“Rusiya Azərbaycana təzyiqlərin effektli olması üçün hərbi teatrda dəyişilmələr etmək istəyir” – SƏRDAR CƏLALOĞLU

“Rusiya Azərbaycana təzyiqlərin effektli olması üçün hərbi teatrda dəyişilmələr etmək istəyir” – SƏRDAR CƏLALOĞLU “Azərbaycan Amerika və Avropadan ciddi siyasi, hərbi, iqtisadi dəstək almalıdır... Artıq tarazlaşdırıcı siyasətin başa çatdığı dərk olunmalıdır”
“Bizim müstəqilliyimiz, suverenliyimiz Rusiyanın təsirindən azad olmaq, Qərbin dəyərlərini qəbul edib, o istiqamətdə inkişaf etməkdən asılıdır”
Xəbər verildiyi kimi, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozub. Düşmənin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə C. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.
Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb. Bundan sonra Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirib. Erməni KİV-nin məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".
Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəklikləri ələ keçiriblər.
Maraqlıdır, Azərbaycan prezidenti Ilham Əliyev ABŞ-da səfərdə olduğu bir ərəfədə Ermənistanın hücuma keçməsi təsadüfdir? Bu və ya digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
-Sərdar bəy, sizcə, İlham Əliyevin ABŞ səfəri ilə bu gün cəbhə xəttində baş verən gərginlik arasında hər hansı bağlantı var?
-Əvvəla onu deyim ki, supergüclərin geopolitikada üstünlük savaşının indiki mərhələsində Azərbaycan üçün çox da əlverişli bir situasiya mövcud deyil. Azərbaycan Rusiya tərəfinə meyl edəndə Qərb tərəfindən demokratik təzyiqlə üzləşir, Qərb və Amerikaya yaxınlaşmaq istəyəndə Rusiya tərəfindən hərbi təzyiqlərlə, şantajla üzləşir. Lakin bu vəziyyət uzun müddət də davam edə bilməz. Bu, Azərbaycanı həm inkişafdan, həm dünyaya inteqrasiya etməkdən, həm də müstəqillik və suverenlik istiqamətində daha ciddi addımlar atmaqdan saxlayır. Ona görə də Azərbaycan qəti surətdə mövqeyini müəyyənləşdirməlidir. Artıq tarazlaşdırıcı siyasətin başa çatdığı dərk olunmalıdır və biz konkret olaraq Ukrayna, Gürcüstan kimi müəyyən bir qütbün tərəfində olduğumuzu birmənalı şəkildə qəbul etməliyik. Düzdür, Ukrayna təcrübəsi, Gürcüstan təcrübəsi göstərdi ki, yaxın gələcəkdə bu çox ciddi itikilərə səbəb olur. Amma onsuz da biz həmin itkiləri vermişik. Ukraynanın, Gürcüstanın Qərbyönlü, Amerikayönlü bir siyasət apardığında itirdiklərini biz Rusiyaya bu siyasəti aparmadan vermişik. Yəni Qarabağ və onun ətrafındakı rayonlar işğal olunub. Hətta bu işğal faktı olmasaydı və biz Qərbyönümlü siyasət aparsaydıq, Ermənistanın edə biləcəyi elə bunlar olacaqdı. Bizim bir avantajımız var ki, Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar onsuz da işğal olunub, heç Ukrayna və Gürcüstan bu qədər torpaq işğalına məruz qalmayıb. Bu baxımdan Azərbaycan dövləti Amerika və Avropadan ciddi siyasi, hərbi, iqtisadi dəstək almaqla özünün strateji siyasətini müəyyənləşdirməli və Qərbə, Amerikaya inteqrasiya etməlidir. Mənə elə gəlir ki, bizim müstəqilliyimiz, suverenliyimiz Rusiyanın təsirindən azad olmaq, Qərbin dəyərlərini qəbul edib, o istiqamətdə inkişaf etməkdən asılıdır. Belə bir inkişaf yolu seçilərsə, bu məsələdə Azərbaycan müxalifəti də Azərbaycan iqtidarının arxasında durar, iqtidarla eyni nöqtəyə vurar. Beləliklə də Azərbaycan cəmiyyətində həmrəylik yaranar və Azərbaycan bütünlükdə öz qüvvələrini səfərbər edib ərazilərini azad edə, iqtisadiyyatını dirçəldə və digər ictimai vəzifələrini də yerinə yetirə bilər.
- Bəs, cəbhədəki gərginliyin konkret olaraq İlham Əliyevin Amerika səfəri ilə əlaqəsi varmı?
