​“Rusiya ilə açıq danışmağın vaxtı çatıb” - Qüdrət Həsənquliyev

 
 
“Rusiyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür, bir şərtlə ki....”
 
Son zamanlar Rusiyanın vasitəçiliklə bir araya sığmayan addımları, Kremlin xüsusilə də işğalçı Ermənistana “İsgəndər” raket komplekslərini bağışlamasından sonra bu ölkə ilə birgə hərbi birləşmələr yaratmağa qərar verməsi Azərbaycanda ciddi narahatlıqlar yaradıb.
 
Ermənistan rəhbərliyinin hətta xarici işlər nazirləri səviyyəsində planlaşdırılan Almaniya görüşünü belə pozması, üstəlik, görüşün keçiriləcəyi günlərdə Qarabağa qanunsuz gəlməsi, hərbçilərlə görüşməsi açıq-aydın təxribatdır və Azərbaycanı savaşa cəlb etmək niyyətindən xəbər verir. Şübhəsiz ki, Ermənistan bu cür azğınlıqlara məhz Kremlin dəstəyi və təlimatları ilə yol verir, əks təqdirdə, Ermənistan həddini aşmağa cürət etməzdi.
 
BAXCP sədri, deputat Qüdrət Həsənquliuyev də hesab edir ki, Bakı, nəhayət, Moskva ilə açıq danışmalıdır. Xatırladaq ki, Q.Həsənquliyev bundan əvvəl Qarabağın işğalına son qoyulmasının müqabilində Rusiya ilə ciddi anlaşmaya gedilməsini də mümkün sayırdı. Lakin parlamentin son iclaslarından birində Rusiyanın işğalçıya dəstəyinə çox sərt reaksiyası ilə diqqət çəkdi.
 
- Qüdrət bəy, aprel savaşından sonra Qarabağ məsələsinin tənzimlənməsində təkbaşına aktiv fəaliyyətə keçən Moskva son zamanlar işğalçıya açıq dəstək verməklə daha çox proseslərin tətikçisi rolunda çıxış edir. Sizcə, şimal qonşumuz Bakıdan həllə nail olmasının qarşılığında nələri tələb edir?
 
- Sözün doğrusu, nə tələb etdiyi barədə məlumatım yoxdur. Amma bilirəm ki, Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqelərindən xeyli dərəcədə geri çəkilib. Yəni Rusiya aprel döyüşlərindən sonra Ermənistana bir az da təzyiqi artırmaq, problemi həll etmək lazımdır, tələbini qoymaq əvəzinə, 250 milyonluq güzəştli kreditlə bu ölkəyə ən müasir silahlar, “Smerç” sistemləri, “İsgəndər” raket kompleksləri verdi.
 
Beləliklə də artıq Ermənistan nəinki öz mövqelərindən geri çəkilmədi, mövqelərini bir az da sərtləşdirdi. Mənim də parlamentdəki çıxışıma səbəb Sərkisyanın Respublikaçılar Partiyasının qurultayında dolayısı ilə bəyan etməsi oldu ki, “biz Bakını da tuta bilərik, hətta kapitulyasiya aktına imza da atdıra bilərik”. Elə həmin gündə Şoyqunun erməni həmkarı ilə birgə qoşun yaratmaqla bağlı saziş imzalaması açıq deyim ki, vasitəçilik missiyasına heç cür sığmayan, açıq-aşkar təcavüzkarı dəstəkləyən bir mövqedir.
 
Hesab edirəm ki, Azərbaycan cəmiyyəti bundan sonra Rusiyanın guya vasitəçi olduğuna və bu məsələnin həllinə töhfə verdiyinə əvvəlki şəkildə özünü inandırmağa çalışmamalıdır. Ona görə də parlamentdəki çıxışımda da hökumətə çağırış etdim ki, nəhayət, Rusiya ilə konkret danışıqlar aparıb Moskvanın Azərbaycandan beynəlxalq hüququ müdafiə etməsinin qarşılığında nə istəməsini bilməliyik. Bu barədə xalqımıza da açıq məlumat verməliyik. Bundan sonra da Rusiya ilə münasibətlərimizə mütləq yenidən baxmalıyıq. Yoxsa indiki şəraitdə nə baş verir?
 
