Rusiyada Qarabağla bağlı sammit olacaq

Sammitin vaxtı hələ açıqlanmayıb.
Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammit keçiriləcək.
 
ANS PRESS-in məlumatına görə, Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın ölkədəki səfiri Jan Moris Riperlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sammiti müzkirə edib.
 
Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli sammitə hazırlıq məsələlərinə toxunulub.
Məlumatda bildirilir ki, görüş fransalı səfirin istəyi ilə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da iştirak edib.
 
Amma üçtərəfli sammitin nə vaxt və hansı ölkələrin iştirakı ilə keçiriləcəyi barədə məlumat yoxdur. 
 
Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədrləridir. Hər iki ölkə münaqişənin həllində mühüm rola malikdir.
 
Elə adıçəkilən ölkələrin təşəbbüşü ilə aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən gərginliklərdən sonra prezidentlərin görüşü baş tutmuşdu. Prezidentlər  Avstriyanın paytaxtı Vyanada görüşüblər.
Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də XİN rəsmiləri - ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.
 
Görüş iki saatdan artıq davam edib.
 
İ.Əliyev və S.Sarkisyanın 3+2 formatında (prezidentlər və həmsədrlər) görüşündə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.