məktəbi olub və biz onlardan görüb-götürmüşük ki, necə böyük qardaş olmaq lazımdır. Bu planda mənim üçün ən birinci kapitan Tərlan Əhmədov idi. Hazırda isə Azərbaycan futbolçuları arasında Rəşad Sadıqov liderdir. Bu, danılmazdır. "Sumqayıt"da isə mən hələ yeniyəm, oyundan-oyuna yerimi tutacam. Hər şeyin geci-tezi var. Lider olmasa, heç bir komanda inkişaf edə bilməz.
 
 
- Bəs özün "Neftçi"də necə lider idin?
 
 
- Çıxan legionerlərdən soruşun ki, Rail Məlikov "Neftçi"də necə lider olub? Tək meydanda yox, ondan kənarda da lider olmalısan. Bunu açıqlamaq istəmirdim. Uduzanda da bütün komandanı bir yerə aparırdım. Yumruq kimi bir yerə vururduq. Bizim vaxtımızda vəziyyət fərqli idi. Kollektivdə böyük-kiçik, hörmət-izzət məsələsi ön cərgədə idi. İndi nə rəhbərlikdə, nə komandada liderliyi üzərinə götürüb, kollektivi bir amal uğrunda döyüşə apara biləcək şəxs yoxdur. Fərdi idman növlərindən fərqli, futbolda bu, vacib şərtlərdən biridir. İndi hamı elə düşünür ki, son dəyişikliklərdən sonra vəziyyət yaxşılığa doğru dəyişəcək. Yenə təkrarlayıram, mən buna inanmıram. Bir də istəmirəm ki, Tahir Süleymanov kimi klub funksionerləri ölkənin ən qocaman klubunda çalışsın. Yeni gələnlər də onun kimi çalışacaqlarsa, komanda bundan da pis günə düşəcək.
 
 
- "Neftçi"yə yeni gələnlər Elnur Eyvazov, Orxan Hüseynzadə və İslam Abbasovdur...
 
 
- Elnur Eyvazovla Orxan Hüseynzadəni tanımıram. İslam müəllimin isə təşkilatı işlərdə xidmətləri danılmazdır. Yığmadan tanıdığım şəxs kimi "Neftçi"yə xeyir verə biləcəyini düşünürəm.
 
 
- Amma ümumilikdə "Neftçi"dəki dəyişikliklərdən heç nə gözləmirsən...
-
 
 Xeyr. Konkret olaraq belədir. Açıq danışım: kluba iş bilən, futboldan anlayışı olan rəhbər gəlməlidir. Tahir Süleymanov kimi ikinci vitse-prezident gəlməməlidir. Çünki Tahir Süleymanov qayıtsa, yenə həmin vəziyyət olacaq.
 
 
- Tahir Süleymanov nə etmişdi ki?
 
 
- Orda bir-iki araqatan var idi ki, onların ucbatından "Neftçi" bu günə gəlib düşdü. Raili komandadan çıxarmaqla fikirləşirdilər ki, nəsə olacaq. Nə oldu? Bir ildən sonra komanda dağıldı. O birlik hara getdi? Birliyi yaradan insanlar vardı. Tahir Süleymanov gecə saat 2-də, 3-də kapitan kimi otağıma gəlirdi. Elmar Baxşıyev, Rəşad Abdullayev şahiddilər. Deyirdi ki, kapitan kimi komandanı yığ, sabah qalib gəlmək lazımdı. Komandanı çətin vaxtda kim yığırdı, qoy onu desin. Sonra gəldi arxadan məni bıçaqla vurdu. Ümumiyyətlə, elə insan futboldan uzaq olsa, yaxşıdır. Televizora çıxıb danışır ki, ay mən "Neftçi"də olanda belə idi, elə idi. Sən neynirdin ki "Neftçi"də olanda? Gənc futbolçuların pulunu yeyirdin, maaşları kəsməklə məşğul olan insanlardan idin. Hətta mənim də pulumu kəsmişdi.
 
