Rüstəmxanlı: “Bunu ilk dəfə sizə deyirəm...” - KQB sədrilə məxfi görüş

 
1989-ci ildə “İlin xalqı” elan edilməyimizə səbəb olan hərəkatdan 29 il ötür.
 
Bu gün Azərbaycan xalqının milli mənlik şüurunun oyanmasında, onun özünü dərk etməsində müstəsna əhəmiyyətə malik günlərdən biridir - Milli Dirçəliş Günü. Düz 29 il bundan əvvəl – 1988-ci ilin noyabrın 17-də Şuşada yerləşən məşhur, əzəmətli palıd, çinar meşəsi – Topxana meşəsinin qırılmasına etiraz əlaməti olaraq Azərbaycan xalqı o vaxtkı Lenin, indiki Azadlıq meydanında ilk mitinq keçirdi.
 
Hadisələr necə başladı?
 
Əvvəlcə onu qeyd edək ki, “Topxana hadisəsi” baş verənədək SSRİ-nin iki müttəfiq respublikası Ermənistan və Azərbaycan, yaxud azərbaycanlılar və ermənilər arasında bununla müqayisəyə gəlməyəcək dərəcədə ciddi insidentlər baş vermiş, qan tökülmüşdü. 1988-ci il fevralın 21-də Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar, legitim olmayan iclasında vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edilmiş, fevralın 22-də Əli Hacıyev və Bəxtiyar Quliyev adlı iki gənc Əsgəran qalasının yaxınlığında qətlə yetirilmiş, fevralın 27-29-da Sumqayıt hadisələri baş vermiş, həmin ilin yaz-yay aylarında Quqarkda azərbaycanlılara qarşı qırğınlar törədilmiş, Ermənistan SSR-in ərazisi hesab olunan Qərbi Azərbaycanda öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların deportasiyası prosesi başlamışdı. Bu baxımdan Topxana meşəsindəki vandalizm aktı millətin səbr kasasını daşırdan son damla oldu. Erməni-rus fitnəsindən xəbərsiz Azərbaycan xalqı hələlik nə baş verdiyini dərk edə bilmir, direktivləri mərkəzdən alan yerli televiziya və radio kanalları xalqa dürüst məlumat çatdırmırdılar. Həmin günlərdə Topxana meşəsində ağacların qırılması, yerində alüminium zavodunun tikintisinə başlanması barədə “Kommunist” qəzetində xəbər dərc olunmuşdu. Məhz həmin xəbərdən sonra xalq vəziyyətin ciddiliyini anladı və öz haqları uğrunda mübarizəyə başladı.
 
Topxana meşəsinin qırılması – aysberqin görünən tərəfi
 
Məlum mitinqlərin təşkilatçısı, “Meydan sirləri” kitabının müəllifi, hazırda AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı olan Ənvər Əliyev deyir ki, noyabrın 17-də baş verən hadisə Topxana meşəsinin qırılması ilə bağlı deyildi. O qeyd edib ki, mitinqlər ermənilərin Dağlıq Qarabağı Ermənistana ilhaq etmək, yaxud müstəqil dövlətə çevirmək planlarına, həmçinin Moskvanın bu planlara laqeyd yanaşmasına cavab olaraq təyin olunmuşdu. Noyabrın 17-nin seçilməsi isə təsadüfi olmayıb. Belə ki, həmin gün Abel Aqanbekyanın məlum çıxışının bir ili tamam olurdu (Yada salaq ki, 1987-ci ilin noyabrın 17-də Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, SSRİ Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan Parisdə Fransa Erməni İnstitutu və Erməni Veteranları Assosiasiyasının əməkdaşları ilə görüşündə “bir iqtisadçı kimi mən hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Ermənistanla daha çox bağlıdır, nəinki Azərbaycanla” demişdi – S.Həmid).
 
Ə.Əliyev deyir ki, erməni azğınlığı əleyhinə Bakıda ilk mitinq 1988-ci ilin fevralın 19-də keçirilib:
 
