​"Rusiya Avropa bazarını zorla inhisarda saxlamaq istəyir" — Politoloq

 
"Rusiya neft hasilatını azaltmağı nəzərdə tutan müqaviləyə qoşulmağa hazırdır və digər neft ixracatçılarını da buna səsləyir"
 
Bu sözləri Rusiya prezidenti Putin İstanbulda keçirilən dünya energetika forumunda deyib. ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft istehsal edən ölkələrə, o cümlədən Rusiyaya da ziyan vurdu. Bu səbəbdən, Rusiya neft istehsalçılarını hasilatı aşağı salmağa, hətta hasilatı dayandırmağa çağırır.
 
Rusiyanın enerji siyasəti barədə politoloq Qabil Heseynli Ölkə.Az-a danışıb:
 
"Rusiya bu mövqeyində səmimidirsə və OPEK-lə də həmrəy hərəkət edəcəksə, ola bilsin dünya neft bazarında neftin qiymətini sabitləşdirmək mümkün olsun. Rusiyanın söylədiklərinə o dərəcədə də inanmıram. Qonşu dövlət neftin hasilatı ilə bağlı məsələlərdə dəfələrlə söz versə də, heç vaxt yerinə yetirməyib. ABŞ Rusiyaya qarşı yeni sanksiyaların layihələrini hazırlayır. Rusiya isə "bizim də fövqəl dövlət olmaq haqqımız var", deyir. Bu cümlənin detalları odur ki, biz Suriyada yeni hərbi bazalar inşa edəcəyik, Ukrayna ilə bağlı Minsk sazişinin müddəalarını kağız üzərində qalmasına var qüvvəmizlə çalışacağıq, Avropanı təhdid altında saxlamaqda davam edəcəyik, postsovet məkanındakı ölkələrə təzyiq və şantajımızı davam etdirəcəyik. Təkcə Hələb şəhərindəki bombardmana görə ABŞ Rusiyanı "barbar" ölkə adlandırdı və onu hərbi titbunalla hədələdi. Avropa ölkələri də bu xətti müdafiə edir.
 
Rusiya elə hesab edir ki, əzələ nümayiş etdirmələri Qərb ölkələrini qorxudur, onun nüfuzunu artırır. Düzdür, Avropa ölkələri Rusiyadan çəkinirlər, ancaq getdikcə ABŞ-ın dəstəyi artdıqca Avropa ölkələrinin Rusiya qorxusu azalır. Bu gün Lavrovun səsləndirdiyi "ABŞ-ı incik salan Rusiyanın gündən-günə güclənməsidir" fikri o dərəcə də səmimi səslənmir. ABŞ-ı incik salan Rusiyanın hərbi xərcləri artırması, rus əhalisinin toqqasını daha çox sıxmağa məcbur olmasıdır. ABŞ-da kimdən soruşsan ki, bir nömrəli düşmənin kimdir, Rusiya və onun dövlət başçısının adını çəkəcəklər. Eyni fikir Avropanın əksər ölkələrində də var. Rusiyada da ABŞ-ı düşmən kimi görürlər. Neft və qaz məsələsində Rusiyanı zəiflətmək strategiyası izlənməkdədir. Avropa açıq-aşkar bildirir ki, Azərbaycan qazı, TANAP layihəsi işə düşsə bu daha yaxşı olar. Bu məsələlərə Rusiya mane olmaq istəyir. Azərbaycan qazının Avropaya çıxması Rusiyanı qısqandırır. Türkmənistan qazının da TANAP layihəsinə qoşulmasını Rusiya istəmir və buna görə də Türkmənistanı qorxudur, şantaj edir. Rusiya Azərbaycanın TANAP layihəsinə alternativ olan qondarma "Türk axını" layihəsi həyata keçirmək istəyir. Yəqin ki, bu layihə Türkiyə ilə razılaşdırılacaq.
 
Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi əhəmiyyətli hadisədir. Ancaq burada müəyyən narazılıqlar nəzərdən qaçırılmamalıdır. Enerji layihələri dünyanın marağına toxunan layihələrdir. Rusiyanın təklif etdiyi layihələr riskli və prespektivi şübhəli olan layihələrdir. Alıcılar deyir ki, mən rus qazını istəmirəm. Rusiya zorla Avropa bazarını inhisarda saxlamq istəyir. Buna görə də, Avropa bazarı Rusiyaya sərt təpkilər verməkdədir. Buna qarşılıq olaraq isə Avropa alternativ layihələr planlaşdırır. Bu layihələrdən biri də Azərbaycan qazı, TANAP layihəsidir".