Sabah İlqar Məmmədov azadlığa buraxıla bilər

REAL sədri əşyaları ilə birlikdə Şəkiyə aparılıb; Azadlıqda olmasına baxmayaraq, Tofiq Yaqublu da prosesdə iştirak edəcək
Vəfa Məmmədova: “...İlqar Məmmədov azadlığa buraxılacaq”
Tofiq Yaqublu: “İlqar bəyin bu məhkəmədə azad edilməsi ümidləri var”
Həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun nəhayət məhkəmə günü bəlli olub. Aprelin 22-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində hərəkat sədrinin prosesi olacaq. Onunla eyni maddə üzrə həbs olunan, ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edəcək.
Belə ki, başqan müavini məhkəməyə çağırılıb. Bu barədə ona aprelin 20-də xəbər verilib. Azadlıqda olan bir şəxsin nədən məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunması müəmmalıdır.
Artıq REAL sədri məhkəmədə iştirakdan imtina etməsinə baxmayaraq, xüsusi etapla Şəkiyə aparılıb. Onun əşyaları da özü ilə bərabər götürülüb. Bu, onun azadlığa çıxacağına olan ümidləri artırıb.
Qeyd edək ki, bu ayın əvvələrindən başlayaraq, Məmmədovun aprelin sonlarında məhkəməsinin olacağı və onun azadlığa buraxılacağı barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu barədə açıqlama verərək, REAL sədrinin azadlığının anonsunu vermişdi.
Sabah keçiriləcək məhkəmə prosesi ilə bağlı “Yeni Müsavat”a danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərləri təsdiqlədi: “Doğrudur, İlqar artıq xüsusi etapla Şəkiyə aparılıb. Əşyaları da özü ilə götürülüb. Açığı inanmırdıq, amma göründüyü kimi, məhkəmə prosesi təyin olundu. Tələsik məhkəmə prosesinin təyin olunduğunu demək düzgün deyil. Çünki çoxdan gözlənilirdi. Nə gözlədiyimizi bilmirik. Prosesdə nələrin olacağını deyə bilmərəm. Xəbərlərdə qeyd olunurdu ki, aprelin sonları İlqar Məmmədov azadlığa buraxılacaq. Xəbərlərin nə dərəcədə doğru olduğunu məhkəmədə görəcəyik. Sadəcə səbirli olmaq lazımdır. Özü ilə aprelin 20-də danışmışıq. Məhkəmənin keçiriləcəyindən xəbərsiz idi. Ona ilk xəbəri mən verdim. Şəkiyə aparılacağı barədə də xəbərsiz idi. Yəqin ki, bizimlə danışdıqdan sonra Şəkiyə aparılıb”.
İ.Məmmədovun vəkili Fuad Ağayev bunları dedi: “Məhkəməyə çox vaxt qalmayıb. Aprelin 22-də məhkəmə baxışı olacaq. Onun Şəkiyə aparılması, əşyalarının özü ilə götürülməsi doğrudur”.
REAL sədri ilə eyni məhkəmə prosesi olacaq Tofiq Yaqublu iştirakının vacib olduğunu söylədi: “Anormal vəziyyət yaranıb. Hüquq da anlaşılmazlıq yaranıb. Bir neçə vəkillə danışmışam. Onların fikirləri də haçalanıb. Tutaq ki, Şəki Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı, yaxud cəzanı artırdı. O zaman nə olacaq? Bir yandan əfv sərəncamı, digər tərəfdən də məhkəmə gedir. İlqar Məmmədov və mənə niyə məhkəmə qurulmalıdır? Heç bir günahı olmayan şəxsləri həbsə atmaq nə demək? İlqar bəyin bu məhkəmədə azad edilməsi ümidləri var. Çünki məhkəmə qəfil təyin olundu. Prosesə bir sutka qalmış mənə xəbər verirlər ki məhkəmədir. Belə hal olar? Vəkillə danışmalıyıq, prosesə hazırlaşmalıyıq. Əvvəldən bildiriş göndərilməli idi. Sırf Azərbaycan praktikasıdır. Məhkəmədə iştirak edəcəm. Həbsdə olarkən bu instansiyada iştirakdan imtina ərizəsi yazmışdım. Həbsxana şəraitində yol gedib-gəlmək əziyyətli idi. O zaman ərizəmdən imtina edilmişdi ki, iştirakım olmadan proses keçirilə bilməz. O zaman çox narahat idim. Çünki qatarla məhkəməyə getmək çətin idi. Amma indi rahatam, çünki azadlıqdayam. Məhkəmədə nə deyəcəklər, mənə maraqlıdır. Məndə olan məlumata görə, aprelin 21-də İlqar bəyi Şəkiyə aparıblar. Hətta onun əşyalarını da aparıblar. Bu onun məhkəmədən azad edilmə ehtimallarını yüksəldir. Bununla bağlı digər ehtimal da ondan ibarətdir ki, məhkəmənin açılışı ola bilər və proses yenə təxirə salınar, İlqar bəy də Şəki İstintaq Təcridxanasında saxlanılar”.
Xatırladaq ki, İ.Məmmədovla  T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov  7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.