​"Rusiya bu layihənin baş tutmaması üçün çalışacaq" — Qubad İbadoğlu

 
Rusiya ilə Türkiyə arasında "Türk axını" layihəsinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Məlum məsələdir ki, "Türk axını" layihəsi Azərbaycanın TANAP layihəsinə rəqibdir.
 
"Türk axını" layihəsinin baş tutması TANAP üçün hansısa təhlükə törədə bilərmi?
 
Bu sualın cavabını iqtisadçı ekspert, ADR Hərəkatının sədri Qubad İbadoğlu Ölkə.Az-da cavablandırıb:
 
"TAP və TANAP layihəsi davam edəcək. TANAP və "Türk axını" layihələri rəqib layihələrdir. Hər iki layihə eyni hədəflə, eyni bazara çıxmağı planlayır. Sadəcə olaraq hər iki layihə arasında rəqabət var. Ancaq bütövlükdə Azərbaycanın layihəsinin dayanması və layihənin aktuallığını itirməsinə əsaslar yoxdur.
 
Təbii ki, TANAP layihəsi Rusiyanın maraqlarına uyğun deyil. Rusiya bu layihənin baş tutmamasında lazımi səviyyədə fəaliyyət göstərəcək. Çünki TANAP layihəsi Rusiyanın qaz bazarına alternativdir. Bu da Rusiyanın maraqlarına cavab vermir. İndiki halda bu layihənin dayandırılması, baş tutmaması üçün Rusiya istənilən addımı atacaq. Çünki proseslər müəyyən qədər davam edib və şimal qonşumuz indiki mərhələdə bu layihə üçün ciddi əngəl yaratmaq gücünə malik deyil".
 
Türkmənistan qazının TANAP layihəsinə qoşula biləcəyi məsələsinə gəldikdə iqtisadçı ekspert bildirdi ki, hələ bu barədə danışmaq çox tezdir:
 
"Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə göndərilməsi bütövlükdə bu layihənin əhəmiyyətini artıra bilər".