“Saakaşvili dostu Mətyu Brayza ilə birlikdə Əliyevlərə lobbiçilik edəcək”.

Baxış sayı: 
243

Torpaqları işğal altında olan Azərbaycan necə Fələstinin əleyhinə səs verə bilər?

 

Eks-spiker Rəsul Quliyevlə bu dəfə Qüds problemindən tutmuş, Rusiya-ABŞ münasibətlərinə, Azərbaycandaxili məsələlərə qədər bir çox mövzuları masaya yatırdıq.

Rəsul Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik:

 

-Rəsul müəllim, bu gün dünyada ən çox müzakirə olunan məsələlərdən biri Qüds problemiylə bağlıdır. Prezident Donald Trampın İsraildəki ABŞ səfirliyini Qüdsə köçürməsi dünyada ciddi etirazla qarşılandı. BMT Baş Assambleyasının Qüdslə bağlı qətnaməsi də bunu sübut edir. ABŞ niyə dünya ictimai rəyinə qarşı getməyə üstünlük  verir?

-Bildiyiniz kimi, İsrail və Fələstin dövlətləri BMT tərəfindən 1948-ci ildə (69 il bundan öncə) yaradıldı. Ancaq ərəb ölkələri bununla razılaşmadı və İsrailə müharibə elan etdilər. 1949-cu ildə bir çox ölkələr İsraili dövlət kimi tanıdı, 600 mindən çox fələstinli isə öz torpaqlarından qaçmağa məcbur edildi, əvəzində ərəb ölkələri 800 min yəhudi vətəndaşlarını ölkələrindən qovdular, onlar isə öz növbələrində İsraildə məskunlaşdılar. Qüds İsrail tərəfindən işğal edildi.

 Bir dəfə buraxılan strateji səhvin nə ilə nəticələnə biləcəyini İsrail-Fələstin münaqişəsi əyani şəkildə göstərir. Məğlubiyyətlə razılaşmayan ərəb ölkələrinin 1955-56, 1967, 1973, 1981, 1982-ci illərdəki müharibələri İsrailin Fələstin torpaqlarını, o cümlədən Qüdsü işğal etməsi və 1 milyondan 9 milyona qədər artan əhalisinin bir hissəsini bu torpaqlarda yerləşdirilməsi ilə qurtardı. 1948-ci ildə BMT qərarı ilə müstəqil dövlət statusu alan Fələstinin isə bu gün nəinki dövləti yoxdur, olan-qalan əraziləri də özləri tərəfindən bir neçə yerə bölünüb. Hətta Qüdsün İsrailin paytaxtı elan edilməsi belə, onları birləşdirə bilmədi. İndi Mahmud Abbas yekə-yekə “artıq biz ABŞ-ı bu konfliktin nizama salınmasında iştirakını qəbul edə bilmərik” (soruşmaq lazımdır; ay bədbəxt, bu münaqişənin həllini ABŞ-dan başqa hansı ölkə ilə müzakirə edə bilərsiniz? İsrail hansı ölkəni yaxın buraxar?) deyir, Həmas  isə cihad elan edib. İndiyə qədər Fələstin 3 və ya 4 dəfə cihad elan edib, İsraildən 5 dəfə artıq qurban verib və həmin Qüds bütövlüklə işğal edilib.

-Bəs, müsəlman ölkələrinin liderlərinin, o cümlədən Türkiyə prezidenti cənab Rəcəb Tayib Ərdoğanın Fələstinə dəstək verməsi necə, problemi müsbət nəticələndirə bilərmi?

-Bir vaxtlar Osmanlı imperatorluğu da Fələstin uğrunda mübarizə aparırdı. Özü də qanı, canı bahasına. O dövrdə minlərlə türk əsgəri həmin ərazilərdə şəhid oldu. Üstəlik, həmin vaxtlar İngiltərə ilə Osmanlı arasında hərbi qüdrət fərqi indiki Türkiyənin qarşı-qarşıya qaldığı qüvvələrlə müqayisədə xeyli yaxşı idi. Amma Osmanlı bununla nəyə nail oldu?

