​Saakaşvili gücləndi: Tiflisdə vəziyyət gərginləşir

 
Parlament seçkiləri başa çatmadan Gürcüstanda xeyli ekstentlər baş verə bilər.
 
Bu sözləri Axar.az-a Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Gürcüstanda 2012-2016-cı il parlament seçkilərinin müqayisəli təhlilini aparıb:
 
“2012-ci ilin parlament seçkilərində Saakaşvilinin partiyasında bir arxayınlıq var idi. Gürcü Arzusu bloku isə təxminən 12-yə yaxın partiyanı öz sıralarında birləşdirdi. Milyarder Bidzina İvanişvilinin 5 milyardlıq dollarını əldə əsas tutan partiyalar oliqarxın maddi dəstəyi hesabına güclü sosial siyasət və əhalinin maddi rifahının yüksələcəyinə yönəlik tədbirlər vədi ilə 74 faiz səslə Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası üzərində qələbə çaldılar. Ancaq son dövrlər Gürcü Arzusunun sıralarında ciddi sarsıntılar var, İvanişvili sərvətinin cüzi hissəsini sosial istiqamətə yönəltdi, verdiyi vədlərin böyük hissəsini yerinə yetirmədi, nəticədə partiyalardan 4-ü bloku tərk etdi. Bu dövrdə həm də Saakaşvilinin keçirdiyi tədbirlərin əhəmiyyəti əhalinin gözündə açıq surətdə nəzərə çarpmağa başladı. Bu seçkidə Gürcü Arzusu blokuna cəmi 7 partiya daxil idi. Üstəlik, Saakaşvilinin partiyası təxminən 200 minlik mitinqlə güclü elektorat qazandığını nümayiş etdirdi.
 
Hazırkı səs göstəriciləri kifayət qədər mübahisəlidir. Düzdür, bəzi majoritar dairələrdə hələ seçkilərin nəticələri tam elan olunmayıb, ancaq rəsmi nəticəyə görə, Vahid Milli Hərəkat Partiyası 27 faizdən bir qədər çox səs toplayıb. Bu da onu göstərir ki, Saakaşvilinin Gürcü Arzusu blokunu devirmək imkanı yoxdur.
 
Buna baxmayaraq, VMHP-dan ən azı, 50 deputatın parlamentdə təmsil olunacağı ehtimal edilir. 2012-ci ildə bu partiyadan cəmi 32 deputat var idi. Gürcü Arzusu blokunun isə hazırda 92 deputatı var. Bəziləri deputatların sayının 100-ə çatacağını deyir. Majoritar dairədən 8 deputatla bağlı nəticələr hələ müəyyənləşməsə də, qüvvələr nisbəti Gürcü Arzusunun xeyrinə olsa da, deputat mandatından heç olmasa, 4 yeri Saakaşvilinin partiyası uda bilər. Çünki hazırda ölkədə qarşıdurma hiss edilir, seçkinin nəticələri ilə bağlı ciddi polemika və diskussiyalar gedir, bəzi saxtakarlıqlar üzə çıxıb”.
 
2016-ci ilin parlament seçkilərinin nəticələrinin Gürcüstanın siyasi vəziyyətinə təsirinə gəlincə, politoloqun sözlərinə görə, bundan sonra parlamentin işi əvvəlkitək rəvan getməyəcək:
 
“Seçkilərdən sonra Gürcüstanın siyasi vəziyyəti bir müddət təlatümlü olacaq. Ölkədə vətəndaş qarşıdurması dərinləşə bilər. Parlamentdə qərarların qəbulu zamanı ciddi fikir ayrılıqları qaçılmaz olacaq. Çünki müxalifətin mövqeyi getdikcə güclənir”.
 
Q.Hüseynli bildirib ki, parlament seçkilərindən sonra Gürcüstanın daxili və xarici siyasətində ciddi kardinal dəyişikliklər gözlənilmir:
 
“Hesab edirəm ki, Qərblə yanaşı, Rusiyaya meyillik artacaq. Ancaq Gürcüstan  Qərbə inteqrasiya xəttindən açıq imtina edə bilməz. Bu, demək olar ki, qeyri-mümkündür. Azərbaycanla münasibətlərdə səmimilik dərəcəsi Saakaşvili dövründəki səviyyədə olmayacaq. Çünki hazırkı qüvvələr çox ciddi manevrlər edirlər, Azərbaycanın qaz və neft siyasəti ilə bağlı məsələlərdə ikili mövqe tuturlar”.
 
Saakaşvilinin partiyasının Gürcüstandakı proseslərə təsirinin xeyli artdığını deyən politoloq parlament seçkiləri başa çatmadan ölkədə ekstentlərin baş vermə ehtimalını istisna etməyib: “Çünki parlamentdə mövqeyi möhkəmlənən Vahid Milli Hərəkat Partiyası əhali arasında çox populyarlaşıb və kütlənin böyük hissəsini öz tərəfinə çəkə bilib”.
 
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirilib. 3699 (99,92%) məntəqə üzrə hesablanan səslərin nəticələrinə görə, Gürcü Arzusu 48,6%, Vahid Milli Hərəkat Partiyası 27,14% səs toplayıb. Gürcüstan Vətənpərvərlər Alyansı isə 5% səs alaraq, barajı adlamağı bacarıb.
 
Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-ü birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün I turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur.
Ən son məlumata görə, I turda 17 majoritar seçki dairələrində seçkilər yekunlaşıb və səslər hesablanıb. Ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək. Digər iki dairədə isə “Gürcü Arzusu” və “Azad Demokratlar”, həmçinin “Sənayeçilər” tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaqlar.