Rusiya Qarabağa görə hər şey edəcək - Lavrov

İrəvanda Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbəndyanın mətbuat konfransı keçirib.
 Axar.az xəbər verir ki, dünən İrəvana səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün səhər saatlarında erməni həmkarı ilə qapalı görüşü baş tutub. Görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə edilib.
 Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Qarabağdakı son döyüşlər konfliktin hərbi yolla həll edilə bilməyəcəyini göstərdi:
 “Hazırda prioritet məsələ 1994-ci il razılaşmasına (atəşkəs razılaşması nəzərdə tutulur - red.) tam ciddi əməl edilməsidir. Rusiya həmsədr ölkə kimi tərəflərə hərtərəfli yardım üçün hər şeyi edəcək. Hazırkı mərhələdə atəşkəs haqqında razılaşmanın yerinə yetirilməsindən əlavə, ATƏT tərəfindən hazırlanan və 2011-ci ildə təqdim edilən təhlükəsizlik tədbirlərinin reallaşdırılması və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi də vacibdir”.
 Qeyd edək ki, Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan Prezidenti Serj Sərkisyanla da görüşəcək.