-Rəsul müəllim, indi Türkiyə ABŞ-la və ya İsraili müdafiə edən hansısa dövlətlə vuruşmur. Təbliğati və informasiya mübarizəsi apararaq, təcavüzkarları ifşa edir, dünya ictimai rəyindən faydalanaraq, super güclərə təzyiqlər göstərir. Bununla da İslam ölkələrinin liderinə çevrilir...

-Bəli, Ərdoğan bir növ Yaxın Şərqin və fələstinlilərin kumirinə çevrilməyə çalışır. Unutmayın ki, 1991-ci ildə İraqın diktatoru Saddam Hüseyn də fələstinlilərin kumiri idi. İndi də öz diktaturasını möhkəmləndirən Ərdoğan da eyni yolla gedir. Amma bu fəaliyyət də ərəb ölkələrini bir araya toplamağa kifayət etmədi. Bu vəziyyətdə fələstinlilərin cihadı Qəzzanın yenidən işğalı ilə nəticələnəcək.

Türkiyənin prezidenti Səddam Hüseynin strategiyasını aparır, müsəlmanların lideri kimi qəbul edilməsinə can atır. Ancaq sadə və acı həqiqətləri anlamaq istəmir, ucuz şöhrət dalınca qaçır, əks halda, ərəb dünyasının nəhənglərinin - Səudiyə Ərəbistanı, Misir və onların dairəsində olan ölkələrin hamısının İsraili dəstəklədiyini və Ərdoğana nifrət etdiyini bilərdi. Ərəb nəhəngləri bu gün ölkələrinin əhalisinin narazılığına səbəb olmamaq üçün ABŞ-ın əleyhinə səs verirlər, əslində isə İsraili yox, Fələstini danışıqlara getməyə vadar edəcəkdir. Faktiki, varlı ərəb ölkələri və ABŞ maliyəsinin dəstəyilə yaşayan Fələstin hökumətinin (Həmas İranın dəstəyi ilə yaşayır) fərqli qərar qəbul etmək şansı yoxdur. Türkiyə bu məsələdə heç bir real gücə - nə beynəlxalq nüfuza, nə də yetərli hərbi arsenala sahib orduya malik deyil.

-Bu vəziyyətdə İsrail-Fələstin münaqişəsi hara sürüklənir?

-ABŞ-ın qəbul etdiyi bu qərar fələstinliləri İsrail ilə danışıqlar aparmağa vadar edəcək. Danışıq masasında nəsə əldə etmək üçün fələstinlilər ilk növbədə öz aralarında birləşməyi bacarmalıdırlar. Bu birləşmə olmasa, heç kim onlarla bir masa arxasında oturmayacaq.

Yeri gəlmişkən, Azərbaycanın da Fələstin problemindən lazımi dərslər çıxarması vacibdir. Rəsmi Bakı və xalqımız anlamalıdır ki, bir dəfə buraxılmış strateji səhvlər 100 illərlə öz nəticəsini göstərə bilər. 1994-cü ildə Azərbaycanın ermənilərlə imzaladığı əbədi sülh müqaviləsi səhvi ölkəni faktiki olaraq 18 min kvadrat kilometr ərazidən (İsrailin ərazisinə bərabər) mərhum edib, 23 ildə bir qarış torpaq belə azad olunmayıb. Bu rejim neçə il çəksə, bir o qədər də işğal davam edəcək. Ermənilər artıq işğal olunmuş torpaqların 30 faizində iqtisadiyatlarını inkişaf etdirir, bunun hesabına müəllimlərinə və həkimlərinə Azərbaycandakından 2 dəfə çox maaş verirlər.

-Yenidən Qüds məsələsinə qayıtmaq istərdim. Trampın qərarına ən çox qarşı çıxan Türkiyədir. Ərəb ölkələri isə susur. Bu anormal vəziyyəti necə qiymətləndirirsiniz?

