Rusiya Etibar Məmmədovu hakimiyyətə gətirmək istəyir...

Ekspertlər ehtimallarını açıqlayır; Etibar Məmmədov: “Məni qıcıqlandırıb danışdırmayın”
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər musavat.com-a müsahibəsində Azərbaycanda Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələrlə bağlı narahatlığını bildirib.
“İndi necə olur ki, milli-azadlıq hərəkatından çıxmış siyasətçilər bu gün Rusiyadan mədət umsunlar? Ya bu insanlar cahildir, öz dövlətlərinin, millətlərinin tarixini bilmirlər, nadandırlar, ya da ancaq Rusiyanın maraqlarına, “beşinci kolon”a xidmət edirlər. Azərbaycanda 1993-cü ilin 4 iyun qiyamı baş verəndə Azərbaycan demokratik inkişaf prosesindən yenidən çıxarıldı. Birinci dəfə də 1920-ci ildə rus işğalı milli dövlətçiliyin inkişafı prosesini, demokratik inkişaf prosesini durdurub. Rusiya hibrid savaşını ilk dəfə məhz Azərbaycanda sınaqdan çıxarıb, 4 iyun klassik hibrid müdaxilə idi. Bu prosesləri biləndən sonra bu gün hansısa bir azərbaycanlı siyasətçi, partiya Rusiyadan mədət umursa, yaxud Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək istəyirsə, “kömək haradan gəlir gəlsin, təki bu hakimiyyət getsin” kimi düşünürsə, çox yanılır. Onlar çox səhv yoldadırlar. Bu gün Azərbaycanda Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək prosesinə intensiv hazırlıq gedir. Bax, 4 iyun 93-də də belə düşünürdülər, nəticəsini, acı meyvələrini bu gün biz yeməkdəyik”,- deyə S.Əkbər müsahibəsində vurğulayıb.
Vaxtı ilə AXC hökumətinin içində də Rusiyameyilli qüvvələrin olduğunu və güclü də mövqeyə sahib olduqlarını vurğulayan S.Əkbər başlanan hazırlıqlardan narahatlığını vurğulayıb.
Prezident seçkilərinə iki il vaxt qaldığı dönəmdə yenidən Rusiya amilinin ciddiləşməsi müəyyən suallar yaradır. Azərbaycanda Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək istəyən qüvvələr kimlərdir? Hazırlıqlar hansı səviyyədədir? Müxalifət daxilində bu istiqamətdə addımlar atılıb hansısa bloklar yaradıla bilərmi? Bu kimi suallara müxalifət liderləri fərqli cavablar veriblər.
Sülhəddin Əkbər özü məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu proses hazırlıq mərhələsindədir və hələlik qərar verilməyib: “Siyasi qərarlar olmadan proseslərin hansı istiqamətdə inkişaf edəcəyi barədə fikir yürütmək qeyri-mümkündür. Qərar yoxdur. Amma mənim fikrimcə, yaxın tarixdə Rusiyanın Azərbaycanda və keçmiş postsovet məkanında apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycana müdaxilələr olacaq. Strateji, çoxtərəfli müdaxilə olacaq. Bu strateji planda həm siyasi məsələlər nəzərdə tutulur, siyasi-diplomatik, iqtisadi-sosial məsələlər, həm hərbi təhlükəsizlik məsələləri nəzərdə tutulur. Müəyyən texnogen təxribatların törədilməsindən, kiberhücumlara qədər çoxtərəfli geniş bir strateji plan olacaq. Siyasi blok yalnız onun tərkib hissəsi olacaq. Hər şey siyasi şəraitdən asılı olacaq, Rusiyanın hansı siyasi xətti yeridəcəyindən asılı olacaq. Bu müdaxilədə hərbi komponent üstünlük təşkil edə bilər. Yəni
Azərbaycanla Ermənistanın münaqişəsi əsasında başlayacaq, yoxsa qeyri-hərbi yolla olacaq. Yəni faktorlar dəyişə bilər. Bu barədə konkret söyləmək çətindir. Amma geniş müdaxilə planı olacaq. Burada həm “beşinci kolon”dan istifadə olunacaq. Həm də “beşinci kolon”un müxalifət daxilindəki siyasi partiyalardan, ictimai sektordakı qüvvələrdən, ziyalılardan və sairdən, mətbuata qədər bir çox çevrələrdən istifadə olunacaq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, Sülhəddin Əkbərin dedikləri ilə dövlət başçısı İlham Əliyevin bəzi məsələlərdə dedikləri üst-üstə düşür: “Xüsusilə də bu məsələdə fikirlər oxşardır. İllərdir ki, biz deyirik ki bu Rusiyameyilli qüvvələr, Rusiya və onun Azərbaycandakı adamları heç vaxt fəaliyyətdən qalmırlar. Onlar hər zaman fəaliyyətdə olublar. Sülhəddin bəy deyir ki, Azərbaycanda Rusiyadan kömək alaraq hakimiyyətə gəlmək prosesinə hazırlıq gedir. Məndə bu barədə məlumat yoxdur, amma o da bilmədiyi fikri deməz”.