- Rusiyanın bu məsələdə bilavasitə marağı var. Diqqətlə fikir versək, atəşkəs rejiminin pozulması mütəmadi olaraq Azərbaycanın ya iri transsnasional layihələr həyata keçirilməsi vaxtında, ya Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsində, ya da Azərbaycan- Avropa, Azərbaycan-Amerika münasibətlərində yeni bir gəlişmələr meydana çıxanda baş verir. Hamıya məlumdur ki, Ermənistan Rusiyanın əlində bir maşadır. Ermənistanın nə hərbi qüdrəti, nə iqtisadi qüdrəti, nə insan resursları Azərbaycanla bu bölgədə müharibə etməyə imkan verməz. Zatən Ermənilərin oturduğu bütün ərazilər də Azərbaycan torpaqlarıdır. Yəni ermənilər burda rusun əlində bir alətdir. Təsəvvür edin ki, Türkiyə ilə Rusiyanın münasibəti pozulanda da Jirinovski erməniləri Türkiyənin üzərinə qısqırdırdı. Lakin ermənilər Türkiyəyə qarşı ciddi bir addım atmayanda Ermənistanın özünü cəzalandırmağa cəhd etdilər. Yəni Ermənistan artıq Qafqazda Rusiya siyasətinə əsirdir. Lazım olanda Gürcüstana qarşı qısqırdırlar, lazım olanda Azərbaycana, lazım olanda İrana, lazım olanda da Türkiyəyə qarşı. Bu baxımdan, biz Ermənistanın atıdğı hər bir addımın Rusiyanın siyasətinə uyğun olduğunu deməliyik. Yəni bu bir rus siyasətidir.
-Rusiya XİN rəhbərinin Azərbaycana gəlişi ərəfəsində belə bir hadisənin baş verməsi Kremlin hansısa siyasi gedişi də ola bilər?
-Əslində, Lavrovun gəlişi Azərbaycana yaxşı heç bir şey vəd etmir. Görünür, Azərbaycana hansısa öhdəliklər qoymaq, Qərblə, Amerika ilə əlaqələri səngitmək üçün təzyiqləri olacaq. Bu təzyiqlərin də effektli olması üçün hərbi teatrda hansısa dəyişilmələr etmək istəyirlər. Qorxutmaq, xox gəlmək istəyirlər, bu da onun nəticəsidir.
Bəli, mən elə hesab edirəm ki, indiki atışma İlham Əliyevin Amerikaya səfəri, orda Amerika liderləri tərəfindən qəbul edilməsi ilə bağlıdır. Çünki, bilirsiniz ki, bundan öncə Amerikada İlham Əliyelə, onun hakimiyyəti ilə bağlı müəyyən sanksiyalar tətbiq etmək haqda fikirlər vardı. Hətta İlham Əliyevin Amerikaya dəvət olunmayacağı ilə bağlı fikirlər də səslənirdi. Amma bu gözləntilərə rəğmən, yüksək səviyyədə qəbul edildi, hətta Kerrinin dili ilə Amerika Azərbaycanın arxasında durduğunu da bəyan etdi. Rusiya indi Ermənistan vasitəsilə bu addıma cavab reaksiya nümayiş etdirir.
- Onda belə demək olar ki, Azərbaycan artıq dediyiniz qütblər arasında öz seçimini edib?
- Hakimiyyətin seçim etdiyini hələ görmürəm. Çünki o seçimin birinci əlaməti iqtidarın müxalifətlə sıx əməkdaşlığa getməsindən keçə bilər. Çünki heç bir ölkə daxildən, daxili güclərdən təminat almadan, siyasətdə radikal kurs müyyən edə bilməz. Bu baxımdan müxalifətə qarşı bu mansibət, təzyiqlər və s. davam etdikcə hökumətin ciddi bir siyasi kurs götürcəcyinə mən inanmıram. Çünki, zatən Avropaya və Amerikaya inteqrasiya ölkədə ilk növbədə demokratik islahatların həyata keçirilməsi, o cümlədən siyasi partiyalara, QHT-lərə, eləcə də hüquqa və Konstitusiyaya münasibətin dəyişilməsindən keçir. Əgər bu sahədə dəyişilmə yoxdursa, Amerikaya doğru kursu dəyişmək nə deməkdir?! Gedib Kerri ilə danışıb hansısa boru çəkməklə Amerika ilə yaxınlaşa bilməzsən ki. Bu gün Amerika ilə, Avropa ilə yalnız o şəkildə yaxınlaşmaq olar ki, onların dəyərlərini bölüşdürəsən. Buna vesternizasiya deyirlər. Yəni vesternizasiyaya məruz qalmayan heç bir ölkə Amerikanın və Avropanın həqiqi dostu ola bilməz.
