​Saakaşvili Gürcüstana görə Ukraynadan üzr istədi - Video

 
Gürcüstan nümayəndə heyətinin Rusiyaya qarşı sanksiyalarla bağlı qətnaməyə səs verməyərək, Ukraynanı dəstəkləməməsi utancdır.
 
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
 
O, bildirib ki, bütün bunlar gürcü xalqının mövqeyini əks etdirmir:
 
“Biz anlamalıyıq ki, hazırda Gürcüstanda nə baş verir. Gürcüstanı “Qazprom”un böyük səhmdarlarından biri olan İvanişvili idarə edir. Mən tamamilə əminəm ki, Ukraynaya qarşı bu utancverici hərəkət Gürcüstan cəmiyyətinin mövqeyini əks etdirmir. İndiyə qədər bir nəfər də gürcü görməmişəm ki, Ukraynanın əleyhdarı olsun. Yüzlərlə gürcü  könüllü hazırda Ukraynada döyüşür. Ukrayna yeganə ölkədir ki, buraya Gürcüstandan daha çox könüllü gəlib. Bu, gürcülərin Ukraynaya qarşı mövqeyini nümayiş etdirir. Amma məhz hökumət onlara qarşı öz vətənlərində cinayət işi qaldırıb. Onlardan çoxu öz ölkələrinə sadəcə Ukrayna uğrunda savaşdıqlarına görə dönə bilmirlər. Gürcüstandakı situasiya Yanukoviçin rəhbərlik etdiyi Ukraynaya bənzəyir. Yanukoviç kimi İvanişvili də çox dayana bilməyəcək”.
 
Qeyd edək ki, bundan öncə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Ukrayna Rusiyaya qarşı sanksiyaların tətbiqi haqqında qətnamə irəli sürüb. Rəsmi Kiyevin bu addımı Gürcüstan nümayəndə heyəti tərəfindən dəstəklənməyib. Tiflisin bu addımı həm Ukrayna, həm də Gürcüstanda böyük reaksiyaya səbəb olub.