Rus publisist İrəvanın ikiqat işğal altına düşməsindən yazdı

“DQR”-i tanıyan olmayacaq – bu, bir tamaşa idi”.
“Ermənistanın “hərbi müttəfiqləri” tam heyətlə Azərbaycanı dəstəklədi”.
“Ermənistan ikiqat işğal altındadır. Qarabağ meydan komandirlərinin və Moskvanın işğalı altında”.
Bu tezislər rus publisist və dramaturq Vladimir Qolışevin svoboda.org saytında dərc edilən və erməni mətbuatında yayılan yazısının əsas məğzini təşkıl edir. Həmın məqaləni nəzərinizə çatdırırıq.
 
Hamı uddu, Ermənistandan başqa
İrəvandan gələn xəbərləri düzgün anlamaq üçün yadda saxlamaq lazımdır ki, bu ölkə ikiqat işğal altındadır: Qarabağ meydan komandirlərinin və Moskvanın işğalı altında.
Ermənistanın bir dövlət kimi şəxsi maraqları nəinki nəzərə alınmır, onlar sanki yoxdurlar. Daha doğrusu, bu maraqlar Rusiyada “mənəvi dayaqlar” adlandırlan nəsnələrə - ötən əsrin 90-cı illərinin əvvəllərində erməni silahının Qarabağdakı qələbəsi üçün keçirilən qürur hissinə və yüz il əvvəl ölmüş soydaşları üçün saxlanılan matəmə qurban verilib.
“Qürur” ilə “matəm”in yuxarı başa keçirilməsi bu gün Ermənistana dilənçilik, beynəlxalq izolyasiya, yaxın qonşularla əməkdaşlıqdan imtina və Rusiya ilə sırf vassal xarakterli münasibəti təmin edir.
Aprelin əvvəlindəki dördgünlük müharibə “soyuq duş” təsirini göstərməyə bilməzdi. Ermənistan nə Rusiyadan, nə də KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləs Təşkilatı – Hurriyyet.org) nə siyasi, nə də diplomayik dəstək almadı. Hərbi dəstək barədə heç danışmayaq! Üstəlik, “hərbi müttəfiqlər” tam heyətlə Azərbaycanı dəstəklədilər.
Rusiya tərəfi isə bəyan etdi ki, onu Ermənistana tədarük etdiyindən təqribən 15 dəfə artıq silahla təhciz etməkdə davam edəcək. Rusiya diplomatiyası da ümumilikdə Bakıya üstünlük verdi. Lavrov ilk olaraq ora uçdu. Əbədi dostluq barəsində aramsız komplimentlər və inandırmalar məhz Əliyevin ünvanına səsləndirilirdi. İrəvanın nazını çəkməyi isə heç kim vacib hesab etmirdi. Bəs onun taleyi necə olacaq?
Əlbəttə ki, bütün bunlar 1999-cu ildən hakimiyyəti əlində saxlayan “Qarabağ klanı”nın xarici siyasət kursunun tənqid edilməsinin labüdlüyünə gətirir. Ermənistanda “Rusiyanın xəyanəti”ndən, ABŞ ilə Avropa İttifaqının rolunun gücləndirilməsindən, “çoxvektorluluq”dan danışırlar. Bundan sonra isə hökmən söhbət bu ölkədə dəyişiklikləri təmin edə bilməyən rəhbərliyin əvəzlənməsinə gəlib çıxacaqdı.
Lakin mayın 5-də gözlənilmədən yeni bir qızğın mövzu gündəmə gəldi: müxalifət partiyalarından olan iki deputat parlamentə DQR-in (işğalçı Ermənistanın yaratdığı qondarma separatçı qurum, dünyanın heç bir dövləti tərəfindən tanınmır – Hurriyyet.org) rəsmən tanınması barədə qanun layihəsi təklif etdilər.
Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan KİV-ə bildirdi ki, hökumət bu qanun layihəsini müsbət qiymətləndirib. Bundan sonra hakim partiyanın üzvü olan spiker müavini Eduard Şarmazanov bu məsələ ilə bağlı xüsusi bəyanat verdi: “Bu, bizim məqsədimizdir və biz buna nail olacağıq!”
