Rəsulzadənin Səfəviləri düşmən adlandırdığı çıxışı üzə çıxdı – Xalq Cumhuriyyəti qurucusu Bakının xilaskarının şərəfinə təşkil olunmuş ziyafətdə bunları dedi

 
Millət vəkili Fazil Mustafa  Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin Bakının erməni və rus bolşeviklərindən təmizlənməsinə komandanlıq edən Nuru Paşanın şərəfinə verilən ziyafətdə etdiyi çıxışı sosial şəbəkələrdə paylaşıb.
Avropa.info xəbər verir ki, Rəsulzadənin araşdırmaçısı olan ailm Şirməmməd Hüseynovun tarixi sənədlər əsasında tərtib etdiyi əsərə istinad edən Fazil Mustafa  bunları yazıb.
“Məhəmmədəmin Rəsulzadənin böyüklüyünü anlamaq üçün irsinə müraciət etmək lazımdır. Şirməmməd Hüseynovun tərtib etdiyi Rəsulzadə əsərlərinin 5-ci cildində 14 noyabr 1918-ci ildə (düz 98 il öncə) Nuri Paşanın şərəfinə Bakıda verilən ziyafətdə nitqi yer allıb. Elə bir məqama toxunub ki, bu gün tariximiz üzərində hoqqabazlıq edənlərə, tariximizi İrançı zehniyyətdən təhlil edənlərə anlamlı bir cavab da sayıla bilər. Rəsulzadə çıxışında deyirdi:
“Türklər Bakıda ilk dəfə deyillər. Bu cür siyasi vəziyyəti Bakı bundan 350 il (yəni 1568, Səfəvilər dövründə) öncə yaşamışdır. O vaxt Özdəmir oğlu Osman Paşa bir miqdar əsgərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakını almışdı. (Qeyd edim ki, bu epizod Sara Aşurbəylinin “Şirvanşahlar dövləti” əsərində də yer alıb. Türkləri bura iranlıların zülmündən qurtulmaq üçün əhalinin müxtəlif təbəqələri dəvət etmişdi və onların ərazini ələ keçirməsinə hərtərəfli yardım etmişdilər- F.Mustafa) Bir azdan mərkəzi hökumət sülh bağladığına görə Osman Paşa yalnız qalmış, İstanbul tərəfindən tərk edilmişdir. Lakin o cəsur komandan məyus olmamış, əzminə xələl gətirməmişdir. Osman Paşa Bakı neftini inhisar altına almış, ipəyə maliyyə qoymuş, beləliklə büdcəni qaydaya salmışdır. Bakı qalasını təmir etdirərək müdafiəsini Əhməd bəy adlı bir komandana tapşırmış, özü Dəmirqapı Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı 6 ay tamam mühasirəyə dayanmış, nəhayət, düşməni (yəni qızılbaş ordularını- F.Mustafa) dəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir!” (səh. 63, “Azərbaycan qəzeti, 14 .11.1918, sayı 39)
Demək siz dahi Rəsulzadənin bilgisinə, fəhminə, müqayisəsinə baxın. Nuri Paşanın gəlişinin varislik tərəfini nə qədər müdhiş izah etmiş. Və türk ordusuna işğalçı deyən, yalandan ona istinad edərək tariximizi təhrif edənlərə, QUM saatı ilə işləyən bütün nadan azərbaycanlılara tutarlı cavabdır. Rəsulzadə XVI əsrdə Osman Paşanın Azərbaycana gəlişini, XX əsrdə Nuri Paşanın gəlişi kimi qurtuluş hadisəsi kimi qeyd edir. Bunu Azərbaycan dövlətinin qurucusu Məhəmmədəmin Rəsulzadə deyir. Onu səhti oxuyub keçənlər heç vaxt Azərbaycan dövlətinin quruluş fəlsəfəsini, Türkiyə-Azərbaycan qardaşlığının gerçək dəyərini anlaya bilməzlər!”