Rusiyalı politoloq: “3:1 Azərbaycanın xeyrinə...”

Dörd günlük müharibənin yekunlarını şərh edən tanınmış moskvalı ekspert: “Bakı istəyinə artıqlaması ilə çatdı...”; Andrey Yepifantsev: “Qarabağ – artıq alınmaz qala deyil..., Azərbaycanın daha bir uğuru Ermənistanla Rusiya və KTMT-nin arasını vurmasıdır”
Rusiyanın nüfuzlu analitiklərindən sayılan Andrey Yepifantsev “Vzqlyad” qəzetində Dağlıq Qarabağdakı 4 günlük müharibənin nəticələrini şərh edib. Onun qənaətincə, azərbaycanlılar göstərdilər ki, döyüş meydanında təşəbbüs bütünlüklə onlara məxsusdur – nə vaxt istəsələr sərhədi yarar və düşmənin dayaq məntəqələrini ələ keçirərlər, nə vaxt istəsələr də çıxıb gedərlər. Yazının aktuallığını nəzərə alıb tərcümə variantını təqdim edirik.
“Dağlıq Qarabağ ətrafında növbəti alışma dayandırıldı. Bununla belə o, açıq-aşkar sıradan biri də olmadı. Onun gedişində əvvəllər müşahidə edilməmiş bir neçə məqam özünü göstərdi. Əgər öncələr həm qeyri-hərbi, həm də hərbi qarşıdurma zamanı, uğur, təşəbbüs və status-kvo ümumən erməni tərəfində qalırdısa, bu dəfə “hesab” açıqca Azərbaycanın xeyrinədir.
Birincisi, aydındır ki, atəşin bərpa edilməsində əsas hədəf müharibəyə başlamaq yox, konflikti aktuallaşdırmaq, ona beynəlxalq birliyin diqqətini cəlb eləmək, Dağlıq Qarabağ münaqişəsinin həll olunmadığını, hələ də qan verdiyini nümayiş etdirmək idi.
Məsələ ondadır ki son bir neçə ildə dünya birliyinin diqqəti başqa problemlərə - Liviyaya, Suriyaya, Türkiyəyə, Ukraynaya, miqrantlara və s. köklənmişdi. Nəticə etibarilə Qarabağ münaqişəsinin mövcudluğu sanki unudulmuşdu. Bu isə 1992-94-cü il müharibəsini uduzan və Ermənistanın imtinası üzündən danışıq yolu ilə problemi həll edə bilməyən Azərbaycana qətiyyən sərf eləmirdi. Əvəzində status-kvonu saxlamaqla konfliktin olmadığı görüntüsünü yaradan Ermənistana tamamilə sərf idi.
Döyüş əməliyyatlarının budəfəki qızışmasına çox böyük ölçüdə verilən beynəlxalq rezonansı nəzərə alsaq, deyə bilərik ki, Bakı istəyinə artıqlaması ilə çatıb. Üstəlik, əgər bəyan edildiyi kimi, Minskdə Qarabağ konfransı toplansa, o zaman informasiya effekti Azərbaycanın gözlədiyindən də artıq olacaq.
İkincisi, Azərbaycan ordusunun heç də genişmiqyaslı müharibəyə çevrilməyəcək kiçik bir hərbi qarşıdurmada göstərdiyi güc hamı üçün gözlənilməz oldu. Əldə olunan uğur isə əvvəllər gördüklərimizdən kardinal şəkildə fərqlənir. Hələ 2014-cü ilin yayında - atəşkəs dövrünün ən aktiv hərbi fazası zamanı Azərbaycan ordusu ermənilərin birinci müdafiə xəttini keçə bilməmişdi. İndi isə onun öncül dəstələri asanca və sürətlə rəqibin iki müdafiə xəttini yararaq, ermənilərin 20 ildir möhkəmləndirdikləri 7 dayaq və iki yaşayış məntəqəsini götürüb.
Azərbaycanlılar nümayiş etdirdilər ki, döyüş meydanında təşəbbüs bütünlüklə onlara məxsusdur – nə vaxt istəsələr sərhədi yarar və dayaq məntəqələrini ələ keçirər, nə vaxt istəsələr də çıxıb gedərlər. Onlar həmçinin, çox təhlükəli silah növlərinin tətbiqini nümayiş etdirdilər. Məsələn, müdafiə qurğularına aman tanımayan TOS “Solnsepek” kimi. Nəticədə ermənilər sadəcə, geri çəkilməli oldular. Digər silahların, misal üçün, İsrail istehsallı pilotsuz uçaqların (kamikadze-dronlar – red.) tətbiqi isə əsl sürpriz oldu, çünki çox az adam bilirdi ki, Azərbaycan ordusunda belə silahlar da var.
