Rusiyada rublun məzənnəsinin sabitləşməsi təklif edilir

Azərbaycana daxil olan xarici valyutanın məbləği arta bilər.
Rusiya prezidentinin müşaviri Sergey Qlazev bildirib ki, rublun dollara nisbətən cari məzənnəsi həqiqi dəyərindən üç dəfə aşağı salınıb.
Ans-in məlumatına görə, “RSN” radiosuna müsahibə verən Qlazev bildirib ki, dolların alıcılıq 23-25 rubla bərabərdir. Qlazev fikrini  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qiymətləndirməsi ilə  əsaslandırır: “Rusiyada və ABŞ-da ərzaq səbəti götürülür və baxırlar ki, 100 dollara ABŞ-da və Rusiyada həmin səbətdən nə almaq mümkündür”.
Rus məmurun sözlərinə görə, rublun dollar qarşısında məzənnəsi həqiqi dəyərindən üç dəfə aşağıdır. Hazırda 1 dollar təxminən 68 rubla bərabərdir. Əslində, 2014-cü ildə dolların qiyməti Qlazevin bəhs etdiyi həddə yaxın idi, lakin sonradan Rusiya Mərkəzi Bankı üzən məzənnəyə keçdi və rubl sürətlə ucuzlaşdı. Müəyyən vaxtlarda dolların məzənnəsi 80 rubla qədər qalxmışdı.
İndi Sergey Qlazev rublun məzənnəsinin sabitləşməsinin vacib olduğunu bildirir: “İqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin etmək üçün məzənnəni sabitləşdirmək lazımdır”. Onun fikrincə, Rusiya Mərkəzi Bankı rublun iflasından sonra məzənnəni sabitləşdirməli idi: “İndi biz alverçilərin müdaxiləsi olmadan yaşayardıq”.

Son illərdə dolların rubla görə məzənnəsinin dəyişməsi Sergey Qlazevin fikrincə,  iqtisadiyyat sabit məzənnəyə alışdıqdan sonra kreditlər vasitəsi ilə idxalı əvəz edən istehsalı dirçəltmək mümkün olardı.  Rusiya prezidentinin müşaviri dolların məzənnəsini 60-80 rubl aralığında bir rəqəmdə sabitləşdirməyi tövsiyyə edir.
Əgər Rusiya bu addımı atarsa, bunun Azərbaycan manatının məzənənsinin sabitləşməsinə təsiri qaçılmazdır. Son bir ilin təcrübəsi göstərir ki, Rusiya rublunun məzənənsinin dəyişməsi manatı öz ardınca aparır. Rublun manatat təsiri bir neçə yolla baş verir. Birincisi, Rusiyadan fiziki şəxslərin Azərbaycana göndərdiyi pul baratlarıdır ki, bu, manatın məzənnəsinin sabitləşməsinə böyük dəstək verir.

2015-ci ildə bəzi postsovet ölkələrinə Rusiyadan fiziki şəxslərin göndərdiyi vəsaitlər (milyon dollar)
Rusiya Mərkəzi Bankının məlumatlarına görə, 2015-ci ildə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 627 milyon dollar vəsait köçürülüb. Bu, 2014-cü ildə daxil olmuş vəsaitlərdən iki dəfə azdır. 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 milyon dollar daxil olub. Vəsaitlərin azalması rublun dollar qarşısında ucuzlaşması hesabına baş verib. Rubl sabitləşdikdən sonra Rusiya bazarında qiymətlər yenidən qalxa bilər və beynəlxalq səviyyəyə uyğunlaşar ki, bu da əmək miqrantlarının Azərbaycana göndərdiyi vəsaitlərin artması ilə nəticələnə bilər. Nəticədə manata şimaldan təzyiqlər xeyli azalar.
Sabitləşən rus rublu Azərbaycanın əmlak bazarına Rusiyadan vəsait axınını da bərpa edə bilər. Halbuki, rubl devalvasiyaya uğradıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların bir çoxu mənzillərin sataraq əldə etdikləri vəsaiti Rusiyaya aparmağa başladılar. Sabitləşən rubl prosesin əksinə baş verməsinə dəstək verə bilər.
Rusiya Azərbaycanın tarixi metropoliyasıdır və 25 il əvvəl müstəqilliyini bərpa etmiş respublika keçmiş mərkəzində çox şeylərdə, o cümlədən maliyyə proseslərində də asılıdır. Buna görə də, Azərbaycan istər-istəməz öz iqtisadi saatını şimal qonşusuna görə kökləməlidir. Əks halda zamanı vaxtında yaxalaya bilməz.