Sabah Nərgizin vəfatından 1 il ötür – ƏZİZLƏRİ GÖZ YAŞLARI İÇİNDƏ “HÜRRİYYƏT”Ə DANIŞDI

Aprelin 23 də mərhum jurnalist Nərgiz Yaqublunun vəfatından bir il keçir.
Nərgiz bir il öncə Rusiyanın Tomsk şəhərindəki xəstəxanada mualicə olunarkən faciəli şəkildə dünyadan köçmüşdür.
Belə ki, N.Yaqublu ölümündən bir həftə əvvəl övladını dünyaya gətirsə də, həkimlər Nərgizin həyatını xilas edə bilməmişdi. Nərgizin vaxtsız vəfatı, onun faciəli ölümü hər-kəsi dəhşətə gətirmişdi...
Əslində Nərgiz haqqında yazmaq istəyimiz, sağlığında onun vətənpərvər, öz millətinə bağlı olmasından irəli gəlir. Belə bir deyim var: “İnsanın vətəninə sevgisi onun qanından gəlir”. Bu deyim indi tam yerinə düşür. Çünki Nərgizin atası Tofiq bəy də öz xalqına, millətinə, bağlı bir insandır. O baxımdan Nərgizin vətənpərvər ruhda böyüməsi heçdə təsadüfü deyildi. Elə bu məqsədlə də Yaqublular ailəsinin qonağı olduq və ilk olaraq mərhum jurnalistin atası Tofiq Yaqublu ilə həmsöhbət olduq. O, Nərgiz barədə fikirlərini söyləyərkən, doluxsunurdu. Danışdıqca gözləri yaşaran ata ilk olaraq onu dedi ki, qızının vaxtsız vəfatı ilə barışmır:
“Azadlığa çıxsam da, Nərgizsiz ömürlük məhbəs həyatı yaşayıram”
“Mən bir ata kimi, Nərgizimlə qürur duyuram. Onun itkisi dəhşətli bir şey idi. Hələ də Nərgizin vaxtsız vəfatıyla barışa bilmirəm. Nərgizə görə mənim azadlığımın dadı da qaçıb. Yəni azadlığa çıxsam da, Nərgizsiz sanki əzab içində ömürlük məhbəs həyatı yaşayıram. Nərgiz mənim həyatım, isti nəfəsim, hər-şeyim idi. Onsuz həyat yoxdur mənə. Biri var, mən azadlığa çıxım, orda Nərgizim var, biri də var ki, mən azadlıqda Nərgizsiz ömür yaşayım. Bu mənim üçün bir faciədir. Necə də dəhşətdir, mənə çox çətindir. Belə faciəni sözlə ifadə etmək nə qədər çətin olsa da, o faciəni canlı yaşamaq, daha dəhşətlidir. Nərgizim çox vətənpərvər qız idi, onun vaxtsız vəfatına görə təəssüf hissi keçirirəm və onun itkisi barədə söz tapıb deyə bilmirəm”.
“Nərgiz uşaq vaxtından meydanlarda böyüyüb”
Nərgizin anası Maya xanım da bizimlə qızı barədə kədərli təəssüratlarını göz yaşı içində bölüşdü: “Nərgiz ailəmizin gülü idi. O, çox mehriban, ailədə həmişə deyib-gülən qız idi. Heç kimi qoymazdı ki, kefsiz dursun. Nərgizimin vaxtsız ölümü olduqca dəhşətli idi. Onun ölümünə hələ də inana bilmirəm. Mən bir ana kimi istəməzdim ki, heç kəs bala dağı görsün.
Nərgiz həm mənim qızım, dostum, həm də rəfiqəm idi. Eləcə də bacısı Nigarla. Nərgiz uşaq vaxtından meydanlarda böyüyüb, onun əlindən tutub mitinqlərə aparırdıq. O da atası kimi demokrat insan idi, heç-vaxt haqsızlığı qəbul etməyib. Əlbəttə ki, belə də olmalı idi. Çünki o, Tofiq bəyin qızı idi. Hətta mən ona dəfələrlə deyirdim ki, Nərgiz, çox dərinliklərə gedirsən, bu qədər yetər, sənə zərər gələr və s. O deyirdi ki, “ana mən insanlara olunan haqsızlığı qəbul etmirəm, ona görə də yazmağa məcburam. Bu mənim canımdadır və heç vaxt kimsə məni mübarizəmdən uzaqlaşdıra bilməz”.
