"Rusiyanın əsas məqsədi Azərbaycanda öz qoşunlarını yerləşdirməkdir" — Politoloq

Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ probleminin həlli barədə görüşlər keçiriblər
Görüşün nəticəsi olaraq Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasının tərəfdarı olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəliblər.
Məlumat verilir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar davam etdiriləcək.
Prezidentlərin Sankt-Peterburq görüşünü politoloq Elşən Manafov Ölkə.Az-a vediyi açıqlamasında şərh edib:
"Bu görüşlə bağlı ölkə ictimaiyyətində böyük ümidlər var idi. Çünki məhz bu görüşdə Rusiyanın Kazan sammitində irəli sürdüyü prinsiplərin müzakirə olunacağı və Rusiyanın Ermənistana ciddi təzyiqlər edərək əvvəlcə 5 rayonun qaytarılacağı ilə bağlı məsələlərin gündəmdə olacağı söylənilirdi. Prezidentlərin təkbətək görüşməsi və görüşdə prezidentləri müşahidə edən şəxslərin təmsil olunmaması və yalnız görüşdən sonra açıqlamaların yayılması onu göstərir ki, görüşün məxfi tərəfləri var. Bu tərəflər barədə mülahizələr söyləyə bilərik. Görüşün sonunda bəyanatın yayılması və göstərilməsi ki, tərəflər bundan sonra da problemin danışıqlar yolu ilə həllinin davam etdirilməsinin tərəfdarıdırlar, deməli atəşkəsə əməl olunacaq.
Görüş məhz Rusiyanın səyləri və təşəbbüsü ilə keçirildi. Düzdür, görüşdə ATƏT-i təmsil edən diplomatlar da təmsil olundular. Hərçənd, iddia olunurdu ki, ATƏT-i təmsil edən diplomatlar görüşdə təmsil olunmayacaqlar. Bu bir daha göstərdi ki, Rusiya regionda həlledici imkanlara malik olan dövlətdir. Baxmayaraq ki, Sankt-Peterburqdakı iqtisadi forumda Putin ABŞ-ın super güc olduğunu etiraf etdi. Eyni zamanda Putin bildirdi ki, ABŞ Rusiyanın necə və nə cür yaşamağı və hansı cür siyasət yeridəcəyi ilə bağlı onlara diqtə edə bilməz. Görüşün nəticələrinə də bu ampuladan yanaşmaq lazımdır. Rusiya bölgədə həlledici imkanlara, ciddi geopolitik, siyasi və hərbi təsirlərə malik olan tərəfdir.
Güman edirəm ki, Rusiyanın Azərbaycan iqtidarına ünvanlanmış şərtləri qəbul olunmayana qədər Dağlıq Qarabağ probleminin çözülməsi istiqamətində hər hansısa bir real addımların, xüsusi ilə Azərbaycan dövlətinin maraqlarına cavab verəcək qərarların qəbul ediləcəyini istisna edirəm. Rusiyanın təklifləri bəllidir, Azərbaycanın Avrasiya və Gömrük ittifaqına qoşulmaq, ATƏT-in sülhməramlı qüvvələrinin bayrağı və ya mandatı altında Azərbaycanda Rusiya qoşunlarının yerləşdirilməsinə nail olmaq və bunda Azərbaycan iqtidarının razılığını əldə etməkdir. Görünür Rusiyanın təklif etdiyi bu məsələ ətrafında ciddi razılıqlar olmadığından danışıqların növbəti raunduna ehtiyac var".