Rusiya-Qərb qarşıdurması Qarabağ münaqişəsini qəlizləşdirib

«Ukrayna münaqişəsi kimi, Dağlıq Qarabağda da toqquşmaların bitməsini hədəfləyən diplomatik təşəbbüsləri Rusiya-Qərb qarşıdurması qəlizləşdirəcək».
ABŞ-ın «Stratfor» Araşdırmalar Mərkəzinin son təhlilində belə deyilir. Mərkəz postsovet məkanındakı bu iki münaqişəni müqayisə edir və vurğulayır ki, son günlər Qarabağ münaqişəsi ilə bağlı diplomatik danışıqlar qızışsa da, irəliləyişə ümid azdır.
İki ölkə prezidentinin 16 may Vyana görüşündən sonrakı günlər də cəbhə xəttindən atəşkəsin pozulması xəbərləri gəlməkdədir. Bu da görüşdə deyilənlərlə Qarabağ əməliyyatları arasındakı uyğunsuzluğu göstərir, eyni zamanda Ukraynanın şərqindəki böhranla oxşarlıqları ortaya qoymuş olur.
Təhlildə qeyd olunur ki, hər iki münaqişədə Rusiya və Qərbin iştirakıyla gərgin vasitəçilik prosesi gedir. Rusiya və Qərb bu bölgələrdə maraqlarını qorumağa çalışır və bir-birinə qarşı ziddiyyətli mövqeləri prosesi qəlizləşdirir.
«Bu səbəbdən, hər iki münaqişənin həlli mümkünsüz olub. Lokal ziddiyyətlər və təcavüzlə bir arada böyük oyunçuların rəqabəti və münaqişə tərəfləri üzərindəki nüfuzu öz təsirini göstərməkdədir. Diplomatik danışıqlar heç də həmişə münaqişənin həllini hədəfləmir. Bəzi ölkələr, özəlliklə, Rusiya özünü bacardığı qədər problemin həllinə çalışan kimi göstərir, hətta böyük vasitəçi kimi çıxış edir, əslində isə, hər iki böhranı idarəolunan səviyyədə saxlayır».
«Stratfor» qeyd edir ki, münaqişələrdə kompromis və irəliləyiş potensialı həmişə var, amma gərək siyasi məsələlər əsas təhlükəsizlik komponentlərinin icrasıyla üst-üstə düşsün. «Nə Dağlıq Qarabağda, nə də Ukraynanın şərqində atəşkəs razılaşmalarına davamlı əməl olunur. Bu baş vermədikcə, ağızdolusu öhdəliklərin verildiyi nə qədər görüş, diplomatik sammit keçirilir, keçirilsin, münaqişələr qalacaq».
Britaniyanın «The Economist» dərgisi də Dağlıq Qarabağ münaqişəsindən yazır. Məqalədə aprelin əvvəlindəki dördgünlük toqquşmalardan söz açılır, bunun Bakıda 20 il öncəki məğlubiyyətdən bəri ilk qələbə kimi qeyd olunduğu vurğulanır.
«Psixoloji baxımdan, Stalinqrada bənzəyirdi. Yəni bu toqquşmalar sübut elədi ki, biz qələbə çala bilərik», - ADA Universitetinin rektor müavini Fariz İsmayılzadə deyib.
Məqalədə qeyd olunur ki, Rusiya bu münaqişədə həm vasitəçi, həm də tərəfdir: Ermənistanda hərbi bazaları var, hər iki tərəfə silah satır. Bu münaqişə Moskvaya bütün bölgəni asılı durumda saxlamağa imkan verir. «Rusiya olmasaydı, münaqişəni çoxdan həll etmişdik», - Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir.
«Türkiyə, İran və Rusiyanın – hamısının Cənubi Qafqazda maraqları var, heç biri müharibənin böyüməsini istəmir. Ancaq Azərbaycanla Ermənistanda vətənpərvərlik eyforiyasını nəzarətdə saxlamaq həmişə mümkün olmaya bilər. Çox vaxt Qafqazda emosiyalar elə qızışır ki, səbəb də yaddan çıxır», - «The Economist» yazır. (“Azadlıq” radiosunun xülasəsi)