Saakaşvili: "Ölkə rəhbərlərini qorxutmaq və onların üzərində şəxsi üstünlük Putinin əsas fəndidir"

 
Amerika milli-ictimai radiosunun əməkdaşı Devid Qrin Tramp dövründə Qərbin Vladimir Putinlə münasibətləri haqda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşavili ilə söhbətləşib.
 
 
 
– Növbəti qonağımız yetərincə uzun müddət ərzində Vladimir Putini diqqətlə izləyə bilib. Hətta bir dəfə onunla müharibəyə də girişib. Bu, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidir. Rusiya liderini, həmçinin Putinlə Donald Trampın mümkün qarşılıqlı fəaliyyətini daha yaxşı anlamaq üçün ona müraciət etdik. Saakaşvili Putinlə ilk dəfə 2004-cü ildə Gürcüstanda hakimiyyətə gələrkən üzləşib. O deyir ki, rusiyalı həmkarı ona bir məsləhət verib.
 
– Lap əvvəldən onun mənə dediyi ilk söz bu idi ki, Birləşmiş Ştatların qabağında yaltaqlananları çox da yüksək qiymətləndirmir.
 
– Məlumdur ki, Saakaşvili Gürcüstanı ABŞ-la yaxınlaşdırıb. Gürcüstan hətta NATO-ya daxil olmağa ərizə verib ki, bu da Putini əməli-başlı hövsələdən çıxarıb. Saakaşvilinin sözlərinə görə, 2008-ci ildə Rusiya tankları Gürcüstan sərhədinin yanına toplaşıb, o da kömək üçün Birləşmiş Ştatlara müraciət edib.
 
– Biz onlara dedik: qulaq asın, onun tankları döyüş hazırlığı vəziyyətindədir və ümumiyytlə, lütfən, nəsə edin. Onlar bizimlə təzədən əlaqəyə girdi və dedilər: xeyr, xeyr, düşünmürük ki, bu, ciddi məsələdir. Düşünmürük ki, nəsə baş verəcək. Bir neçə saatdan sonra isə bütün bunlar başlananda bu tanklar eynilə bizim xəbərdarlıq etdiyimiz kimi üstümüzə gəldi.
 
– Rusiya cəzalandırmaq qəsdilə qəfil müdaxilə həyata keşirdi. Saakaşvili deyir ki, bundan sonra Putinin növbəti qurbanının Krım yarımadası olduğu onu təəccübləndirməyib.
 
– Qərbdəki adamlar düşünürdülər ki, bilirsiniz, biz, sadəcə, sayıqlayırıq. Bütün bunları ancaq ona görə deyirik ki, qəzəbliyik. Lakin Krım hadisəsi baş verəndə Qərbin ukraynalıların ünvanına reaksiyası bu cür idi: heç bir tədbir görməyin. Bundan sonra onları qızışdırmayın. Heç bir cüzi hərəkət olmaz. Ona görə də ilhaq praktik olaraq bircə atəş açılmadan baş verdi.
 
– Saakaşvili sözü birbaşa deməyi ilə ad çıxardıb. Tənqidçilər onu “qəribə adam” adlandırırlar. O, tünd söz işlətməyi bacarır və bu müsahibədə də ifadələrdən çəkinmir. Onun sözlərinə görə, Putin xarici siyasət taktikasında hesab edildiyindən daha ardıcıldır.
 
-Yəqin ki, o, rasional xasiyyətli adamdır. Yəni bəzən özünü dəli kimi göstərə bilər, lakin hətta onun dəliliyi də tamamilə dərrakəlidir. Çünki o, dəli rolunu oynayanda demək istəyir: yaxşısı budur, mənə ilişməyin, çünki mən bir az o cürəm.
 
– Demək istəyirsiniz ki, onun dəliliyi xalis hesablanmış addımdır?
 
– Bəli. Onu bu fakt ruhlandırır ki, adamlar onun dediklərinə sanki inanırlar. Sonra fəaliyyətə keçir.
 
– Onda Qərb indi necə hərəkət etməlidir? Mən Baltik ölkələrinin hamısını nəzərdə tuturam: Latviya, Litva, Estoniya. NATO üzvü bu ölkələr Rusiyanın birbaşa sərhədindədir. Yəni Estoniya tərəfinin iddia etdiyi kimi, Rusiya eston casusu tutmaq üçün birbaşa sərhədi keçdiyi hallar olub. Bu mənada Putin nə etməyə hazırlaşır? O, sanki Qərbin bərklik reaksiyasını yoxlayır? Onun bu cür ölkələrə münasibətdə hansısa planları var?
 
– Bəli. Unutmayın ki, onun son hədəfi Birləşmiş Ştatlardır.
 
– O, Birləşmiş Ştatlara ziyan vurmaq istəyir?
 