-Mən bu sualınıza yuxarıda qismən cavab verdim. Əlavə olaraq onu bildirmək istəyirəm ki, ərəblərə rəğmən, Fələstini müdafiə edən, Türkiyə yox, prezident Ərdoğandır. Ərdoğanın özünü qeyri-adekvat aparmasının izahı isə çox çətindir. 80 milyonluq Türkiyə xalqı ildə 700 milyard dollarlıq məhsul istehsal etmək gücünə malikdir. Müqayisə üçün, 80 milyonluq almanlar ildə 4 trilyonluq məhsul istehsal edir. Bu insan nəyə güvənib dünyaya meydan oxuyur?

Bu ucuz qəhrəmanlıqdansa, öz ölkəsinin demokratik imicinin qayğısına qalsın. Dünyada 273 jurnalist həbs olunub, onun 70-i tək Türkiyənin payına düşür. Ərdoğan xəcalətindən başını yuxarı qaldırmamalıdır, bunun əvəzinə jurnalistlərə hədə-qorxusunu davam etdirir. Almaniyanın prezidenti ev almaq üçün (cəmi 400 min dollar) bankın verdiyi cüzi diskauntlu (güzəştli-red.) kreditə görə istefaya göndərilir. Bu insanın subuta yetirilmiş milyardlarla rüşvət alması isə onu narahat etmir, meydan oxumağı sürdürür. Ərəb dünyasının nifrət etdiyi Ərdoğanın Qüds problemindən özünün təbliğatı üçün istifadə etməsinin iki səbəbi ola bilər: Birincisi, ağır narçisizm xəstəliyinə düçar olub, məddahlıq paranoyu var. İkincisi, Türkiyəni saldığı ağır vəziyyətdən diqqəti yayındırmaq üçün növbəti (Fətullah Güləndən istifadə etdiyi kimi) yalançı versiya irəli atıb. Ancaq bu müvəqqəti işləyən siyasət rolu oynaya bilər. Fələstinlilər Türkiyəni öz problemlərinin həllinə heç vaxt yaxın qoymazlar. İsrailin Türkiyəni bağışlaması Ərdoğan dövründə mümkün deyildir.

-Osmanlı imperiyasının varisi olan və möhtəşəm keçmişinin nostalgiyasıyla yaşayan Ankaranı, hardasa, başa düşmək olar. Bəs, Qarabağ məsələsində yəhudi lobbisinin gücünə bel bağlayan Azərbaycanın Qüdsü açıq-aşkar müdafiə etməsi nə dərəcədə doğrudur? Bu dəstək beynəlxalq arenadakı mövqeyimizə nə kimi təsir göstərə bilər?

-Birincisi, Osmanlı imperiyası möhtəşəmliyini 18-ci əsrdən itirməyə başlayıb və 100 il bundan öncə darmadağın olub. İngiltərədən fərqli olaraq bu imperiyadan çıxanların hamısı düşmənə çevrilib. Ona görə də 18-ci əsrə qədərki Osmanlı imperiyasını indi Rusiyanın qarşısında özünü zəlil kimi aparan Türkiyə ilə müqayisə etmək doğru deyil.

“Yəhudi lobbisinə söykənən Azərbaycan” məfhumunu isə anlamıram.  23 ildə bu lobbi ən yüksəkçinli ölkə rəhbərləri və ətrafı ilə birlikdə korrupsiya  və rüşvətlə xalqın pullarını mənimsəməkdən başqa Azərbaycan üçün hansısa bir iş görübmü? Şəxsən mən bilmirəm, bilirsinizsə söyləyin.

 Azərbaycan bir müsəlman dövləti kimi digər islam ölkələri ilə birlikdə həmişə bir cəbhədə olub və bundan sonra da olacaq. Müsəlman dövlətləri həmişə Azərbaycanla əlaqədar qərarlara bir nəfər kimi səs veriblər. Torpaqları işğal altında olan Azərbaycan necə Fələstinin əleyhinə səs verə bilər? Hətta bizim ölkənin indiki rəhbərləri belə bu addımı atmadı.

-Rusiyaya qarşı həm Avropa İttifaqı, həm ABŞ tərəfdən növbəti sanksiyalar gözlənilirmi? Hər halda Aİ sanksiyaların zamanını uzatdı. Bu sanksiyalar işə yarayacaqmı?

