Rus qızını zorlayan azərbaycanlı Balakəndə həbs edildi - CİNAYƏT İŞİ

 
Rus qızını zorlamada təqsirli bilinən Balakən rayonunun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Zamiq Tenişovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, Zamiq Teneşov Rusiya Federasiyasının Başqırdıstan Respublikasında 1986-cı il təvəllüdlü Ramal Hüseynovla tanış olub. Onların tanışlığı Rusiya Federasiyası Başqırdıstan Respublikasının Kiqinski rayon məhkəməsinin binasında yaranıb.
 
Zamiq Tenişov və Ramal Hüseynov 2003-cü ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 2-ci hissəsinin B və D bəndləri ilə məhkum olunublar və birlikdə məhkumluq həyatı yaşayıb. Onlar azadlığa çıxandan sonra yenə də bir yerdə dostluq etməyə başlayıblar.
 
2014-cü ildə Zamiq Tenişov yetkinlik yaşına çatmayan Alina Kutuşova ilə cinsi əlaqədə olmaq istəyib. O, bu məqsədlə Alinanı və onunla bir yerdə yaşayan tanışı İlgiz Şafikovu “Vətənin müdafiəsi günü” bayramını qeyd etmək adı ilə Ramal Hüseynovun Verxneye Kiqi kəndində Kiqinsk-20 ünvanda yerləşən evinə dəvət edib.
 
Alina və onun dostu İlgiz Şafikov Zamiq Tenişovun dəvətini qəbul ediblər. Onlar birlikdə bayramı qeyd etmək üçün Ramal Hüseynovun yaşadığı evə gəliblər.
 
Onlar birlikdə həmin evdə içki məclisi qurublar və daha sonra spirtli içki qəbul ediblər. Bu zaman Zamiq Tenişov İlgiz Şafiqovun küçəyə çıxmasından istifadə edərək Alinanı ovsunlamaq istəyib.
 
O,  İlgizin evə qayıda bilməməsi və Alina ilə cinsi əlaqədə olmasına mane olmaması üçün qapını arxadan bağlayıb.  Zamiq Tenişov Alinanı onunla cinsi əlaqədə olmağa təkid edib. Amma Alina ona rədd cavabı verib.
 
Alina Zamiq Tenişov və Ramal Hüseynovu aldadaraq həyətə qaçmaq istəyib. Bu zaman Zamiq və Ramal Alinanı zorla evə qaytarıblar.  Öncə rus qızına fiziki xəsarət yetiriblər. Sonra onu çarpayıya uzadaraq paltarlarını soyundurublar.
 
Əvvəlcə Zamiq sonra Ramal Alinanı zorlayıb. Evdən qaçan Alina bir gün sonra polisə şikayət edib. Onu zorlayanlar isə dərhal Rusiyanı tərk edərək Balakənin Katex kəndinə gəliblər.
Rusiya hüquq-mühafizə orqanları tərəfindən zorlama ittihamı ilə axtarışda olan Zamiq Tenişov ötən ilin aprelin 20-də həbs edilib.
Zamiq Tenişov Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama cinayəti törətmək) və 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama cinayəti törədildikdə) maddələri ilə ittiham edilib.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamiq Tenişov 6 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zamiq Tenişov apelyasiya şikayəti verib.
O, şikayətində Alinaya qarşı təcavüz etdiyini etiraf edib. Bildirib ki, ona verilən cəza həddindən artıq ağırdır. Zamiq Tenişov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.
 
Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara görə, Zamiq Tenişovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 4 il 11 ay 29 günə endirilib.