Rəzalət: SOCAR Qarabağı tanımır - Foto

 
 
SOCAR Azərbaycan adına utanc gətirən səhvə yol verib
 
Politika.Az-ın məlumatına görə, xarici ölkələrdə suvenir kimi satılan Azərbaycan neftinin qabındakı xəritədə Qarabağ göstərilməyib.
 
Bu barədə Azər Lerikli Feysbuk səhifəsində foto və məlumat yayıb. Onun sözlərinə görə, xəritədə Qarabağ Azərbaycan torpağı deyil:
 
“Bunu hansısa beynəlxalq təşkilatlar və yaxud da ermənilər etməyib. SOCAR edib. Birbaşa şəhidlərimizə təhqirdir. Minlərlə Qarabağda şəhid olan oğullarımıza bu hörmətsizliyin ən alisidir”.
 
Politika.Az xəbər verir ki, SOCAR rəhbərliyinin belə bir yanlışlığa yol verməsi anlaşılan deyil. Neft qabındakı xəritədə Qarabağın olmaması Ermənistan mediasına və cəmiyyətinə qazandırılan arqumentdir. Dünya bazarında yer tutan və beynəlxalq aləmin diqqətində olan bir neft şirkəti həmin suvenirlərdə əksinə, Qarabağla bağlı təbliğat aparmalıydı.
 
Həmin qablarda torpaqlarımızın işğalını əks etdirən və yaxud erməni vəhşiliyini nümayiş etdiurən şəkillər ola bilərdi. SOCAR isə Qarabağsız Azərbaycan xəritəsi çəkib. Bu fakt heç də SOCAR-a, onun prezidenti Rövnəq Abdullayevə və ümumilikdə Azərbaycana başucalığı gətirmir.
 
Təəssüf ki, bu xəta ucbatından əks-təbliğat kampaniyasına dolayısı ilə fayda vermiş oluruq. Azərbaycanın təkcə aprel müharibəsində rəşadətli oğlanlarının vətən uğrundan canını fəda etməsini nəzərə alaraq SOCAR həssaslıq nümayiş etdirməliydi.
 
1992-ci ildən bəri hər qarış uğrunda şəhid verən Azərbaycan neft ölkəsidir və onun 20 faiz torpaqlarının işğal olunduğu SOCAR-ın suvenirlərində göstərilmir. Ümid edirik ki, bu xəta aradan qaldırılacaq.