“Rusiya və Azərbaycan dollardan imtina edəcək"

 "M.V.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Moskva İqtisadi Forumu işə başlayıb.
AzərTac xəbər verir ki, bu il tədbirə dünyanın 16 ölkəsindən 3800 iştirakçı toplaşıb. Forumu giriş sözü ilə Rusiya Elmlər Akademiyası (REA) müxbir üzvü, REA-nın İqtisadiyyat İnstitutunun elmi rəhbəri Ruslan Qrinberq açıb. O, tədbirə toplaşanları salamlayaraq bütün postsovet məkanı və sosialist düşərgəsi ölkələrinin iqtisadiyyatları qarşısında duran məsələləri sadalayıb.
Forumun ilk plenar iclasında 2007-2011-ci illərdə Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı-direktoru olmuş Dominik Stross-Kan çıxış edib. D.S.Kan deyib: “Qərb güman edirdi ki, Rusiyaya ixrac edilən bazar mexanizmləri qısa vaxtda səmərə verəcək. Lakin zaman göstərdi ki, hər bir ölkə öz inkişaf yoluna malikdir. İqtisadi institutlar da, iqtisadi mexanizmlər də hər bir ölkədə müxtəlif cür işləyir. Bu baxımdan hər bir ölkə öz strategiyasını formalaşdırmalı və iqtisadiyyatını şaxələndirməlidir”.
Rusiya Federasiyası Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev BVF-nin keçmiş rəhbəri ilə həmrəy olduğunu bildirib. D.Savelyev deyib: “Həm Rusiya, həm də Azərbaycan üçün iqtisadiyyatın xammal səciyyəsindən uzaqlaşmaq çox vacibdir. Bu, onların iqtisadi təhlükəsizliklərini möhkəmləndirəcək və neftin qiymət konyukturasından asılılıqlarını zəiflədəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında qarşılıqlı ticarətdə milli valyutalardan istifadə 25-26 faiz təşkil edir və bu göstərici daim artır. İstisna deyil ki, yaxın illərdə Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmalarda bütünlüklə dollardan imtina edəcək. Bu, hər iki ölkəyə çoxsaylı maliyyə risklərindən yayınmaq imkanı verəcək”.
Sonra forumda sosial məsələlər müzakirə olunub. “Rossiyskiy ekonomiçeskiy jurnal”ın redaksiya şurasının üzvü Yuri Boldırev çıxış edərək deyib: “Neftin hazırkı radikal qiymət enişi fəlakət, yoxsa bizə verilən fürsət, xəbərdarlıq zəngidir? Məncə, bu, şansdır. Həyat bizi xəbərdar edir: dayanın, çevrilin. Əlbəttə, biz cəmiyyət və dövlət quruculuğunun yaradıcı modelinə sarı çevrilməliyik. Buna uyğun olaraq iqtisadiyyata məqsəd deyil, maddi ümumi məqsədlər naminə xidmət mexanizmi, maddi uğur mexanizmi kimi yanaşmalıyıq”.
Forumda iştirak edən Rusiya-Azərbaycan Dostluğu Mərkəzinin direktoru Nataliya Krasovskaya bu mövqeyi dəstəkləyib. O qeyd edib: “Rusiya və Azərbaycan sosialyönümlü dövlətlərdir. Başlıca vəzifə insanların rifahıdır. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bunu qeyd ediblər. Bu gün də mürəkkəb iqtisadi situasiyada sosial sabitliyin dəstəklənməsi ölkələrimizin prioritet vəzifəsidir və bu, uğurla həyata keçirilir”.