Məlum məsələ idi ki, Tofiq bəyin qızı elə onun kimi də siyasətçi, demokratik fikirli, öz sözünü meydanlarda deyən, vətən uğrunda döyüşənlərdən biri olacaqdı”.
“Kənan Nərgizimin yeganə nişanəsidir”
Maya xanımdan Nərgizin övladı Kənanın vətənə qonaq gəlməsi haqda da söhbət etdik. Dedi ki, Kənanı Nərgisiz qarşılamaq, onsuz təsəvvür etmək çox çətindir: “Nərgizimin yadigarı bizdədir. O, nənəsi və bibisi ilə qonaq gəlib, atası da sabah (bu gün – red.) gələcək. Düzünü deyim ki, Kənanın gəlişini səbrsizliklə gözləyirdik. Lakin onun sənədləri qaydasında olmadığından, gəlişi təxirə düşmüşdü. Amma axşam bizə zəng vurub “Kənan artıq Bakıdadır “dedilər. Çox sevindik və sevincimizdən həm də ağlayırdıq.
Kənanı Nərgizsiz görmək, təsəvvür etmək dəhşətli bir şey idi ki, o faciəni də, Nərgizin itkisindən sonra ikinci dəfə Kənanın gəlişində həyatımızda yaşadıq. Onun gəlişini Nərgizsiz təsəvür etmək olmurdu. Mənim arzum o idi ki, nə vaxtsa Nərgizim övladıyla bərabər, onun əlindən tutub ata evinə gəlsin, amma hər şey əksinə oldu, balam anasız, Nərgizsiz gəldi. Necə də dəhşət idi ilahi, sanki bir yuxu idi...
Kənan, Nərgizimin bir parçasıdır, yeganə nişanəsidir, Kənan, Nərgizin bizə qoyub getdiyi əmanətidir. O əmanəti göz bəbəyimiz kimi qoruyub saxlayacağıq. Onu analı uşalardan da daha yaxşı böyüdəcəyik. Amma ən dəhşətlisi ağlı kəsib “anam hara gedib, niyə qayıtmır?” deyəndə olacaq.
Yenə də o, bizim təsəllimizdir. Nə yaxşı ki, Kənanım var, Nərgizimin qoxusunu, Kənandan alıram. Çox istərdim ki, Kənan bizimlə qalsın, onu mən saxlayım, ondan az da olsa təsəlli alım. Amma onu da istəməzdim ki, balaca balam atasından ayrı düşsün, bu gün o anasız qalsa da, atasız qalmasın. Heç ona Nərgiz də razı olmazdı. Çünki Nərgiz yoldaşını çox sevirdi və balaca Kənanı da məhz yoldaşına etibar edərdi”.
Maya xanım deyir ki, bəzən Nərgizin məzarını gün ərzində iki dəfə ziyarət edir: “Nərgizimin itkisi ilə hələ də barışa bilmirik. Onun qəbrini hər-gün ziyarət edirik. Hətta elə gün olur ki, iki dəfə ziyarət edirik. Atası Nərgizin baş daşını hər gün qucaqlayır və beləcə özünü Nərgizi qucaqlamış təsəvvür edir.
Nərgiz yoldaşına demişdi ki, atam məhbəsdən çıxanda mütləq məni apar atamı görüm, baxmayaraq ki, hamiləydi. Atasının azadlığa çıxmasını səbrsizliklə gözləyirdi. Amma ən dəhşətlisi o oldu ki, atası gəlib çıxdı, Nərgizim əbədi gəlmədi. O, atasını görə bilmədi. Sanki “ata” deyib həyatdan köçdü.
