Rusiyalı nazir Doha danışıqlarının uğursuzluqla nəticələnməsinin günahkarlarını açıqlayıb

Rusiyanın energetika naziri Aleksandr Novak neft hasil edən ölkələrin Qətərin paytaxtı Dohada keçirilən danışıqların uğursuzluqla yekunlaşmasında günahkar olanların adlarını açıqlayıb.
"Report" xəbər verir ki, A.Novak bu barədə NTV telekanalına müsahibəsində danışıb.
"Bəzi OPEK ölkələri iclas başlamazdan az əvvəl mövqelərini dəyişdilər. Bunlar Səudiyyə Ərəbistanı və bəzi körfəz ölkələri idi", - deyə nazir bildirib.
A.Novak deyib ki, onlar neft hasilatının dondurulması ilə bağlı fikri iclasda iştirak etməyən digər ölkələrin də dəstəkləməsinin zəruriliyini təklif ediblər: "Həmin iştirak etməyən ölkələr isə İran və Liviya kimi OPEK-ə üzv dövlətlər və təşkilata üzv olmayan nəhəng ixracatçılardır".
Qeyd edək ki, aprelin 17-də Dohada keçirilmiş görüşün yekununda neft hasilatının dondurulması barədə razılıq əldə olunmayıb. Növbəti danışıqların iyun ayında olacağı gözlənilir.