Rus alimi ermənilərlə Qarabağ davasına çıxdı - Foto

 
Ermənilər Rusiyada Azərbaycana qarşı növbəti dəfə təxribat törətməyə cəhd ediblər.
 
APA-nın məlumatına görə, sentyabrın 14-16-da Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən "Erməni diasporu və Ermənistan-Rusiya münasibətləri: tarix və müasirlik" adlı beynəlxalq elmi konfransda qondarma "DQR"-in nümayəndəsi məruzə ilə çıxış edib.
 
Təxribat konfransın "X-XXI əsrlərdə Ermənistan və Rusiyanın tarixi taleyi" adlı bölümündə baş verib. Belə ki, bölümün moderatorlarından biri Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun "Ermənistan məsələsi və erməni genosidi tarixi" şöbəsinin müdiri Armen Marukyan konfransda qondarma "Dağlıq Qarabağ Respublikası"ndan gəlmiş nümayəndənin iştirak etdiyini söyləyib. O, qondarma respublikadan gələn Raçya Arzumanyanı məruzə ilə çıxış etməyə dəvət edib. "Aşxar" Strateji Tədqiqatlar Mərkəzinin direktoru R. Arzumanyan "XXI əsrdə təhlükəsizlik sahəsində Rusiya-Ermənistan münasibətləri " adlı məruzə ilə çıxış edib.
 
Ermənilərin təxribatı təkcə separatçı "DQR"-dən "gələn" nümayəndənin məruzə ilə çıxış etməsi ilə yekunlaşmayıb. Konfransın bu bölümündə erməni məruzəçilər tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar səslənib.
 
Bəzi məruzələrdə tariximiz saxtalaşdırılıb, qədim Azərbaycan torpaqları, Naxçıvan, Zəngəzur, Qarabağ və Gəncə tarixi Ermənistan əraziləri kimi təqdim olunub. Qədim Azərbaycan dövləti olan Albaniyanın ərazilərində olan xristian dini abidələrinin "qədim erməni abidələri" kimi qələmə verilib.
 
"Artsax məlikliklərinin qoşunları" adlı məruzədə Ermənistan Elmlər Akademiyasının elmi əməkdaşı Artak Maqalyan Qarabağ məlikliklərindən danışıb. Bu ərazilərdə məlikliklərin əslində 18-ci əsrdə deyil, qədim dövrdən mövcud olduğunu iddia edib.
 
Məruzənin adının "Artsax məlikliklərinin qoşunları" adlandırılması belə gülünc səslənir. Ümumilikdə, arvadlı-uşaqlı, qocalı-cavanlı 1000 nəfər əhalisi olan Qarabağ məlikliyinin hansı qoşunlarından söhbət gedə bilər?!
 
Digər erməni məruzəçi, Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Qoar Mxitaryan isə Azərbaycanın xanlıqlar dövrü tarixini tamamilə saxtalaşdıraraq, guya həmin xanlıqların Azərbaycana aid olmadığını, Rusiya ilə İran arasında gedən müharibələr zəminində yaradılmış müvəqqəti subyektlər olduğunu bildirib. Tarixi faktları saxtalaşdırmaq bir yana, erməni məruzəçi lap ağını çıxardaraq Qarabağ xanı İbrahimxəlil xanın erməni olduğunu, xanlığın əhalisinin əksər hissəsinin ermənilərdən ibarət olduğunu qeyd edib.
 
Konfransda təkcə Ermənistandan deyil, Rusiya, Fransa, İtaliyadan olan elm adamları da iştirak ediblər.
 
Konfrans zamanı ermənilərlə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) Qafqaz problemləri və regional təhlükəsizlik Mərkəzinin baş elmi işçisi Vadim Muxanov arasında mübahisə yaranıb. Muxanovun "1920-ci ildə Ermənistanın sovetləşdirilməsi" adlı məruzəsi erməni müəlliflərin narazılığına səbəb olub. Ermənilər rusiyalı tədqiqatçının məruzədə nəyə görə Sovet rəhbərliyi tərəfindən Dağlıq Qarabağ və Naxçıvanın Ermənistandan alınaraq Azərbaycana verildiyini qeyd etməməsini irad tutublar. Muxanov isə cavabında o dövrdə həmin ərazilərin Ermənistana aid olduğunu sübut edən heç bir faktın mövcud olmadığını, belə bir tarixin mövcud olmadığını bildirib.  Bu cavab erməniləri lap özündən çıxarıb. Onlar rusiyalı tədqiqatçıya ittihamlar yağdırmağa başlayıblar.
 
Çox təəssüf ki, konfransın proqramının əks olunduğu broşürda belə qondarma rejimin nümayəndəsinin məruzə ilə çıxışı edəcəyi əvvəlcədən əks olunub.
 
Konfransın təşkilatçılarından biri olan universitetin tarix fakültəsindən bildiriblər ki, tədbirin proqramında "DQR" səhvən yazılıb: "Bu, proqramı yazan bir nəfərin səhvi olub. Hesab edin ki, bu texniki səhvdir".
 
"Həmin məruzəçinin "DQR"-in nümayəndəsi kimi təqdim olunmasının qarşısını almaq mümkündürmü" sualına universitetin tarix fakültəsinin rəsmisi cavab verə bilməyib.
 
Araşdırmamız zamanı o da məlum olub ki, konfransda qondarma "DQR" nümayəndəsi kimi təqdim olunan Raçya Arzumanyanın əslində Qarabağ heç bir aiddiyyəti yoxdur. Onun rəhbərlik etdiyi "Aşxar" Strateji Tədqiqatlar Mərkəzi Ermənistanda yerləşir. Bu vaxta kimi də R. Arzumanyanın özünü Rusiya mətbuatında Ermənistan nümayəndəsi kimi təqdim etdiyi məlum olub.
 
Beləliklə, gərgin olan Rusiya-Ermənistan münasibətləri fonunda ermənilərin "Erməni diasporu və Ermənistan-Rusiya münasibətləri: tarix və müasirlik" adlı beynəlxalq elmi konfrans keçirməsi və orada guya qondarma "DQR" nümayəndəsinin iştirakı son dövrlər yüksələn xətlə inkişaf edən Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə hesablandığı göz qabağındadır. Konfransın keçirilmə yeri kimi məhz Azərbaycanla əlaqələri yüksək səviyyədə olan Moskva Dövlət Universitetinin seçilməsi də erməni hiyləgərliyindən xəbər verir. Ümid edək ki, konfransın yekunu olaraq nəşr olunacaq topluda Azərbaycan-Rusiya münasibətlərinin ruhuna zidd məlumatlar, o cümlədən "Dağlıq Qarabağ Respublikası" söz yığını yer almayacaq.