“Rus elmi cəmiyyəti Lütfi Zadənin elmi nəzəriyyəsini qəbul etmədiyi üçün indi də peşmandır”- Sabiq rektorla MÜSAHİBƏ

"O sözləri deyən Lütfi Zadəyə nə qədər hörmətsizlik edibsə, onu yayan mətbuat da o dərəcədə hörmətsizlik göstərib"
 
 
 
 
Təxminən, 3 həftə bundan əvvəl dünyanın nəhəng alimlərindən biri, bəşəriyyətin elmi istiqamətini dəyişən əslən azərbaycanlı  professor Lütfi Zadə dünyasını dəyişdi. Lütfi Zadənin bir alim kimi böyüklüyündən çox yazılıb, çox danışılıb. Amma yenə də nə qədər danışılsa, azdı.
 
Moderator.az 96 yaşında vəfat edən və böyük ehtimalla bir neçə gündən sonra Azərbaycanda dəfn olunacaq alim barəsində silsilə yazıları onun haqqında olan təəssürat və xatirələrlə davam etdirəcək.
AMEA-nın   müxbir üzvü, Azərbaycan Universitetinin sabiq rektoru, professor Akif Musayev Moderator.az-a müsahibəsində yaxın elmi əlaqələri olan Lütfi Zadə barəsində xatirələrini danışıb.
Müsahibənin ikinci hissəsini təqdim edirik:
 
-Akif müəllim, doğrudur, elmin vətəni olmaz. Amma Zadə Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Bu, Azərbaycanın elmi nüfuzuna nə dərəcədə təsir göstərəcək?
 
-Çalışdığı Berkli Universitetində  Zadənin təxminən, 10-15 tələbəsi ilə ünsiyyətdə oldum; hərəsi dünyanın ayrı-ayrı yerlərindən idilər. Aralarında heç bir irqi, dini, milli ayrıseçkilik yox idi. Onları ancaq elmi meyarlar birləşdirirdi, milli, dini, irqi məsələlər yox. Çünki elm də, Lütfi Zadə bir xalq, bir millət üçün deyil, bəşəriyyət üçündürlər.
 
Image result for akif musayev
 
Amma yenə də Zadə belə  bir niyyətlə çıxış edib və bu, yalnız alqışlanmalıdır. Onun dəfni ən yüksək səviyyədə təşkil olunmalıdır. Möhtərəm cənab prezidentin də bu məsələyə o şəkildə reaksiya verməsinin özü də Zadə şəxsiyyətinin nə dərəcədə vacibliyini xarakterizə edir.
 
-Lütfi Zadə ilə bir də cənazəsi yaxın günlərdə Bakıya gələndə “görüşəcəksiniz”. Onunla sonuncu görüşünüzü necə xatırlayırsınız?
 
- Zadə ailəsi  ilə təkcə mənim yox, ailəmin də yaxın əlaqəsi var. Həyat yoldaşım Zadənin xanımı Fey Zadə ilə  tez-tez əlaqə saxlayıb. İki qızımın hər ikisi Zadə ilə birlikdə konfransda iştirak ediblər.
Sonuncu dəfə Zadə ilə vidalaşmağımı bu cür xatırlayıram: Berklidə fars restoranında yemək yedikdən sonra yoldaşı ilə onu maşınını saxladığı yerə qədər müşahidə etdik. Orada belə bir hadisənin şahidi oldum: Zadə sükan arxasına oturmaq istəyəndə yoldaşı açarları onun əlindən alıb dedi ki, mən sürəcəyəm. Hər ikisinin yaşlı olmasına baxmayaraq, çox enerjili və şən idilər. Biz onları şən ovqatla yola saldıq.
 
-Zadə barəsində danışarkən həm müsbət, həm də mənfi mənada  ifratavarmalara rast gəlinir. Məsələn, deyilir ki, o, konfransın ortasında bizim Qədir Rüstəmovun “Sona bülbüllər” muğamını dinləyib, ancaq Azərbaycanı reklam edən restoranda nahar edib. Bu fikirlər sizcə nə dərəcədə doğrudur?
 
-Lütfi Zadə elm fanatiki idi. Bütün diqqətini də elmə ayıran şəxs olub. O, təbii ki, Azərbaycanı sevirdi. Azərbaycan haqqında çox müsbət fikirləri və təəssüratları olub. Bunu yaşadığı və oxuduğu başqa ölkə üçün də edə bilərdi. Azərbaycana çox bağlı olub. Ömrünün sonundakı vəsiyyəti ilə bunu bir daha sübut etdi. Amma bəzən, ifrata varmaq lazım deyil. Məsələn, siz deyən restoran məsələsinə toxunaq: Amerika cəmiyyətində, eləcə də Avropada bu cür piar elementləri çoxdu. Yəni, restoran sahibləri daimi müştəriləri olan tanınmış simaların fotolarını divardan asır və onların burada olmasını əks etdirən şəkillərlə diqqət cəlb edirlər. Bu, sırf reklam işidir. O cümlədən, Zadə barəsində də bu detaldan yararlandıqlarını düşünürəm.
 