Rusiya yaranandan bu günə qədər sivil Avropa ölkələrinin həyat tərzinə yaxınlaşmağa cəhd edir, ancaq getdikcə daha da uzaqlaşır. Məsələn, Rusiya 1905-1917-ci illərdə Avropaya daha yaxın idi nəinki bu gün. Son 30 ili götürsək, 1988-90-cı illərdə sovetlər Avropaya kifayət qədər yaxınlaşmışdı. Rusiyada zaman-zaman diktatorlar peyda olur və əldə edilmiş cüzi inkişafların üzərindən xətt çəkir. 2000-ci ildə peyda olmuş, məhdud ağıla malik, demokratiya, insan azadlığının Qərb tərəfindən kəşf edilmiş yalan olduğunu qəbul edən Putin, sözsüz ki, Rusiyanı Avropa həyat tərzindən daha da uzaqlaşdırdı, bu proses davam etməkdə və edəcəkdir. Rusya böyük bir ərazini əhatə edən, 17-ci əsrdə yaranmış bir dövlətdir. 146 milyonluk əhalisinin 130 milyonu Avropa, 16 milyonu isə Asiya qitəsində yaşayır. Bir tərəfində Komfuci, budda fəlsəfəsi ilə silahlanmış tradisiya (ənənələr) ilə yaşayan Çin , Hindistan, Yaponiya, Koreya və başqaları, o biri tərəfində dünyada Nyuton, Adam Smit, Eynşteyn kimi alimləri ilə müasir sivilizasiyanın fundamentini qoyan və inkişaf etdirən Qərb dayanıb. Bu hibrid aqressiv nəhəng ölkə heç bir yaşayış tərzini qəbul edə bilmədiyindən (Daha doğrusu, diktatorlarının qəbul etməyə imkan verilmədiyindən) ətrafındakı Azərbaycan tipli kiçik ölkələri də özü kimi zillətdə yaşamağa məcbur edir. Azərbaycanın intelligensiyası ruslarınkından azı 3-4 dəfə aşağı olduğundan, bizim xalq bu zulmü qəbul edən ən münbit ölkədir. Və bu da Əliyev rejiminin xalqı kölə kimi saxlamaqda işini asanlaşdırır. Rusiya rejiminin və vətəndaşlarının işləmə qabiliyyətinə görə heç bir sanksiyasız Qərb ölkələrindən 3-6 dəfə aşağı (yaşamaq səviyyəsinə görə)  səviyədə olacağı aksiomadır. Sanksiyalar Rusiyanın iqtisadiyatını darmadağın edəcək, həyat səviyyəsi böyük sürətlə tənəzzülə gedəcək. Nə deməkdir sanksiya? Sanksiya Rusiyaya Qərbin investisiya gətirməsini dayandırır. Qərb texnologiyası əsasında yeni zavod və fabriklərin tikilməsini dayandırır. Həm işsizlik artır, həmdə bir çox malların istehsalı sadəcə olaraq mümkün olmur. Valyuta ehtiyatı olmadığından, məsələn, özündə olmayan malları Çindən alıb gətirməsi üçün ya neft və qazla , ya da torpaqları ilə ödəmə aparmağa məcbur edilir. 2018-ci ilin fevralında ABŞ Konqresi əvvəllər nəzərdə tutduğu sanksiyaları Rusiyaya tətbiq etsə, ölkənin maliyə vəziyyəti yaxın bir neçə ilə darmadağın olacaq.

-Azərbaycan seçki ilinə qədəm qoyur. Tam belə bir zamanda geopolitik sahədə ciddi ayrılmalar yaşanır. Rəsmi Bakının uzun illərdən bəri davam etdirdiyi balanslaşdırma siyasəti tərəzisini Rusiyanın xeyrinə dəyişdiyi müşahidə olunur. Vaşinqtondan bu seçki ilində Bakıya hansı reaksiyaları gözləyirsiniz?

