​Ərzaq bazarında kəskin bahalaşma - firmalar mal satışını dayandırdı!

 
Tarif Şurasının son bahalaşma qərarlarının digər bazarlara da təsiri olacaq
 
Politika.Az-ın Analitik qrupu təcrübədən çıxış edərək bildirir ki, tənzimlənən qiymətlərin, xüsusilə də qaz və işığın, yanacağın qiymətlərin bahalaşması xüsusilə ərzaq bazarına kəskin təsirləri olur.
 
Növbəti qərarın da həm psixoloji və həm də iqtisadi təsirlərinin olacağı danılmazdır. Adətən psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır.
 
Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.
 
Lakin buna qədər ərzaq bazarında kəskin bahalaşmanın olacağı qaçılmazdır. Məlumat üçün xatırladaq ki, onsuz da dolların bahalaşması fonunda ərzağın qiymətində ciddi artımlar müşahidə edilirdi. Mal əti, toyuq və toyuq məhsulları son günlər pik həddə bahalaşmışdı. Bu qərardan sonra isə bahalaşmanın növbəti dalğasının olacağı qaçılmazdır.
 
Bakıdakı marketlərdən birinin mühasibi Politika.Az-a bildirib ki, artıq bir sıra firmalar qiymətləri qaldırıblar: “Əsasən yağ, un və un məmulatları, şəkər, şəkər tozu kimi məhsulların qiyməti baha təklif edilir. Deyilənə görə, “Azərsun” firmalara mal verilişini ciddi azaldıb, demək olar ki, dayandırıb. Bir çox təminatçı şirkətlər həmçinin eyni addımı atır. Görünən odur odur ki, dekabrın 1-dən daha baha qiymətlərlə verəcəklər mallarını”.
 
Qeyd edək ki, qarşıdan Yeni il bayramı gəlir. Hər bayram ərəfəsində psixoloji amillərin təsiri altında ərzaq bazarında kəskin bahalaşma olduğunu nəzərə alsaq, Tarif Şurasının son qərarının təsiri ilə müşayiət olunan bahalaşma hətta bəzi məhsullarda 100 faizə yaxın ola bilər. Bu isə qiymətlərdə iki dəfə artım deməkdir.

Загрузка...
Загрузка...