“Bundan sonra may ayının ilk ongünlüyündə iki mitinq keçirildi. Sonradan biz gördük ki, bu bir-iki mitinqlə həll olunan məsələ deyil, davamlı mitinqlər keçirmək, yerli hakimiyyəti və ittifaq rəhbərliyini təsirli tədbirlər görməyə vadar etmək lazımdır. Davamlı mitinqlər keçirmək ideyası şəxsən mənim 1988-ci ilin noyabrın 15-də akademiyanın dairəvi zalında etdiyim çıxışımdan götürüldü. O vaxt mənim yaşım 37 yaşım var idi və Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi idim. Orada dedim ki, ermənilər bizim hər gün bir kəndimizi qəsb edir, biz isə mahnı oxumaqla başa çatan bir-iki mitinq keçirib dağılışırıq. Qərara gəldik ki, Aqanbekyanın bir il öncəki çıxışının ildönümü günü, buna cavab olaraq belə bir mitinq keçirək. O vaxt mən aspirantlar yataqxanasında qalırdım. Həmin yataqxana Azərbaycan Dövlət Universiteti, Politexnik İnstitutu və İnşaat Mühəndisləri İnstitutunun yataqxanaları arasında yerləşirdi. Əvvəlki mitinqlərdən məni xeyli adam tanıyırdı. Noyabrın 16-sı axşamdan hazırlıqlara başladıq. Mitinqdə səsləndirəcəyimiz konkret 4 tələb irəli sürdük. SSRİ-nin qırmızı bayrağının yuxarısını karandaşla göy, aşağısını isə yaşıl rəngləyib Azərbaycanın milli bayrağına oxşatdım ki, mitinqdə qaldıraq. Noyabrın 17-də səhər tezdən “Politexnik”in və “İnşaat”ın uşaqlarını, ümumilikdə 2-3 minlik bir dəstəni toplayıb ADU-nun yataqxanalarına daxil olduq. Nəhəng bir axın var idi. Topa-topa adamlar bizə qoşuldu və indiki Azadlıq meydanına tərəf yol aldıq. Yolda 5-6 dəfə milis mühasirəsinə düşəndən sonra, çox böyük çətinliklə Azadlıq meydanına yetişdik. Təsəvvür edin ki, saat 8-də yola düşən dəstə 12.30-da meydanda oldu. Dörd bənddən ibarət tələblərimizi oxuduq, bildirdik ki, tələblərimiz yerinə yetirilənədək meydanı tərk etməyəcəyik. Tələblərimiz də bundan ibarət idi ki, DQMV-nin statusu ləğv olunmalı və o, digər rayonlar kimi Azərbaycan SSR-in tərkibinə daxil edilməli, Moskva bizim tələblərimizi yerinə yetirməli, mərkəzi televiziya da bizə xalqa müraciət etmək imkanı yaratmalıdır. Qeyd etmişdik ki, ermənilər tələblərimizi yerinə yetirsələr, Qarabağdan keçməklə İrəvana sülh yürüşü edəcəyik. Bu baxımdan noyabrın 17-dən dekabrın 5-dək davam edən mitinqlərin sadəcə Topxana meşəsinin qırılması ilə bağlı olduğunu iddia etmək məsələnin mahiyyətini kiçiltməyə, bəsitləşdirməyə, keyfiyyətini aşağı salmağa xidmət edir. 1988-ci ilin noyabrın 17-də başlamış mitinqlərin Topxana meşəsindəki vandalizm aktı ilə bağlanması düzgün fikir deyil. Əslində, bu mitinqlər öz torpaqları uğrunda mübarizəyə başlamasının milli birlik hərəkatı idi”.
 
“Meydanda bir nəfərin də burnu qanamadı”
 
Ə.Əliyev Azərbaycan SSR-in Daxili İşlər Nazriliyinin məlumatına əsaslanıb deyir ki, həmin günlərdə Bakıda cinayətkarlığın səviyyəsi son dərəcə aşağı olub:
 
“Azərbaycandakı oğrular, cinayətkarlar və sair bu qəbildən olan insanlar, hətta türmədə olanlar da bizə dəstək olaraq bəyan etmişdilər ki, Bakıda heç bir cinayət halları baş verməyəcək. “Meydan sirləri” kitabımda öz əksini tapan statistikada da göstərilir ki, noyabrın 17-dən dekabrın 5-dək cinayətkarlığın səviyyəsi xeyli aşağı olub. Hətta, Bakı cibgirləri adından meydana bəyanat göndərilmişdi ki, mitinqlərin keçirildiyi günlərdə soyğunçuluq halları baş verməyəcək, insanlar rahat olsunlar”.
 
1989-ci ildə “İlin xalqı”
 
Hamıya məlumdur ki, 1988-ci ilin “Meydan hərəkatı” 1989-ci ildə Almaniyanın nüfuzlu “Şpigel” jurnalının keçirdiyi “İliin xalqı” sorğusunda məhz Azərbaycan xalqının ən şücaətli xalq seçilməsinə səbəb olmuşdu. Ə.Əliyev Azərbaycan xalqının uzunmüddətli, dinc mitinqlər təcrübəsindən az sonra Çinin “Tiananmen” meydanında keçirilən çoxmilyonlu, uzunmüddətli mitinqdə istifadə olunduğunu vurğulayıb:
 
“Həmin mitinqlərin keçirildiyi günlər Azərbaycan tarixinin ən şərəfli, ən layaqətli və xalqın birliyini, bütövlüyünü nümayiş etdirən günlər idi. Eyni zamanda həmin mitinq Azərbaycan xalqının uzunmüddətli dinc mitinq keçirmək qabiliyyətini ortaya qoydu”.
 