 
- Necə?
 
 
- "Neftçi"də bir qayda var idi ki, zədələndinsə, komanda növbəti oyunda qələbə qazanacağı halda, sən də 100 faiz mükafat alırdın. Sonrakı oyunlarda bu məbləğ aşağı enirdi. Həmin vaxt Sadıq Sadıqov klub prezidenti deyildi. Süleymanov mənə mükafatın 50 faizini yazmışdı. Gənc futbolçulara deyirdi ki, "podyomnı"larından bir hissəsi mənimdir. "Neftçi"də onun dediyini heç kim saymırdı. O, ancaq kimdənsə pul kəsmək, kiminsə dalınca danışmaq, hakimlərlə "işləmək"lə məşğul idi. "Neftçi" məni transferə çıxaranda Tahir Süleymanov demişdi ki, Rail Məlikov üçün şlaqbaumu qaldırmayın. Amma klubun mühafizəçilərinin mənə inamı ona qoyduqları hörmətdən o qədər yüksək idi ki, içəri buraxdılar. Mən də gedib əşyalarımı götürdüm. Bu adam hər gün mətbuatda, telekanallarda yalandan özünü "Neftçi" təəssübkeşi kimi göstərib, ictimaiyyətin gözünə kül üfürməklə məşğuldur. Halbuki, işlədiyi dönəmdə onun kimi kluba ziyan vuran ikinci adam yox idi.
 
 
- Belə çıxır ki, İsrail "Hapoel"inə 0:4 hesabı ilə uduzduğunuz ilk oyundan sonra "Neftçi"dən uzaqlaşdırılmağınızın kökündə başqa səbəblər var idi?
 
 
- O, məni niyə komandadan uzaqlaşdırdı? Bilirdi ki, bütün fırıldaqlarından xəbərdaram. Min bir bəhanə uydurub, adımı narkoman, oyunsatan qoydu. Guya mən, Rauf Mehdiyev və İqor Mitreski İsrail "Hapoel"inə uduzduğumuz Çempionlar Liqası matçında oyun satmışıq. Bunlar hamısı Süleymanovun uydurması idi. Bu azmış kimi, yığmanın baş məşqçisi Berti Foqtsa da yalan danışmışdı. Xatırlayırsızsa, bir dəfə Foqtsdan "Raili niyə milliyə çağırmırsız" soruşmuşdular. O da "Onun barəsində mənə elə sözlər deyiblər ki..." söyləyib, sualdan yayınmışdı. Əslində isə Foqts mənə görə "Neftçi"nin bazasına gəlmişdi və soruşmuşdu ki, yığmanın futbolçusu niyə klubdan kənarlaşdırılıb. Görünür, barəmdə elə sözlər deyiblər ki, baş məşqçi də inanıb. Bunlar hamısı Süleymanovun fantaziyası idi. Həmin ərəfədə "Konyaspor" mənə təklif göndərmişdi. Yaxşı da müqavilə təklif edirdilər. Amma "Neftçi"də yalandan onlara demişdilər ki, Rail narkomandı, oyunsatandı. "Konyaspor"dan mənimlə əlaqə saxlayıb, bu sözləri onlara vitse-prezidentin dediyini bildirmişdilər. Buna baxmayaraq, yenə düşərgəyə gəlməyimi istəyirdilər. Amma mən onlara "gəlib qan analizi verə bilərəm, ancaq müqavilə bağlamayacam" deyib, təklifi geri çevirmişdim. Bu insan "Dənizlispor"a keçidimə də mane olmaq istəyirdi.
 
 
Bəs bu necə baş vermişdi?
 
