“Rusiya Ermənistan-Azərbaycan qarşıdurmasını şiddətləndirmək istəyir”

“Çox nahaq yerə elə fikirləşirik ki, Rusiya bizi sevəcək. Biz Rusiyanı həddindən artıq özümüzə yaxın hesab edirik və ən çox da bu məsələdə yanılırıq. 200 ildən çoxdur ki, biz Rusiya imperiyasının nəzarəti altındayıq və bu müddət ərzində hələ də Rusiyanı tanıya bilməmişik. Rusiyanın hazırda maraqları daha çox Ermənistan-Azərbaycan qarşıdurmasını şiddətləndirməkdir”.
 
Bu sözləri Turaninfo.az Moderator.az-a istinadən açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Rusiyanın Gümrüdəki 102-ci bazadakı tank və zirehli texnikanın bir hissəsini Ermənistan Silahlı Qüvvələrinin sərəncamına verməsi haqqında danışarkən deyib.
 
 
C.Nuriyev bildirib ki, Rusiya bununla Azərbaycanı yenidən əsarəti altına salmağa çalışır:
 
“Ermənistan-Azərbaycan məsələsində ABŞ-ın da, Avropanın da öz maraqları var və onlar gördülər ki, Azərbaycan bu məsələni kifayət qədər gündəmə gətirə bilir. Xüsusilə Avropadan gələn prezidentlərlə görüşlərdə Azərbaycanın ərazi bütövlüyü gündəmə gəlir və bu işin arxasında Rusiyanın durduğu açıq olmasa da, sətiraltı şəkildə deyilir. Rusiya çalışır ki, bir növ Azərbyacnaı yenə də həmin vəziyyətə salsın, son 200 ildə də bundan başqa siyasət yürütməyiblər”.
 
 
Politoloq Rusiyanın Türkiyə ilə yaxınlaşmasına da münasibət bildirib:
 
“Rusiyanın hazırda Türkiyə ilə yaxınlaşmasını da inandırıcı görmürəm. Hazırda Türkiyə üzərində ABŞ-la Rusiyanın ortaq bir oyunu gedir. Bunların hər ikisi Tükiyə dövlətini çökdürməklə məşğuldurlar. ABŞ-ın burada öz maraqarı var, çünki Türkiyə NATO-da ən güclü dövlət idi. Rusiya da maraqlıdır ki, cənub sərhəddində güclü dövlət olmasın. Rusiyanın öz tərkibində 20 faiz müsəlman türkləri var, Orta Asiya hamısı müsəlmandır, Qafqazda da Azərbaycan var. Rusiyanın buffer dövlətlərinin hamısı türk dövlətləridir. Ona görə Türkiyə zəifləməlidir ki, Rusiya öz maraqlarına xidmət edən bir siyasət qura bilsin.
Təssüflər olsun ki, Ərdoğan bunların məkrli siyasətini hələ də başa düşmür. İndi də gedib Suriyaya, İraqa girir. Türkiyə dövlət çevrilişinə cəhddən sonra eyiforiyadadır, hələ bundan çıxa bilməyib. Amma bu Türkiyəyə baha başa gələcək, bu şəkildə getsə, Türkiyə siyasi cəhətdən yenidən dövlət çevrilişinə hamilədir. Yəqin ki, yaxın 2-3 ayda bunun nəticəsi görünəcək. Çünki Türkiyənin hazırda yürütdüyü siyasətlə dövlətin gücü üst-üstə düşmür”.
 
 
C.Nuriyev sonda onu da qeyd edib ki, Azərbaycan bu məsələyə çox ciddi yanaşmalıdır:
 
“Vaxtilə Sevr müqaviləsini də bağlayanda belə səhv etmişdilər və o vaxt da Azərbaycan yandı, bütün İrəvanı itirdi. Gümrünün verilməsinin səbəbi də o vaxtkı tarixə dayanır. O vaxt Türkiyəyə qarşı ABŞ senatı V.Vilsonun siyasəti gündəmə gəldi, ardıyca da Sevr müqaviləsi bağlandı. Düzdür, onu Atatürk tanımadı, ancaq nə olsun ki… həmin məsələ indi də gündəmdədir.
İndi də bu günlərdə Gümrüdə həmin silahları Ermənistana verirlərsə, sabah o silahların hamısı Azərbaycana qarşı yönələcək. Nəzərə alsaq ki, orada S300, S400 raketləri var. Düzdür, Azərbaycanın hava hücumundan müdafiə sistemi var və inanmıram ki, Azərbaycana qarşı həmin raketlər itifadə olunsun. Amma bütün hallarda Rusiya yenə də ikili, üçlü standartlarla Azərbaycana yanaşır. Bu məsələdə biz bir qədər ehtiyatlı və ağıllı olmalıyıq. Çalışmalıyıq ki, heç olmazsa 80 faiz suverenliyimizi öz əlimizdə saxlayaq. Yoxsa o da əlimizdən çıxa bilər, bu məsələyə ağıllı, soyuq başla yanaşmaq lazımdır”.