Rusiya diplomatiyasının “ağır topu” sabah Bakıda olacaq - əsas gözləntilər

Rusiya diplomatiyasının “ağır topu” sabah Bakıda olacaq - əsas gözləntilər
Sergey Lavrovun səfəri olduqca ziddiyyətli və mürəkkəb bir dönəmə təsadüf edir; rusiyalı nazirin Bakıdan İrəvana getməyi planlaşdırmaması Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün unikal təbliğati üstünlük yaradır, çünki...
Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başlayır. Rəsmi məlumatlara görə, səfər ilk növbədə Rusiya-Azərbaycan əlaqələrinin mövcud durumunun müzakirəsinə, siyasi və iqtisadi məsələlərin razılaşdırılmasına həsr olunacaq, həmçinin terrorizmlə mübarizə, Xəzər dənizində özünü göstərən problemli məsələlər və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri danışıqlarda əsas mövzulardan olacaq.
Səfər Azərbaycan-Rusiya-İran XİN başçılarının üçtərəfli formatı çərçivəsində gözlənilsə də, aydındır ki, daha çox Bakı-Moskva, Moskva-Ankara münasibətləri kontekstində diqqət mərkəzində olacaq. Ziyarət ərəfəsində Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi isə qarşıdakı görüşlər və onların nəticələrinə ikiqat siyasi dəyər vəd edir. 
Qarabağ mövzusu gündəmdə yəqin ki, məxsusi yer tutacaq. Çünki həll olunmamış Qarabağ ixtilafı təkcə Azərbaycan və Ermənistan üçün deyil, münaqişəyə cəlb olunmuş Rusiya, Türkiyə və İranın da yerləşdiyi böyük bir coğrafiyada olduqca böyük təhlükə olaraq qalır. Sergey Lavrovun Azərbaycanın rəhbər şəxsləri ilə təmasda bu mövzunun diqqət mərkəzində olacağı şəksizdir. Səfər ərəfəsində Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə bu mövzuda müzakirələr aparması qənaətimizi gücləndirir.
Rusiyalı naziri sözsüz ki, prezident İlham Əliyev də qəbul edəcək. Ötən saylarımızın birində yazdığımız kimi, bəzi ehtimallara görə, bu görüşdə Lavrov Rusiya prezident Putinin İlham Əliyevə müəyyən mesaj və xahişlərini çatdıracaq. Nədən ibarət ola bilər bu mesajlar - ələlxüsus da son gəlişmələr fonunda?
İlk növbədə Putinin boykot elədiyi Nüvə Sammiti çərçivəsində onun azərbaycanlı həmkarı İlham Əliyevin keçirdiyi uğurlu Vaşinqton görüşlərinin nəticələri rəsmi Moskvanı maraqlandıra bilər. Çünki Kreml Bakı-ABŞ yaxınlaşmasına həmişə qıcıqlı və qısqanc yanaşıb.

İkinci mühüm mesajın Qarabağla ilgili ola biləcəyi istisna deyil. Yeni hərbi əməliyyatlar fonunda bu mesaj artıq daha böyük önəm daşıyır. Ehtimal ki, Lavrov hazırkı gərgin durumda Moskvanın Qarabağla bağlı nə düşündüyünü, hansı məramları güddüyünü diqqətə çatdıracaq.
Rusiyanın Qarabağ ixtilafından gözləntiləri isə çoxdan bəllidir: Dağlıq Qarabağ məsələsində ona baş arbitr rolunun tanınması, münaqişə zonasına özünün hərbi qüvvələrini yeritmək və Azərbaycanı Avrasiya layihələrinə qoşmaq. Hər üç məsələdə təbii ki, Bakının razılığına ehtiyac var. Lakin Azərbaycanın da şərtləri var - öncə işğal altındakı ərazilər, heç olmasa, 5 rayon geri qaytarılamlıdır.   
Bəs Lavrov hansısa təklif gətirəckmi? Rusiyanın yeni-köhnə şərtləri nə olacaq? Hər halda, rusiyalı nazirin azından növbəti Əliyev-Sərkisyan görüşünün təşkili ilə bağlı təklif çatdırılacağı istisna olunmur.
Diqqətçəkən detallardan biri də Bakı görüşündən iki gün öncə Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin “üçlü görüşü”nün keçirilməsidir. Xəbər verildiyi kimi, dünənki Tehran təmaslarında Qarabağ mövzusu da diqqətdə olub. Bu mənada Bakı görüşlərinin yekununa Tehrandakı üçlü təmasın da müəyyən təsiri olacaq.
Söhbət öncəliklə Ankara-Moskva münasibətlərinin xüsusən də təhlükəli inkişaf alan Qarabağ problemi fonunda normallaşması və bu normallaşmaya Azərbaycanın mümkün töhfəsindən (vasitəçilikdən) gedir. Putinin Bakıya bir xahiş-çatdırışı da elə vasitəçiliklə əlaqədar ola bilər. Hər necə olmasa, Azərbaycanın qardaş ölkəyə təsir imkanları özəl və böyükdür.

Azərbaycan üçün indi Rusiya-Türkiyə münasibətlərinin normallaşması Qarabağ münaqişənin ədalətli çözümü və konfliktə Rusiya faktorunun təsirini azaltmaq baxımından xüsusilə böyük önəm daşıyır. Çünki müharibə iki regional supergücün toqquşmasına  gətirə bilər. Rusiya-Türkiyə münasibətlərində isə axır vaxtlar hər iki tərəfdən bir stabil ilıqlaşma meyli duyulmaqdadır. Lavrovun Bakı görüşlərinə həm də bu aspektlərdən yanaşmaq lazım gəlir.
Nəhayət, rusiyalı nazirin hərbi əməliyyatlar fonunda Bakıdan İrəvana getməyi planlaşdırmaması Qarabağ məsələsində Azərbaycan üçün unikal təbliğati üstünlük yarada bilər. Hər halda, mövcud qəliz durumda Bakının da nə istədiyi Rusiya tərəfinə dəqiqliklə bəlli olacaq, erməni tərəfdə istər-istəməz diskomfort və şübhələr yaradacaq, o sırada Bakı-Moskva münasibətlərinin ermənilərin istəyinin əksinə olaraq, normal məcrada olması rəyini onlarda möhkəmlədəcək.