-Bakının, sizin təbirlə desək, balanlaşdırma siyasətinin Rusiyanın xeyrinə dəyişdiyi müşahidə olunmur. Ölkə üçün heç bir əhəmiyyəti olmayan balanslaşdırmanı siyasət adlandırmaq mümkündürsə, sual ortaya çıxır: kimə və nə üçün lazımdır bu siyasət? Bu siyasət xalqa yox, hakimiyyətdə olanlara xidmət edir. Qərb onlara pullarını gizlətmək və övladlarını rahat yerləşdirmək üçün lazımdır. Rusiya isə rejimlərini dəstəkləmək üçün əhəmiyyət kəsb edir. Bu siyasətin nə torpaqları azad etmək nə də xalqın yaşayışını yaxşılaşdırmaqla heç bir əlaqəsi yoxdur.

O ki qaldı 2018-ci il seçkilərinə, bu dəfə də Qərbin münasibəti  23 ildə olduğu kimi olacaqdır. Elə bir dəyişiklik gözlənilmir. “Azad olmaq istəməyən xalqa heç bir xarici ölkə zorla azadlıq verməyəcək” fəlsəfəsini azərbaycanlıların başa düşməsinə bu 23 il kifayət etməli idi, təəssüf ki, bu belə olmadı. İstər müxalif media qurumlarının, istərsə də hökumətin TV-lərinin küçələrdə sorğular apardığı sadə insanlar, gənclər bu rejim haqqında elə mədhiyyələr söyləyirlər ki, xəcalət çəkirsən. Siz min nəfərlik mitinqlərdən sonra prezidentin  A.İ-na səfərini müşahidə etmisinizsə, onun necə özünü inamlı apardığını, necə ölkədə demokratiyanın qələbəsindən danışdığını görməmiş olmazsınız. Aİ-nın rəhbərləri faktiki onu alqışlayırdılar.

-Rəsul müəllim, Azərbaycana Rusiyadan hər hansı hərbi təhlükə gözlənilirmi? Axı, adətən nəhəng dövlətlər qarşılaşdıqları iqtisadi böhrandan yaxa qurtarmaq üçün lokal müharibələrə can atırlar. Rusiyanın yenidən post-sovet məkanını ilhaq etmək perspektivi nə qədər realdır?

-İndi nəinki 19, heç 20-ci əsr də deyildir. 21 əsrdə lokal müharibələrlə iqtisadi böhrandan çıxmaq mümkün deyil, əksinə, bu, böhranı daha da dərinləşdirər...

-Amma fakt budur ki, Rusiya Ukraynanın bir hissəsini ilhaq edib.

-Rusiyanın Krımı işğal etməsi (referendum pərdəsi altında) Donbassa qoşun yeritməsi ilk növbədə onun öz iqtisadiyyatını ağırlaşdırdı. Neftin qiymətinin düşdüyü bir vaxtda Rusiyanın belə bir addım atmasını elementar ağılla belə, izah etmək mümkün deyil. Ölkənin başında Putin kimi sovetlərin dağılmasını 20-ci əsrin ən böyük faciəsi, Stalini özünün kumiri hesab edən imperiya paranoyuna mübtəla birisi durmasaydı, heç vaxt Rusiyanı məhvə aparan bu addım atılmazdı. Adətən, qonuşularla müharibələr ölkə daxilindəki vəziyyətin ağırlığından diqqəti uzaqlaşdırmaq üçün edilir. Ukrayna avantürasından sonra Rusiyanın qonşularına təcavüz etməsi qeyri-real görsənir. Rusiyanın hücum edə biləcəyi cəmi 2 ölkə var: Azərbaycan və Qazaxstan. NATO-nun üzvüləri, o cümlədən Ukrayna, Moldova və Qürcüstana hücum etmək RF üçün katastrofiya ilə qurtarar. Azərbaycan və Qazaxıstan hakimiyyəti isə faktiki özlərini Putinin vassalları kimi aparırlar, ona görə də aqressiyaya əsas yoxdur. Putin Rusiyası, əksinə, Ukraynada törətdiklərindən yaxasını qurtarmalı və sanksiyalardan xilas olmağa çalışmalıdır. Əlavə aqressiya ocağı açmamalıdır.

