"Rusiya heç zaman imkan verməz ki, belə yağlı tikə əlindən çıxsın" — Politoloq rəyi

 
ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Qarabağ münaqişəsinin həlli hazırda mümkün deyil
 
Con Kerri bunu ölkə liderlərinin buna hazır olmaması ilə əsaslandırıb.
 
Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv danışıqlar aparıldı, ancaq heç bir nəticə əldə olunmadı. Son zamanlar isə münaqişənin həlli ilə bağlı danışıqlar demək olar ki, dayandırılıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli və Con Kerrinin bu münaqişə ilə bağlı səsləndirdiyi fikrə politoloq Zərdüşt Əlizadə Ölkə.Az-da münasibət bildirib:
 
"Hadisələrin bir görünən tərəfi, bir də görünməyən tərəfi var. ABŞ-ın dövlət katibi Con Kerri hadisələrin görünən tərəfini deyir və o bunda haqlıdır.
 
Tərəflərin mövqeləri daban-dabana ziddir, güzəşt üçün, ortaq məxrəc üçün hazırlıq və niyyət yoxdur. Dövlətlərin apardıqları hərbi, ictimai təbliğat, siyasət onu göstərir ki, bu yaxın vaxtlarda Dağlıq Qarabağ məsələsi çətin öz həllini tapsın.
 
Hadisələrin görünməyən tərəfi ondan ibarətdir və ABŞ-ın dövlət katibi Con Kerri də bunu gözəl bilir ki, münaqişənin təşkilatçısı, ilhamvericisi, idarəedicisi Rusiyadır. Rusiya isə heç zaman imkan verməz ki, belə yağlı tikə, Cənubi Qafqazı itaətdə saxlamağa imkan verən münaqişə həllini tapsın və bölgə onun əlindən çıxsın.
 
Eyni mövqeni, münaqişədən istifadə edərək bölgəni idarə etmək istəyini ABŞ, Fransa və digər Qərb dövlətləri də əlində saxlayır. Qərb dövlətləri də istəyir ki, Rusiyanın yerində olsunlar və münaqişəni onlar idarə etsinlər, ancaq həll etməsinlər".