- Son vaxtlar Azərbaycanda hüquqi sahədə ciddi addımlar atıldı. Məsələn, siyasi məhbusların əksəriyyəti azad edildi, həbsdə olan məhbuslarla bağlı, o cümlədən jurnalistin öldürülməsi ilə bağlı ədalətli qərar oldu, hansı ki, ATƏT də dəstəklədi və s. Bütün bunlar Amerikaya doğru addım demək deyil?
- Yox, mən bu addımları Amerika və Avropa ilə yaxınlaşma və yaxud bir tarazlaşma siyasətindən imtina edib, birtərəfli siyasət aparmaq üçün zəmin hazırlamaq kimi qəbul etmirəm. Bunlar yetərli deyil. Yəni siyasi məhbuslar azad olunub, amma bir qrup siyasi məhbus həbsaxanada qalır. Bəzi ədalətli məhkəmə qərarları çıxarılıb, amma məhkəmənin çıxardığı yüzlərlə ədalətli qərar icra olunmayıb. Məsələn, Avropa Məhkəməsinin heç bir qərarı Azərbaycanda icra olunmayıb. Azərbaycan vətəndaşlarına qarşı hüquqi cinayətlərə yol vermiş məmur və hüquq mühafizə orqanları cəzalandırılmayıb. İşgəncə nəticəsində ölən adamlara görə heç kəs cəzalandırılmayıb. Qeyri-qanuni həbslərə görə heç kəs cəzalandırılmayıb. Yəni söhbət burda hansısa kosmetik dəyişilmələrlə Qərbi, Avropanı aldatmaq mümkün deyil. Çünki o şərtlər daxilində zatən Rusiyanın təzyiqi qarşısında Azərbaycan dayana bilməz. Azərbaycan əgər müstəqil siyasət aparmaq, Qərbə və Avropaya inteqrasiya etmək istəyirsə, Rusiyanın qarşısında dayana biləcək bir cəmiyyət ortalığa qoymalıdır, yəni müqavimət qüvvəsi güclü, vətənpərvər, xalqı sevən, həmrəylik olan. Bunun üçün isə daxildə müvafiq siyasət aparılmalıdır. Neçə ki, cəmiyyətdə kəskin qarşıdurma var, neçə ki, cəmiyyət tükənmiş bir vəziyyətdədir, vətəndaşlar iqtisadi, sosial cəhətdən tam taleyin ümdinə buraxılıb, işsizlik, kasıbçılıq baş alıb gedir, bir tərəfdə isə korrupsionerlər qeyri-adi dərəcədə xalqın pulunu havaya sovururlar, bu xalq düşmənə qarşı bir yumruq kimi, Quranda deyildiyi kimi, səf yarada bilməz. Xalqın düşmənə qarşı dayanması, həmrəylik nümayiş etdirməsi üçün hər şeydən əvvəl sosial-iqtisadi ədalətsizlik aradan qaldırılmalıdır. Hüquqi nihilizm ardan qaldırılmalıdır, hamı qanun qarşısında bərabər olmalıdır. Hamı bilməlidir ki, bu dövləti ona görə canı ilə, qanı ilə qorumalıdır ki, bu dövlət ona can və qan verir. Yoxsa, bu dövlət mənə heç bir şey vermirsə, hər şeyi əlimizdən alırsa, bir imperialist dövlətlə bu dövlətin nə fərqi var?! İmperiyalar da belədir, heç nə vermir, hər şeyi alır. Azərbaycan dövləti də təxminən o cürdür, vətəndaşlardan hər şeyi alır, amma vətəndaşlara onun müqabilində heç nə vermək istəmir. Milli dövlətdə vətəndaş bilməlidir ki, bu dövlətdən kənarda onun həyatı yoxdur. Onun həyatı bu dövlətin mövcudluğu ilə iç-içədir. Bu baxımdan əgər biz doğrudan da hansısa strateji bir siyasi hədəfləyiriksə və nəzərdə tuturuqsa ki, bu siyasətin dəyişdirilməsi Rusiya tərəfindən bizi hansısa təzyiqlərə məruz qoyacaqsa, həmin təzyiqləri neytrallaşdırmaq üçün lazım olan daxili həmrəyliyə, daxili gücün təmərküzləşməsinə nail olmalıyıq.
- Sizcə, İlham Əliyev ABŞ-dan qayıtdıqdan sonra cəmiyyətdə həmrəyliyin yaranması istiqamətində daha ciddi addımlar atıla bilər?
(Ardı var) Hurriyyet.az