Sabiq hakimin cəzası azaldılmadı

Gəncə Apellaysiya Məhkəməsində dələduzluq və rüşvətxorluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyev və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Turaninfo.az Lent.az-ın məlumatına istinadən , məhkəmə şikayəti təmin etməyib. Birinci instansiya məhkəməsinin hokmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki,  Rusiyadan gələn iş adamı Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova üz tutub. E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. H. Əliyev R.Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb və E. Məmmədov həbs olunub. Daha sonra məlum olub ki, Taleh Süleymanov adlı şəxs də cinayətdə iştirak edib və o da həbs edilib.
İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər, Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib. Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Məmmədov 8 il, Taleh Süleymanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Həsən Əliyev isə 7 il cəzaya məhkum olunub. Zamində olan H. Əliyev məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının azaldılmasını istəyiblər.