"Rusiya müharibənin başlayacağını bilirdi" - Erməni deputat

Ermənistanın Lragir.am saytına müsahibə verən "Azad demokratlar" partiyasının sədri, deputat Xaçatur Kokobelyan iddia edib ki, Rusiya aprel ayının 2-də başlayan hərbi əməliyyatlardan xəbərdarmış.
Avropa.info xəbər verir ki, o, KTMT və Avrasiya İttifaqının Ermənistana heç bir xeyri olmadığını, əksinə total blokadada saxladığını, ölkəsinin alternativlər axtarmalı olduğunu bildirib:
“Rusiya “Aprel müharibəsi” zamanı nə qazandı?
- Rusiya baş verəcək hücum haqda bilirdi. Bunu şəxsi görüşlərdə rus məmurlar da təsdiq edir. Parlamentdə müzakirələr gedən zaman rus məmurlar bunu inkar etməyə də cəhd etmədilər. Biz hamımız deyirik ki, Türkiyə Azərbaycanı dəstəkləyir, onlar Azərbaycanın təbii müttəfiqidir. Rusiya isə belə deyil. Rusiyanın Azərbaycana dəstək verməsi onun strateji maraqlarından irəli gəlmir. Bu biznesdir. Heç bir təminat yoxdur ki, Rusiyanın Azərbaycana satdığı silah Türkiyə ilə münasibətlərin pisləşməsi halında ona qarşı istifadə edilməsin.
KTMT Qarabağda baş verən hadisələrə qarışmaq istəmədi. Naxçıvan tərəfdən hücum ediləcəyi təqdirdə biz hərbi blokun müdaxiləsini gözləyə bilərikmi?
- Biz növbəti dəfə əmin olduq ki, KTMT  Ermənistan üçün təhlükəsizlik sistemi deyil. Avrasiya İqtisadi İttifaqı və KTMT Ermənistanı total blokada vəziyyətinə gətirib. Ermənistan hərbi-siyasi blokadadadır. O KTMT-də dəstək almır, bu blok onun hüquqlarını, eyni zamanda alternativlərini məhdudlaşdırır. Eyni söz Ermənistanı iqtisadi alternativdən məhrum edən Avrasiya İqtisadi İttifaqına da aiddir. Ermənistan hərbi-siyasi və iqtisadi alternativlər axtarmalıdır. Çoxu deyir Ermənistan üçün bunlardan başqa alternativ yoxdur, alternativləri yaradırlar, hədiyyə almırlar".