- Transfer vərəqəmi alıb Dənizliyə yollanmışdım. Orda baxıb dedilər ki, bu saxta sənəddir. Təsəvvür edirsiz, "Neftçi"nin vitse-prezidenti mənə saxta sənəd verib, Türkiyəyə yola salıb. Ordan Güloğlan Cabbarova zəng vurub vəziyyəti izah etdim. Cabbarov bu işə əl qoyandan sonra Tahir əsl sənədi verməyə razı oldu. Ancaq şərt qoydu ki, klubda yaşananlar haqda heç yerdə, heç nə danışmayacam. Yəni futbolçulardan pul qazandığını deməyəcəm. Ondan danışsınlar ki, mən "Dənizlispor"da oynayanda qabağımızı necə alırdılar. Kluba zəng elətdirib oynamamağımı istəyirdilər. Rəhbərliyə deyirdilər ki, Rail narkomandı, oyun satandı... Ancaq "Dənizlispor"un rəhbərliyi bu sözlərə önəm vermədi, mənə inandı və hətta vitse-kapitan seçdi. Mən də öz oyunumla Azərbaycanın adını qaldırmağa çalışdım, etimadları doğrultdum. Batmadım, qaldım.
 
 
- Sadaladıqların ciddi ittihamlardı və araşdırılmaya ehtiyacı var...
 
 
- Təkcə məni yox, "Neftçi"dən çıxan futbolçuların hamısını sildirmək istəyirdilər. Bunlar Tahir kimi "rəhbərlər" idi. Elmar Baxşıyevlə Rəşad Abdullayev "Neftçi"dən gedəndə istəmirdilər ki, başqa klublar onları götürsün. Elə bilirdilər ki, təkcə "Neftçi"də kiminsə hesabına oynaya bilərik. Ancaq elə olmadı. Getdim Türkiyədə bir il Azərbaycanı şərəflə təmsil etdim. Sonda vətənə qayıdıb "Qəbələ"də oynadım. Oynasan, insana hər bir komandada yer var. Amma narkomana yer yoxdur. Göründü ki, kim kimdir. Onlar özlərini futbol adamları sayırlar, ancaq neçə futbolçunun qabağını belə kəsirlər. Ona görə də xaricdə oynaya bilmirik. Yerli futboçuların xaricdə çox oynamalarını istəyiriksə, onların arxasında durmaq lazımdır. Hər şeyin geci-tezi var. İndi özü də kənarda oturub. Təkcə o yox, vaxtilə "Neftçi"də mənəm-mənəm deyənlərin hamısı indi futbol aləmində yoxdur.
 
 
- Yadımdadı, çempionluqların birində sən kapitan kimi kuboku Sadıq Sadıqova verdin, baş məşqçiyə yox. Bu da söz-söhbətə səbəb oldu...
 
 
 
- Tahir Süleymanovun özü dedi ki, kuboku apar ver Sadıq müəlimə. Qoy, özü desin. Onda baş məşqçimiz Arif Əsədov idi. Yaxşı məşqçidi, çox köməkliyi dəydi. Zaman-zaman onunla aramız dəysə də, 3-4 yaxşı baş məşqçidən biri idi. Sadıq müəllimin isə uğurda böyük rolu var idi. Sözsüz ki, biz özümüz aparıb kuboku verəcəkdik. Elə oldu, Tahir müəlim dedi ki, kuboku aparın verin prezidentə. Arif müəllimin böyük rolunu gizlətmək düzgün deyil.
 
 
- Bəlkə sən halallaşmamış getdiyin üçün "Dənizlispor"a keçidinə maneçilik törədirdilər?
 
 
- Mənim rəhbərim Sadıq müəlim idi. Gedəndə onunla halallaşdım, indiyədək əlaqəm var. O, böyüyüm olub. Sadıq müəllim ürəyi təmiz adamdı, onun beynini doldurublar. Kim ki mənə qarşı pis olubsa, ömrü boyu onların halallığını verməmişəm. Allahdan qorxmurlarsa, ömürlərinin axırınadək haramçılıqla məşğul olacaqlar. Xahiş edirəm, bunların hamısını yazın. Tahir Süleymanova isə sizin vasitənizlə öpücüklər göndərirəm... /Futbol+/