-Ukraynadan söz düşmüşkən, Saakaşvilidən danışmamaq günah olardı. Saakaşvilinin Ukraynada başlatdığı hərəkatın regional təsirləri necə ola bilər? Bu, növbəti “məxməri” inqilab dalğasıdırmı? Proseslərin arxasında hansı dövlət dayanır və məqsəd nədir?

-Saakaşvili Gürcüstanın prezidenti olub ( 2 dəfə),  siyasi və iqtisadi reformaların keçirilməsinə rəhbərlik edib. Saakaşvilinin komandası, sözün əsl mənasında, reformistlər idilər, ancaq son vaxtlar liderlərinin qeyri-adekvat hərəkətləri partiyasının seçkiləri uduzması və Ukraynadakı paranoyik hərəkətləri isə partiyasının parçalanması ilə nəticələndi. İndi Gürcütan parlamentində Saakaşvilinin partiyasının gücünün neçə faiz olduğunu söyləmək çətindir. Fikirimcə, parçalanandan sonra 15 faizdən çox deyil. Reformaları və RF-na qarşı barışmaz mövqeyinə görə (2008-ci ildə atdığı dəli səviyyəsində addımlarına görə iki respublika Gürcüstandan birdəfəlik ayrıldı) Qərb ölkələri ona loyal yanaşırlar və Ukrayna prezidentindən ona qarşı mülayim olmağı xahiş etdilər. Nəticədə cənab Saakaşvili azğınlaşdı, qanunlara məhəl qoymadı, ağzına gələnləri danışmağa başladı. İlk gündən ətrafında olan Timoşenko, Sadavoy onun dəli bəyanatlarından təşvişə düşüb uzaqlaşdılar. Çox qısa zamanda həbs ediləcəyindən və ya Gürcüstana veriləyəcəyindən təşvişə düşən Saakaşvili Poroşenkoya məktub yazıb onu əfv etməyi xahiş etdi. Ancaq qatar artıq getmişdi. Çox ehtimal, Saakaşvili yaxın vaxtlarda Ukraynanı tərk edəcək, ola bilər, Hollandiyaya (arvadı Hollandiya vətəndaşıdır) getsin və ya başqa bir yerə. Ukraynada 2018-ci il dönüş ili olacaq. Reformalar işləməyə başlayacaq, həyat səviyyəsi inkişaf etməyə başlayacaq. Saakaşvilinin aranı qarışdırmaq üçün (Ukrayna kimi loyal ola biləcək) yeni bir ölkə tapmaq (o cümlədən Gürcüstan) mümkün deyildir. Ehtimal var ki, o, dostu Mətyu Brayza  ilə birlikdə (Artıq neçə illərdir, Azərbaycandakı rejimə lobiçiliklə  məşğuldur) Əliyevlərə lobbiçilik edəcək.

-Bir həftədən sonra 2018-ci ilə qədə qoyacağıq. Yeni ili necə proqnozlaşdırırsınız?

 -2018-ci il mənim üçün birinci növbədə Azərbaycana dönüb seçkilərdə iştirak cəhdi ilə yadda qalacaq. Ölkənin daxilində isə 2018-ci ildə nəyinsə kardinal dəyişəcəyini görmürəm. Müstəqillik əldə ediləndən bu günə qədər müxalifətçilik edən müvəqqa liderlərin öz təşəbbüsləri ilə siyasi səhnədən gedəcəklərinə ümid bəsləyirəm. Belə bir addım atılarsa, ölkədə müəyyən canlaşmaya təkan ola bilər.

 Dünyada 2018-ci il ABŞ-ın və Çinin daha da inkişaf etməsi ilə davam edəcək, Amerika özünün super güc statusunu bərpa edəcək. Bu iki dövlət kosmos proqramlarına görə sürətlə irəli gedəcəklər. Rusiya bu sahədə də əhəmiyyətini itirəcəkdir.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com

Загрузка...
Загрузка...