-Maraqlıdır, siz öz müşahidələrinizə əsasən, Zadənin Azərbaycana nə kimi bağlılığını hiss etmisiniz?
 
-Onun hərəkətləri və  danışığında Azərbaycanla bağlı müəyyən bağlılığı hiss etmişəm. 1996-cı ildə Azərbaycandan Lütfi Zadənin iştirak etdiyi beynəlxalq  konfransa böyük elmi heyət getmişdi. Bizim heyət Zadəni fasilə vaxtı bir otağa dəvət etdi. Ona Azərbaycanla bağlı olan bir suvenir hədiyyə aparmışdıq. Hədiyyəni Zadəyə təqdim edəndə o, çox kövrəldi. Dedi ki, ABŞ cəmiyyətində belə bir isti münasibət yoxdu. Bu, yalnız Şərqə məxsus olan cəhət, Azərbaycana aid olan dəyərdi. Gözümün qabağında olub. Zadə çox təsirlənmişdi. Sözsüz ki, azərbaycanlı olmasını xatırladan    kifayət qədər müsbət hərəkətlərinin şahidi çox olmuşam. Buna heç kim şübhə etməsin. Amma “bütün günü Azərbaycan haqqında düşünüb”, yaxud, “Azərbaycanla bağlı hansısa tədbirə əlində bayraqla gedib çıxış edib” demək yanlışdı.  Belə şeylər olmayıb.
 
-Bəlkə də yanılıram. Amma hiss etmişik ki, bizim cəmiyyətdə insanlar qeyri-səlis məntiq nəzəriyyəsinə sanki daha çox ürək qızdırır. Təbii ki, o nəzəriyyənin dərin elmi metodologiyasına yox, onunla bağlı sadə həyati izahlara çox maraqla qulaq asırlar.  Bunun hər hansı izahı varmı?
 
-Zadə təkcə qeyri-səlislə yox, bütün nəzəriyyələri  ilə bütün dünyaya, o cümlədən, Azərbaycana da xidmət edib. Onun Azərbaycandakı davamçıları, qeyri-səlis nəzəriyyəsi ilə məşğul olan ardıcılları başqa ölkələrə nisbətən Azərbaycanda daha çoxdu.
 
Qeyri-səlis məntiq nəzəriyyəsi böyük elmi hadisə olması ilə bərabər, həm də bir gözəllikdir, estetikadadır. Hər şeyə qoyulan düzgün qərardı. Burada hər bir müsbətə də, mənfiyə də ən doğru qiyməti vermək olar. Məsələn, gözəllik deyirik. Hamı bilir ki, gözəl necədir,  gözəllik nədir. Amma biz onu tam izah edə bilmirik. Gözəllik izahının sonu yoxdu. Ona görə də kiminsə gözəl olduğunu deyərkən onun gözəllik dərəcəsini göstərən meyarı da demək lazımdır. Hər insan bu və digər dərəcədə gözəldir. Amma onun gözəllik dərəcəsi var ki, qeyri-səlis də məhz bu deməkdir. Klassik riyaziyyat isə iki şey bilirdi- insan ya gözəldi, ya da çirkin…
 
Yaxud, evlərdən iraq, bir nəfərin yası düşür. Yas sahibi o qədər işin içində bircə dəfə mağara tərəf boylanmaqla məclisə kimin gəlmədiyini bilir. O, burada nə etdi? Təbii ki, oradakıları saymadı, gəlib-gəlməyənləri hansısa siyahı ilə yoxlamadı. Amma dəqiq bildi. O beynində səlis yox, qeyri-səlis hesablama apardı…
 
Bu, elm üçün çox vacib detaldır. Elmin bütün üfüqlərini genişləndirdi. Ona görə də bu gün dünyada ən çox tədqiq olunan sahə məhz qeyri-səlis məntiqdir.  Kanada, Rusiya, ABŞ, Polşa, hamısını saymıram, xeyli ölkənin ən böyük alimləri – Petriç, Averkin, Cəmşidi və s. qeyri-səlislə çox maraqlanırlar.
Bu miqyasda olan alimi, elmin generator sayılan dahini hər hansı elementə görə qiymət vermək, özü də həqiqətə uyğun olmayan tərzdə dəyərləndirmək çox böyük yanlışlıqdır.
 
-Akif müəllim, çox maraqlı və aktual bir məqama gəldik: Təəssüf ki, belə bir nəhəng alim haqqında neqativ fikirlər söylənilir, bəziləri isə qeyri-etik ifadələr işlədirlər…
 
-Hətta elə insanlar fikir söyləyir ki, onlardan bunu gözləmək olmazdı. Təkcə özünü yox,  böyük bir qurumu təmsil edən insanın Zadə haqqında çox neqativ fikir söyləməsi qətiyyən yolverilməz haldı.
Hələ Zadənin böyüklüyünü bir kənara qoyaq, ümumiyyətlə, şəxsiyyətə toxunmaq yolverilməz haldır. Zadənin yetişdiyi elmi mühit, onun dünyaya baxışı, düşüncələri tamamilə ayrı bir hadisədir. Zadə haqqında o cür neqativ sözləri demək, ümumiyyətlə, yolverilməzdir. Hər şey bir qırağa, bizim müsəlmanlıqdan irəli gələn gözəl dəyərlərimiz var. Onlardan biri də budur ki, dünyasını dəyişən adam haqqında pis danışmaq, onun ardınca gileylənmək olmaz. Yəni, bu, sıravi insan üçün də belədir. Amma təəssüf ki, biz böyük Lütfi Zadəyə qarşı da bu mənəvi qaydanı pozduq.
 