Əlbəttə ki, azərbaycanlıların döyüş meydanında tam üstünlüyündən danışmaq olmaz, - hər halda onların çoxlu tank itirməsi buna sübutdur, - amma bütövlükdə baş verənlərin hamısı şübhəsiz ki, gözlənilməz oldu: əgər öncələr hesab olnurdusa ki, Qarabağ – mühəndis anlamında mükəmməl alınmaz qaladır, indi artıq heç kim buna əmin ola bilməz.
Bakının üçüncü şəksiz uğuru Ermənistanın Rusiya və KTMT ilə arasını vurmasıdır. Xatırladım ki, Dağlıq Qarabağda Ermənistanın özü-özünü müdafiə edəcəyi haqda mif, Ermənistan üçün status-kvonun saxlanması doktrinası daima Moskva və KTMT-nin səyləri ilə Azərbaycanın ən müxtəlif sahələrdə neytrallaşdırılması üzərində qurulmuşdu, o sırada Azərbaycana silah imtinası və Ermənistanın maksimum, havayı silahlandırılıması, Bakıya informasiya və başqa təzyiqlər üzərində, Rusiyanı konfliktə cəlb etməyə məcbur etmək üçün Qarabağ münaqişəsini Ermənistan ərazisinə keçirmək ideyası və s. üzərində formalaşmışdı.
Lakin mövcud situasiya göstərir ki, bunların heç biri işləməyib: Bakıya Rusiyadan silah satışını dayandırmaq təşəbbüsü fiasko olub, nə Rusiya, nə də başqa kimsə Ermənistanın xeyrinə seçim etməyib, ən yaxşı halda bərabər məsafə saxlamaq siyasəti yürüdülüb. İrəvan üçün ən pis hal isə Belarusun məlum bəyanatı, Qazaxıstanın təşəbbüsü ilə isə Avrasiya Birliyinin İrəvan toplantısının  ləğvidir. Bununla onlar açıqca göstəriblər ki, heç bir halda Azərbaycanla münasibətləri korlamayacaqlar.
Bundan əlavə, ekspert ictimaiyyətində söhbətlər başlayıb ki, qonşusu ilə ərazi mübahisəsi olan Ermənistanın KTMT hərbi blokuna qəbul edilməsi ümumiyyətlə, yanlış olub və belə hallarda NATO prinsiplərinə söykənmək lazımdır – necə ki, alyans Gürcüstan və Ukraynanın üzvlüyünü eyni səbəblə israrla rədd edir. Bütün bunlar mütəşəkkil şəkildə Rusiyaya üsyan püskürən və indi də Rusiya əleyhinə kampaniya aparan, Vladimir Putinə təhqiramiz sözlər yağdıran erməni KİV-lərində yarım-panika, yarım-isterika vəziyyəti doğurub.
Şübhəsiz, təkcə o fakt ki, Ermənistan Dağlıq Qarabağ məsələsinin həllində Moskvanın və KTMT-nin ona kömək eləmək qabiliyyətinə inamını itirir və İrəvanın müttəfiqləri ilə münasibətləri gərginləşir, Azərbaycana sərfdir və Bakı üçün ciddi uğurdur. Bakı üçün yeganə ciddi minus odur ki, beynəlxalq birlik xeyli dərəcədə onu konflikti qızışdıran tərəf adlandırır.
 Lakin indiki şərtlərdə bu, kardinal əhəmiyyət daşımır və bir çox səbəblərdən Azərbaycan üçün əsas təhlükə deyil. Əvvəla, ona görə ki, Rusiya siyasi reallıqlarında əsas qızışdırıcılar kimi Türkiyə və ABŞ-ın adı çəkilib. Bu, əlbəttə, yanlışdır və bizim daxili siyasi təbliğatın, “əcinnə ovu”nun tərkib hissəsidir, lakin bununla belə, Bakının xeyrinə işləyir.
Qərb də bu məqamı körükləyəsi olmazdı, nədən ki: 1. Onun anlamında Qarabağ Azərbaycanın tərkib hissəsidir, Ermənistan isə əksinə, qoşunların geri çəkilməsi haqda BMT qətnamələrini yerinə yetirməkdən imtina edir. 2. Qərbin özü Bakı ilə İrəvan arasında seçim etmir, demək, kimisə günahkar təyin etməyə hazır deyil. 3. Qərbin Qarabağ məsələsinə çox vaxt ayırmağa nə istəyi, nə də imkanı var. 
Beləcə, bütün təfərrüatlar nəzərə alınarsa, münaqişədə hesab hələlik 3:1 Azərbaycanın xeyrinədir.