Nərgiz bizim həyatımıza sanki bir quş kimi uçub gəlmişdi və quş kimi də uçub həmişəlik getdi. Hər an onun gəlişini gözləyirəm, çünki yoxluğuna inana bilmirəm. Hər qapı döyüləndə - Nərgizimdir - deyib qapıya qaçıram. Bir ana kimi çox əzab çəkirəm, həyatdan köçüb, Nərgizimə qovuşmağımı istəyirəm. Allah heç bir ananı, övladıyla sınağa çəkməsin”.
“Elə bilirəm ki, Nərgiz həyatdadır...”
Nərgizin bacısı Nigar da aradan bir il keçsə də onun itkisiylə barışmadığını, hələ də Nərgizin gəlişini gözlədiyini dilə gətirərək, göz yaşlarını saxlaya bilmədi: “Mən Nərgizin itkisini təsəvvür edə bilmirəm. Hələ də “Nərgizi itirdik” sözü mənə yaddır, o kəlməyə alışa bilmirəm. Elə bilirəm ki, Nərgiz həyatdadır və nə vaxtsa bizə, ailəsinə, Kənanına qayıdacaq. “Nərgizi itirdik” sözünü çalışıram ki, özümdən uzaq edim. Amma təəssüf ki, reallıq çox zaman acımasız olur.
Əslində Nərgizi itirdiyimiz gündən mənim başım qarışıb həbsxanaya, atamın yanına gedib-gəlməyə və ev qayğılarına. Bir il müddətində həbsxanaya gedib-gəlmək çox yorucu idi. Hər dəfə necə yorulurdumsa, yorğunluğum çıxmamış, növbəti həftəyə hazırlıqlar başlayırdı və beləcə mənim bir ilim həbsxanaya gedib-gəlməklə keçdi. Bəlkə belə olmasaydı, mən ümumiyyətlə Nərgizsiz qalmağa, onun səsini eşitməməyə dözə bilməzdim.
Sösüz ki, söylədiklərim mənim fikrimi o acı hadisədən yayındırmır. Sadəcə o fikirlərdən insanı biraz uzaqlaşdırır və məişət problemlərinə, qayğılarına yönəldir. Bəlkə də bu çətinliklər olmasaydı, mənim bütün fikirlərim Nərgizin itkisinə köklənərdi və nələr olacağını təsəvvür edə bilməzdim.
Reallıq olan odur ki, Nərgizdən sonra çox şey mənasını itirdi, hər şey maraqsız oldu. Düzdür, Nərgizin itkisinə qədər çox acılar yaşamışıq, çox sınaqlardan çıxmışıq, çətinliklər görmüşük, amma Nərgizin faciəsi onları bizə tamam unutdurdu. Həmişə elə bilirdik ki, ən böyük dərdimiz atanın həbsidir. Ancaq, sən demə, Nərgizin itkisi ondan da dəhşətli olacaqmış. Sözsüz, onlar müvvəqqəti problem idi, gəlib-keçdi, amma Nərgizi həmişəlik itirdik”.
“Kənanı anasız, Nərgizsiz görmək dəhşət idi”
Nigar xanım Nırgizin övladı Kənanın gəlişindən də söhbət açdı: “Kənanın gəlişini səbirsizliklə gözləyirdik. O, Nərgizmizin yadigarı və bir parçasıdır. Açıqın deyim ki, əslində Kənanın gəlişi bizi nə qədər sevindirdisə də, bir o qədər də kədərləndirdi. Çünki Kənanı anasız, Nərgizsiz görmək dəhşət idi. Biz Kənanın gəlişini Nərgizsiz təsəvvür edə bilmirdik. Onun gəlişini ayrı cür təsəvvür etmişdik: Kənan doğulacaq, Nərgizlə bərabər Bakıya gələcək, o vaxta qədər babası azadlıqa çıxacaq və s. Biz və Nərgiz özü o xəyallarla yaşayırdıq, lakin təəssüf olsun ki, hər şey biz istədiyimiz kimi olmur”.