Dünyada çox böyük elmi kəşflərin sahibi olan alimlərin onunla ünsiyyət qurmaq üçün necə can atdığının  şahidi olmuşam. Bu, hər elm sahibinə müəssər olmur. Təsəvvür edin, dünyada ən böyük elmi problemlərin həllini tapmış nəhəng alimlər Zadə ilə üniyyətdə olmaq üçün vaxt gözləyirdilər, şərait axtarırdılar. Bu fakt Zadənin dünyadakı yerini göstərir.
 
Bir məsələ də var ki, bütün böyük kəşflər sonradan qiymətləndirilir. Məsələn bilirəm ki, Zadə qeyri-səlis məntiq haqqında ilk böyük nəzəriyyəsini Rusiyaya-SSRİ-nin məşhur  “Texniki Kibernetika” jurnalına göndərib. Amma həmin jurnal o məqaləni dərc etməyib. Fikir verin, indinin indisində də rus elmi cəmiyyəti buna görə peşmançılıq keçirir ki, niyə biz bunu vaxtında etmədik. Özüm bunun şahidiyəm. Rusiyalı alimlər neçə dəfə təəssüf hissi ilə bunu qeyd ediblər.
 
-Zadə haqqında bədii film çəkilsə, Zadəyə aid nələrin daha çox  qabardılmasını istərdiniz?
 
-Düşünürəm ki, nə vaxtsa belə bir film çəkilsə,  Zadənin qeyri-adi düşüncə tərzini qabartmaq daha yaxşı olar. İnsanlarla söhbət edəndən az müddətdən sonra söhbətin axarını, fikrinin davamını tutmaq olur. Amma Zadə ilə söhbətdə bunu edə bilmədim. Yəni, onun fikrinin sonrakı axarını müəyyənləşdirə bilmədim. O, tamamilə fərqli düşüncə sahibi idi. Mühakimə tərzi tam fərqliydi. Bax, istərdim ki, bu mühakimə tərzi önə çıxarılsın. Zadədəki qeyri-satandart düşüncə hər adamda yoxdu. O, il ərzində 200-ə üəər konfransda olurdu. Hər dəfəsində də istisnasız olaraq, yeni ideyalarla çıxış edirdi. O, elmi ideyalar verən əsl generator idi. Yadıma gəlir, hələ 2008-ci ildə sürücüsüz avtomobillər elmi ideyası üzərində düşünürdü. Zadənin bu barədə verdiyi təkliflər gələcəkdə özünü doğruldacaq.
 
-Akif müəllim, Zadənin alim kimi böyüklüyünü kimsə inkar etmir. Amma təəssüf ki, sosial şəbəkələrdə və mediada onun bioqrafiyası və Azərbaycana olan  münasibəti ilə bağlı birmənalı fikirlər səslənmir. Akif Əlinin böyük alim barəsindəki qeyri-etik ifadəsi isə məsələnin sonuncu həddi oldu. Belə həssas məqamlarda bir ziyalı kimi mediaya nəyi məsləhət görərdiniz?
 
-KİV və sosial şəbəkələrdə neqativ fikirlərin bu qədər tirajlamasını istəməzdik. Mən Zadə haqqında neqativ fikir söyləyən və hamının tanıdığı adamın heç adını da çəkmək istəmirəm. Hamı onu tanıyır və nə dediyini də bilir. Mən də mətbuatı, onlayn medianı mütəmadi izləyən adamam.  Amma bizim media da gərək onun sözlərini müzakirəyə  çıxarmayaydı. O adama təbii ki, bəraət qazandırmaq fikrində deyiləm. Sözsüz ki, belə fikir söyləmək düzgün deyil. Mən təsəvvür etmirəm ki, belə sözü necə demək olar. Amma mətbuat da gərək, həmin ifadələri bu dərəcədə müzakirəyə çıxarmaya idi. Deyən nə qədər hörmətsizlik edibsə, onu yayan mətbuat da o dərəcədə hörmətsizlik göstərib. 
“O, Azərbaycan üçün nə edib?”, “Bir şəhid ondan daha qiymətlidir” kimi  ifadələri ortaya atmaq çox yolverilməzdi. Mən buna  təəssüf edirəm! Bu gün “Lütfi Zadə kimdi” sualına biz o dərəcədə də layiqli  qiymət verə bilmirik. Amma zaman buna öz lazımi qiymətini verəcək.
 
Aristotel, Nyuton, Eynşteyn tarixdə nə qədər qalıbsa, Lütfi Zadə onlarla müqayisədə daha çox qalacaq. Çünki o, bütövlükdə elmin metodologiyasını dəyişib.
 
Elmin Nuri

Загрузка...
Загрузка...