“Rusiyanın strategiyası yerli qüvvələrlə birləşərək rejimi dəyişməkdir...”

 
 
ABŞ ordu komandanlığı Rusiyanın hibrid müharibə strategiyasına necə qarşı çıxmağın yollarını özündə əks etdirən məlumat kitabçası hazırlayıb.
 
Virtualaz.org xəbər verir ki, kitabça hələ 2016-cı ilin dekabrında dərc edilib, lakin indi internetdə yerləşdirilib.
 
“The National İnterest” dərgisinin yazdığına görə kitabçada Rusiyanın hibrid müharibə taktikası və ABŞ hərbçilərinin buna qarşı hansı tədbirlər görə biləcəyi haqda bəhs edilir.
 
62 səhifədən ibarət olan məlumat kitabçasında asimmetrik müharibənin aparılmasında istifadə oluna biləcək Rusiya hərbi texnikası barədə fotolar və məlumatlar, o cümlədən Krım və Ukraynada istifadə olunan texnika barədə məlumatlar yer alır.
 
Kitabçada deyilir ki, Rusiya Krım və Ukraynada xüsusi təyinatlı qüvvələrin kiçik dəstələrindən, bəzən isə nizami qoşunların yaxşı silahlanmış birləşmələrindən və yerli separatçı qruplardan istifadə edib.
 
 
 
Kitabçada belə qənaət ortaya qoyulur ki, Rusiyanın hibrid müharibə strategiyası rus qoşunlarının ənənəvi formada hərbi qələbəsinə deyil,  yerli qüvvələrlə birləşərək rejimin dəyişdirilməsinə nail olmaq üzərində qurulub.
 
Məlumat kitabçasında qeyd olunur ki, Rusiya ABŞ-ın döyüş meydanında pilotsuz və pilotlu kəşfiyyat aparatları ilə kəşfiyyat aparmaq, düşmən qüvvələrinin yerini müəyyənləşdirmək və daha sonra onu aviasiya, artilleriya ilə məhv etmək taktikasını da mənimsəyib.
 
 
 
Kitabçada Rusiyanın qarışıq müharibədə taktiki əməliyyatları da nəzərdən keçirilir. Misal kimi Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar göstərilir. ABŞ hərbi komandanlığı Rusiya silahlı qüvvələrinin bir neçə “zəif yerlərini” də göstərib. Məsələn, qeyd olunur ki, çağırışçı əsgərlərin döyüşmək üçün güclü motivasiyası yoxdur. Habelə aviasiya və artilleriya dəstəyi dəqiqlik amilindən deyil, qəddarlıqdan və zərbə gücündən asılıdır. Kitabçada ABŞ hərbçilərinə tövsiyə olunur ki, Rusiyanın radioelektron mübarizə vasitələri tərəfindən GPS tezliklərinin və radioəlaqənin sıradan çıxarılması şəraitində döyüş əməliyyatlarının aparılmasını məşq etsinlər.

Загрузка...
Загрузка...