Mayın 10-da qanun layihəsinə parlamentin baxacağı, bundan sonra isə prezidentin imzalayacağı gözlənilirdi. Lakin artıq cümə axşamı günü axşam bu əminlik yoxa çıxdı. Hökumətin mətbuat katibi müsbət rəy barədə informasiyanı təkzib etdi. Ardından Mockva səsini ucaltdı: Dmitri Peskov ilə Lavrov qoşa şəkildə “ümid etdiklərini bildirdilər ki”, “tərəflər atəşkəsi pozacaq davranışlardan çəkinəcəklər” və “Qarabağın statusu birtərəfli qaydada deyil, ümumi danışıqlar kontekstində müəyyənləşəcək”.
Gurultulu qanun layihəsinin erməni parlamentində müzakirəsi indən belə o qədər də real görünmür. Qəbulu isə mümkünsüzdür (onsuz da qəbul ediləcəyi təqdirdə prezidentin imzası olmadan bu qanun layihəsi heç nə demək deyil).
Beləliklə, bu nə idi? Bu qəribə demarş kimə və nəyə gərək idi? Kimə heç lazım olmadığını demək daha asandır. Ermənistana. “DQR”-in dövlət müstəqilliyinin rəsmən tanınması baş tutsaydı, bu, Ermənistan üçün fəlakət olardı. Az qala əsrin dörddə biri ərzində Ermənistan üçün sərfəli olan status-kvonu saxlayan, “ermənilərin tanınmaması” ilə “Azərbaycanın hücum etməməsi”ni dəyiş-düyüş edən Minsk qrupunu asanlıqla ləğv etmək olardı. “DQR”-in rəsmən tanınması o deməkdir ki, daha danışığın yeri yoxdur.
Hərbçilərin sayına və silahlanma səviyyəsinə görə böyük üstünlüyə malik, çoxsaylı müttəfiqləri və bundan da artıq dəstəkçi tərəfdarları olan Azərbaycan hücum üçün dəmir-betondan təməl əldə etmiş olardı. Azərbaycanın qarşısını kim alacaqdı – tənha Ermənistanmı? Onsuz da kövrək olan tarazlığı özü öz əlləri ilə dağıdacağı halda onu kim dəstəkləyəcəkdi?
İndi artıq aydındır ki, “DQR”-in tanınması məsələsi heç vaxt olmayacaq – bir sutkaya qədər yeniliklər siyahısında qalmış “niyyət deklarasiyaları” əvvəlcədən səhnələşdirilmiş tamaşa idi. Hətta piar-gediş kimi də bu bəyanarlar müəyyən effekt verdi. Azərbaycan səfərbərlik və hərbi hazırlıq üçün dəlil qazandı.
İrəvandakı “Qarabağ klanı” tənqid dalğasını kütləşdirərək respublika əhalisinin narazılığını özü üçün sərfəli axara yönəltdi. Və nəhayət, bircə kəlməsi ilə emosional erməniləri düşünülməmiş addımlardan çəkindirən Moskva baş sülhməramlı statusunu möhkəmləndirdi.
Bir sözlə, hamı uddu, Ermənistandan başqa.
Qarabağ ətrafındakı gərginliyin bundan sonrakı alovlanmaları da hamıya sərfəlidir.
İldırımsürətli müharibə orada mümkün deyil, sonu görünməyən danışıqların və atəşkəslərin olduğu uzadılmış müharibə isə həm Moskvadakı “Leninqrad əyanına”, həm də İrəvandakı Qarabağ komandirlərinə sərf edir.
Axı onlar aza qane olan, iddiasız adamlardırlar – “tarixdəki yerlərindən” artıq şəxsi təhlükəsizlikləri və rifahları ilə maraqlanırlar. Onlarınkı odur ki, axşamdan səhərə, səhərdən də axşama çıxsınlar. İstəyir dünya dağılsın!