Ekspert Natiq Miri isə musavat.com-a qeyd edib ki, əslində yeni bir qurumdan əvvəl indiki şəraitdə Rusiya tərəfdarı olan “beşinci kolon”un nümayəndələri indinin özündə də müxalifət sıralarında var: “2013-cü ildə Milli Şura səviyyəsində də bu prosesi gördük. Əslində Milli Şura bilavasitə Rusiyadan gələn xüsusi siyasi sifarişlə yaradılmışdı və bu yönlü qüvvələr indiki şəraitdə yenə də mövcuddur. Çox təəssüf ki, siyasi fəaliyyətdə olan insanlar üçün Azərbaycanın gələcəyi o qədər maraqlı deyil. Bu insanlar nə olur-olsun, yalnız hakimiyyət getsin deyə belə bir fəlsəfəyə, mahiyyətə uyğun siyasi fəaliyyət göstərirlər. O baxımdan, belə bir siyasi qüvvə indiki şəraitdə də fəaliyyət göstərir. Ancaq gələcəkdə də, 2018-ci il prezident seçkilərində Rusiyanın o qüvvələrə yenidən stavka edə bilər. Və onlar bilavasitə Kremlin siyasi dəstəyi ilə ortaya çıxa bilərlər. Hələlik elə bir ciddi qüvvələrin olduğu hələlik hiss olunmur. Bu, fəaliyyət cəmiyyəti narahat edəcək səviyyədə deyil. Ancaq prezident seçkilərinə doğru təbii ki, Rusiyanın bilavasitə dəstəyi ilə hansısa siyasi qüvvələrin aktivləşməsini biz təbii olaraq görə bilərik. Bu regionda qlobal səviyyədə gedən geosiyasi proseslərdən və Azərbaycan hakimiyyətinin gələcək davranışlarından asılı olacaq. Əgər Azərbaycan hakimiyyəti yenə də Rusiyanı, Kremli qane edəcək siyasət yürüdəcəksə, onları dəyişmək önündə heç bir vəchlə qolunu çırmalamayacaq. Yox, əgər Kremlin geosiyasi maraqlarına hansısa zidd addımlar atılacaqsa, təbii, onda Kreml maraqlı olacaq ki, prezident seçkilərində yeni bir güc mərkəzini formalaşdırsın”.
Qeyd edək ki, 2018-ci ildə Rusiyanın köməkliyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələrin arasında AMİP lideri Etibar Məmmədovun da olması barədə iddialar səsləndirilir. Etibar Məmmədov iddialarla bağlı musavat.com-a açıqlama verib.
“O iddiaları deyənlər qələt edirlər, başlarını da divara vurular. Məni qıcıqlandırıb danışdırmayın. Mən nə bilim 2018-də nə olacaq. Aktiv siyasətdə deyiləm”,- deyə E.Məmmədov vurğulayıb.