“Vaqif Hüseynov məni yanına çağırıb dedi ki....”
 
Meydan hadisələrinin iştirakçısı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə “Meydan hərəkatı”nın mərkəzin və yerli partiya nomenklaturasının bir əməliyyatı olması ilə bağlı deyilən fikirlərlə razılaşmadığını bildirib. S.Rüstəmxanlı deyib ki, yerli və mərkəzi hakimiyyət proseslərə təsir etmək gücünü itirmişdi:
 
“Gəlib bizdən soruşurdular ki, “biz nə deyək ki, bizi burdan qovmasınlar”. Yəni, belə bir şərait mövcud idi. Ancaq yerli hökumətin içində olan bəzi milli təfəkkürlü insanlar başa düşürdülər ki, mərkəzə başqa cür təsir etmək imkanı yoxdur. Ona görə də onlar bu prosesin xeyirli olacağını düşünürdülər. Məsələn, noyabrın 26-27-də, yəni 1,5 milyon insanın meydanda olduğu günlərdə DTK sədri Vaqif Hüseynovdan mənə meydana yaxın bir yerdə görüş təklifi gəldi. Mən də çox ciddi bir ehtiyatla onunla görüşə getdim. Yəni, həbs oluna, yaxud başqa bir təxribatla üzləşə bilərdim. Gördüm ki, Moskvadan gələn şəxslər – 2-3 nəfər SSRİ DTK-sının əməkdaşları var. Vaqif Hüseynov mənimlə çox mehriban görüşdü, məni qonaqlara “meydan qəhrəmanlarından biri budur, nə sualınız varsa ona verə bilərsiniz” deyib təqdim etdi. O vaxtadək mənim Vaqif Hüseynovla elə bir təmasım olmamışdı. Amma onun davranışından hiss elədim ki, o meydana da, bizə də xoş münasibət bəsləyir. Mənə Azərbaycan dilində dedi ki, “indi meydanda dediklərindən qat-qat kəskin şəkildə bunlara de, qoy görsünlər, qulaqlarını açıb eşitsinlər ki, burda millət nə istəyir”. Mən də millətin nə istədiyini, meydanda dediklərimdən beş qat artıq Moskvadan gəlmiş SSRİ DTK-sının əməkdaşlarına dedim. Qonaqlardan arxada oturan Vaqif də barmağı ilə mənə tez-tez işarə edib “əla, əla” deyirdi. Bu, mənim DTK və onu sədri ilə meydanda və meydandan sonra ilk və son təmasım oldu. Onu da deyim ki, bu epizodu mən ilk dəfə sizə danışdım”.
 
S.Rüstəmxanlı Milli Dirçəliş Gününün Azərbaycanın müasir tarixində çox böyük rolu olduğunu da deyib:
 
“SSRİ-nin dağılmasında və müttəfiq respublikaların Rusiyadan qopmasında həmin hadisələr böyük tarixi rol oynadı”.
 
Nəticə
 
S.Rüstəmxanlı bildirir ki, mitinq dağıdıldıqdan sonra fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına başlanıldı:
 
“Lakin buna baxmayaraq, biz bütün rayonları gəzdik, təşkilatlanma prosesi getdi və 1989-cu ilin yayında AXC yarandı. Elə həmin ildən Azərbaycanın ilk müstəqil qəzeti olan “Azərbaycan” qəzetinin çapına başladıq. Qarabağa Xalq Yardımı Komitəsi yaradıldı və Qarabağın kəndlərinə yardım göstərilməsi istiqamətində çox ciddi işlərə başladıq. Bir sözlə 88-ci ilin “Meydan hərəkatı”ndan sonra milli oyanış zirvəsinə çatdı”.
 
Qeyd edək ki, 1992-ci ildən Prezident Əbülfəz Elçibəyin fərmanı ilə noyabrın 17-i qeyri-iş günü elan edilməklə Azərbaycanda Milli Dirçəliş Günü elan edilib. 2006-cı il ildən etibarən isə Milli Dirçəliş Günü əlamətdar gün kimi saxlanılsa da, iş günü hesab olunur.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...