Rusiya təzyiqlərə bazardan başladı: Azərbaycanlıların aqibəti necə olacaq?

 
Natiq Miri: “Problemlərin yaranmasına təkcə erməni məmurlar deyil, ümumilikdə Rusiya hakimiyyəti şərait yaradır”
 
Rusiyada kifayət qədər azərbaycanlı yaşayır. Rusiya vətəndaşı olanlar da var, miqrant kimi qanunsuz işləyənlər də. Mərkəzi Bankın ötən ay yaydığı məlumata görə Rusiyadan Azərbaycana gələn valyutanın həcmi ötən illin eyni dövrü ilə müqayisədə 1.7 faiz artıb. Gözləntiləri isə ondan ibarət idi ki, Rusiyada iqtisadi vəziyyət düzəldikcə orada yaşayan azərbaycanlıların ölkəyə göndərdiyi valyutanın həcmi artacaq. Çünki Rusiyadan gələn vəsait ölkədə sosial narazılığın azalmasında və əhalinin dolanışığında çox ciddi rol oynayır. Ancaq ekspertlər vurğulayır ki, son 2 ildə Rusiyadan Azərbaycana gələn valyutanın həcmində ciddi azalmalar müşahidə olunur. Bəzi hesablamalara görə Rusiyada baş verən böhrandan öncə gələn valyuta nisbətən hal-hazırda gələn vəsait 7 dəfə azdır.
 
Bu günlərdə Rusiyada yaşayan azərbaycanlılar müəyyən çətinliklərlə üzləşib. Belə ki, bazarlarda işləyən azərbaycanlıların Rusiya bazarlarından çıxarılması ilə bağlı məlumatlar yayılır. Ancaq bu məsələdə müəyyən qaranlıq məqamların olması diqqəti çəkir. Belə ki, Rusiyanın Qafqaz siyasətində Azərbaycan önəmli yer tutur. Nəzərə alsaq ki, Azərbaycan regionda ən böyük enerji resurslarına malik olan ölkədir, Rusiyanın Azərbaycandakı maraqları başadüşüləndir. Ekspertlər hesab edir ki, azərbaycanlıların Rusiyada müəyyən vaxtlarda sıxışdırılması da məhz bu maraqlardan irəli gəlir. Rusiya müəyyən zamanlarda öz maraqlarını təmin etmək üçün bu üsuldan istifadə edir. Yəni, əslində Rusiya bazarlarında azərbaycanlıların sıxışdırılması bazar rəqabəti deyil, siyasi təzyiq vasitəsi kimi istifadə olunur.
 
Ato.az-ın məlumatına görə Siyasi şərhçi Natiq Miri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, baş verənlər Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirilməlidir: “Hər bir halda nəzərə almaq lazımdır ki, son zamanlarda Azərbaycan və Rusiya arasında kifayət qədər problemlər mövcuddur. Maraqlıdır ki, bu problemlərin həlli yönündə heç bir addım atılmır. Baxmayaraq ki, Rusiya və Azərbaycan prezidentləri arasından Soçidə təcili görüş keçirildi. Bu görüş haqqında Azərbaycan hakimiyyəti pafoslu şərhlər verməyə başladı. Ancaq nəticə etibarı ilə görünənlər deyilənlərin əksini göstərir. Yəni, bu görüşdən sonra azərbaycanlıların ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi məsələsi aradan qaldırılmadı. Yenidən qeydiyyat məsələsi isə hələ də həllini tapmır. Azərbaycana münasibətdə bir çox problemlər var ki, bunların həlli də əvvəllər olduğu kimi gözardı edilir. Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar hər gün davam edir. Ermənilər nəinki Azərbaycan hərbçilərini, hətta mülki əhalini də hədəf alırlar. Düşünürəm ki, bu təkcə Ermənistanın qəbul etdiyi qərarla baş vermir. Ona görə də son hadisələr, xüsusilə də azərbaycanlıların sıxışdırılması da bu kontekstdə baş verir”.
 
Ekspert əlavə edib ki, bu problemlərin yaranmasında əsas səbəb isə Rusiya hakimiyyətində təmsil olunan erməni kökənli məmurlardır: “Maraqlıdır ki, Azərbaycan tərəfi Lavrov kimi məmurları hədəf göstərsə də Rusiya tərəfindən bu məsələ ilə bağlı hansısa cəhdin şahidi olmuruq. Bu faktın özü də göstərir ki, problemlərin yaranmasına təkcə erməni məmurlar deyil, ümumilikdə Rusiya hakimiyyəti şərait yaradır. Əks tədqirdə, bu problemlərin çözülməsi ilə bağlı hansısa tədbirlərin şahidi olardıq. Rusiya Azərbaycandan istədiklərini almadıqca nəinki azərbaycanlıların iqtisadi sferada sıxışdırılmasını, hətta kütləvi şəkildə Rusiyadan çıxarılmasını da müşahidə edə bilərik. Düşünürəm ki, bu proses 2018-ci il prezident seçkilərinə doğru daha da intensivləşəcək. Çünki Rusiyanın Azərbaycada keçiriləcək 2018-ci il prezident seçkilərində konkret siyasi maraqları var. Bu maraqlar təmin olunmadıqca bu cür təzyiqləri müxtəlif sferalarda görəcəyik”.

Загрузка...
Загрузка...