– Onu ilk dəfə gördüyüm gün anladım ki, bu oğlan ancaq buna hazırlaşır ki, ABŞ-ın soyuq müharibə dövründən sonrakı bütün uğurlarını heçə çıxartmağa cəhd etsin. Məsələn, prezident Obama Ukraynadan sonra dedi ki, hə də, ruslar orada hərc-mərclik törədiblər, lakin nəhayətdə, Rusiya bölgə dövlətidir. Onlar əslində daha haradasa xüsusi problem yaratmır, çünki sadəcə, öz bölgələrindən kənara çıxmırlar. Putin bu sözlərdən dərhal sonra Suriyaya yollandı. Və bu, bir çox baxımdan amerikalıların onun sadəcə bölgəsəl dövlət olduğu haqda sözlərinə reaksiya idi. Putin sübut etmək istəyir ki, amerikalıların artıq qərarlaşdığı Balkanlarda Rusiyanın varlığı özlüyündə çox ciddi ola bilər. Və Baltika ölkələri ilə də eyni ssenaridir.
 
– Siz deyirsiniz ki, Putin risklərin dəyərləndirilməsi üzrə ekspertdir. 
 
– Əlbəttə.
 
– Doğrudan düşünürsünüz ki, hansı cavabın gələcəyini bilə-bilə NATO-ya daxil olan ölkəyə hücum edə bilər? Həqiqətənmi, o, Qərblə daha irimiqyaslı münaqişə açmaq riskinə hazırdır?
 
– Tammilə haqlısınız – düşünsə ki, ardınca ciddi reaksiya gələcək. Amma Qərbin cavabının o qədər də əhəmiyyətli olmayacağını fikirləşsə, əlbəttə, şansını əldən buraxmayacaq.
 
– Çox şey onun Donald Trampla münasibətlərindən asılı ola bilər. Və icazə verin, bu mövzuya keçək, çünki Trampın güman etdiyi kimi, Vladimir Putinlə dialoqu qaydaya sala və ona eyham vura bilsə ki, hər hansı NATO ölkəsinə hücum zamanı ABŞ uyğun şəkildə reaksiya verməkdə gecikməyəcək – bu yetərmi ki, Putin desin: risk həqiqətən böyükdür. Mən bunu etməyəcəyəm.
 
– Düşünmürəm ki, Tramp kiməsə, xüsusən də Putinə onun üzərində rəhbərlik etməyə imkan verəcək. Xarici ölkə rəhbərlərini qorxutmaq və onların üzərində şəxsi üstünlük Putinin əsas fəndləridir. Bu, onun adi tələsidir. Düşünmürəm ki, Trampla bu nömrə keçər.
 
– Görünür, nikbinliklə hesab edirsiniz ki, Donald Tramp Putuinin qabağını ala bilər.
 
– Hələlik bunu demək tezdir. Dövlət katibinin kimliyindən asılı olacaq. Prezidentin xarici siyasətə hansı diqqəti ayıracağından.
 
– Putinlə şəxsi toqquşmalarınız haqda soruşmaq istəyirəm. O, nə vaxtsa bildirib ki, – hətta bilmirəm ki, abırlı şəkildə necə deyim – sizi intim orqanınızdan asmalarını istəyərdi.
 
– Bəli. O, camaat içində vəd edib ki, məni öz xayalarımdan asacaq. Bəli. O, bu cür danışmağın həvəskarıdır və ən yaxşısı onu sözdə yaxalamaqdır. Amma güman edirəm ki, bütün bu müddət ərzində onun daha vacib digər şeyləri olub…
 
– Ümumiyyətlə, Putini bu cür qızğın erkək kimi qəbul edirlər. Donald Trampın onunla bu cür söz atışmasına girmək riski varmı?
 
– Onun Obama ilə də şəxsi planda problemləri var idi və düşünürəm ki, Donald Tramp tam başqa bir adamdır. Məncə, o, çox güclü şəxsiyyətdir. Bütün bunlar əvvəlki kimi gözlənilməzdir – yüksək dərəcədə gözlənilməzdir. Mən bilmirəm ki, onun bu bölgədəki xarici siyasəti dəqiq nəyi ifadə edə bilər. Amma sözsüz ki, o olduqca xırdaçıdır və nəticələri sevir. Həm də düşünmürəm ki, bu cür asanlıqla təslim olacaq.
 
– Cənab Saakaşvili, sizinlə söhbətləşmək xoş idi. Çox sağ olun ki, bizə vaxt ayırdınız.
 
– Zəngə görə sağ olun. Hələlik.
 
– Bu, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili idi. O, bizimlə Ukraynadan Skype-la söhbət edirdi. 
Tərcümə Strateq.az-ındır.