“Rusiya ilə Türkiyə arasında buzlar əriməyə başlayıb” - NTV-də çıxış edən azərbaycanlı politoloq - VİDEO

Ankarada yaşayan azərbaycanlı politoloq, Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq münasibətlər bölümünün professoru Toğrul İsmayıl iyunun 3-də Rusiyanın NTV telekanalının “Bolşinstvo” ictimai-siyasi tolk-şousunda iştirak edib.
 Teleqraf.com xəbər verir ki, Sergey Minayevin aparıcısı olduğu proqram “Rusiya-Türkiyə: sülh mümkündürmü” mövzusuna həsr olunub. Proqram canlı yayımlanmayıb və iyunun 3-də Türkiyə vaxtı ilə 23:10-da efirdə olub.
Proqramla bağlı təəssüratlarını bölüşən T.İsmayıl deyib: “Altı aydan sonra ilk dəfə yenidən önəmli bir rus televiziya kanalında çıxış etmək qərarı verdim. İyunun 3-də Moskvada NTV telekanalının “Bolşinstvo” proqramına qatıldım. Bunun səbəbi həm sizlərin dəstəyi, həm də ilk dəfə ikitərəfli əlaqələrin nizama salınması mövzusunun müzakirə ediləcəyi idi. Əsas məsələ də bu zaman ərzində nələrin dəyişdiyini görmək önəmli idi”.
 T.İsmayıl çox ilginc şeylər yaşadığını vurğulayıb: “Dəvət edənlər çox ilgiləndilər. Hətta çox yüksək səviyyədə. Proqrama qatılanlar, xüsusən də, general Frans Klintseviç mənimlə çox isti görüşdü. Eynən köhnə dost və qardaş kimi. Ayrılanda da eyni şəkildə sağollaşdı. İzləyicilərdən də proqramdan sonra mənimlə foto çəkdirmək istəyənlər oldu. Doğrusu, bunu heç gözləmirdim. Ən önəmlisi proqramdan sonra daha 5-6 yeni proqrama dəvət aldım. Demək istədiyim odur ki, bu dəfə yayında göstərilənlərlə kulis arxasında daha çox fərq vardı. İlk getdiyim vaxt kulis çox gərgin idi və hətta haradasa qovğa çıxacaqdı. Bu dəfə isə çox mötədil bir dostyana durum söz qonusu idi”.
Bununla belə, politoloq propaqandanın hələ də öz sözünü dediyini bildirib: “Bu səbəbdən proqramın izləyicilərə nümayişi canlı yazılsa da, canlı deyildi və bəzi yerlər, özəlliklə mənim çıxışlarım qayçılanmaya məruz qalmışdı. Fəqət bunu təsbit etdim. İki ölkə arasında buzlar əriməyə başlayıb, böyük ehtimalla sentyabr-oktyabr aylarında bir anlaşmaya varmaq mümkündür. Rusiyadan çox-çox “üzr istənilsin” deyilməsinin səbəbi də budur!”.
Qeyd edək ki, T.ismayıl ötən ilin noyabrın 24-də Türkiyə səması üzərində Rusiyanın “Su-24” qırıcı təyyarəsinin vurulmasından sonra sözügedən proqramda çıxış etmiş və proqram geniş rezonans doğurmuşdu. Həmin vaxt soydaşımız studiyada söz hücumuna məruz qalmışdı. Hətta, T.İsmayılın indi onunla dostcasına görüşdüyünü bildirdiyi Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin birinci müavini Frans Klintseviç T.İsmayıla qarşı təhqiramiz sözlərdən istifadə etmişdi.
- See more at: http://teleqraf.com/news/99714#sthash.dRhSTfPU.dpuf