​Rusiya İran parlamentində qalmaqal yaratdı

 
İran heç bir hərbi bazasını Rusiyanın sərəncamına verməyib.
 
Axar.az xəbər verir ki, bunu İran parlamentində deputatlarla mübahisəsi zamanı spiker Əli Laricani söyləyib.
 
Parlamentdə bir sıra deputat hökumətin Rusiya ilə bağlı siyasətini sərt tənqid ediblər. İslamabad-Qarb şəhərindən olan deputat Həşmətulla Falaxatpiş isə Əli Laricaniyə müraciət edərək, Rusiya hərbçilərinin İrana gəlməsini qanunsuz adlandırıb. O, İran konstitusiyasının 146-cı maddəsinə əsasən, ölkədə hətta sülh məqsədləri üçün belə hansısa xarici hərbi bazanın olmasının qadağan edildiyini bildirib. Laricani isə deputatın müraciətinə qarşılıq olaraq İran hərbi bazalarından heç birinin Rusiyaya verilmədiyini açıqlayıb.
 
Qeyd edək ki, Rusiya dünəndən etibarən İranın Həmədan şəhərində özünün bombardmançı təyyarələrini yerləşdirib. Bu təyyarələr vasitəsilə rus hərbçilər Suriyadakı terrorçuların mövqelərinə zərbələr endirəcək. Artıq bu informasiyanı həm Rusiya, həm də İran rəsmiləri təsdiqləyiblər.