Belə çıxır ki, Rusiya işğalçı dövləti müdafiə edəcək, torpaqlarımızın işğal altında qalmasını Ermənistanla birlikdə təmin edəcək, biz də guya Rusiya ilə dost dövlət kimi yaxından əməkdaşlıq edəcəyik, gündə bir humanitar forum keçirəcəyik, Rusiyada müxtəlif humanitar layihələr həyata keçirəcəyik, hərbi sahədə əməkdaşlıq nəticəsində ona böyük pullar verəcəyik. Əgər aldığımız silahları doğrudan da torpaqlarımızın işğaldan azad olunması üçün istifadə edə bilməyəcəyiksə, niyə Rusiyanın hərbi sənaye kompleksindən o silahları alırıq? Biz o silahı kimlə vuruşmaq üçün alırıq, Türkiyə, Qazaxıstan, İran, ya Gürcüstanla?
 
- Amma bir məsələ də var ki, Rusiya ilə münasibətlərdə fərqli mövqenin seçilməsi Ukrayna və Gürcüstan təhlükəsini yaradır. Bəlkə hakimiyyət buna görə ehtiyatlı davranır...
 
- Tutaq ki, Rusiya Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, ya Ukraynada Krımı özünə birləşdirib. Rusiya Azərbaycanla münasibətlərdə də eyni mövqeni sərgiləsə, tutaq ki, Dağlıq Qarabağın “müstəqilliyini” tanısa, mən düşünmürəm ki, Kreml bundan qazanacaq. Əvvəla, Azərbaycan regionda strateji əhəmiyyətli bir ölkədir. Rusiya bu addımı atacağı təqdirdə onun Türkiyə ilə də münasibətləri ciddi şəkildə pisləşəcək. O cümlədən İslam dövlətləri ilə də münasibətlərinin pisləşəcəyi şübhə doğurmur. Azərbaycan cənubla şimal arasında bir dəhliz rolunu oynayır. Hazırda dəmir yolu xətti də çəkilir, İran və Rusiya istəyir ki, Azərbaycan üzərindən öz ticarət əlaqələrini genişləndisin. Dəmir yolu daşımaları da çox ucuz başa gəlir. Dediyim kimi, Azərbaycan bölgədə Rusiyanın maraqlarına uyğun olmayan heç bir addım atmır. Amma sabah Azərbaycan ən azından Gürcüstan səviyyəsində siyasət yürütməyə başlasa, öz əlaqələrinə yenidən baxsa ki, artıq qaradan artıq rəng yoxdur, mən düşünmürəm ki, Rusiya bundan faydalanacaq. Rusiya bilir ki, Cənubi Qafqazda özünün ciddi mövcudluğunu qoruyub-saxlamaq üçün regionun lider dövləti kimi Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamalıdır. Bunun üçünsə Rusiya mütləq özünün siyasətinə yenidən baxmalıdır və Ermənistana mütləq təzyiq etməlidir.
 
- Deputat həmkarınız Asim Mollazadə parlamentdəki çıxışında təklif etdi ki, Qarabağ danışıqları Ermənistanla deyil, birbaşa Rusiya ilə aparılmalıdır. Sizin də vaxtilə bənzər təklifləriniz olub...
 
- Mən uzun illər ərzində bu məsələni qaldırmışam. İndi Asim bəy də sağ olsun ki, bu fikri dəstəklədi. Xatırlayırsınızsa, sizin qəzetə müsahibələrimdə dəfələrlə demişəm ki, Rusiya bu münaqişədə vasitəçi yox, tərəfdir, ona görə də Qarabağı azad etmək istəyiriksə, mütləq Rusiya ilə danışmalıyıq. Rusiyanın müəyyən maraqlarını da burada təmin edə bilərik. Hökumətdən fərqli olaraq, hətta mən təklif etmişdim ki, Rusiyanın Azərbaycanda hərbi bazasını da yaratmaq mümkündür. Bir şərtlə ki, Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasına mane olmasın. Əgər Rusiya buna getmirsə, deməli, Azərbaycan bundan sonra da Moskvaya vasitəçi kimi baxmamalıdır. Torpaqlar onsuz da işğal altındadır. Kimsə işğal altındakı Dağlıq Qarabağın müstəqilliyini tanıdı, ya tanımadı, bunun Azərbaycan üçün nə fərqi var? De-fakto bu torpaqlar işğal altındadır və sən oranı azad edə bilmirsən, lap bundan sonra de-yure də tanısınlar, nə mənası? Amma sən torpağını işğalda saxlayan dövlətin maraqlarını təmin edən dostluq siyasəti yürüdürsən. O da bunun qarşılığında etdiklərinin müəyyən nəticələrini görməli, dadmalıdır. Bu baxımdan, Rusiya ilə açıq danışmağın vaxtı çatıb. Sözün doğrusu, mən bilmirəm bağlı qapılar arxasında nə danışırlar. Amma bu barədə xalqa da nəhayət ki, bir açıqlama verilməlidir.

Загрузка...
Загрузка...