Rəsulzadənin sevimli müəllimi və məktəb macəraları- Romandan II fəsil

 
 
 
Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.
 
Əsərdə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqına və torpağına göstərdiyi danılmaz xidmətlər, eyni zamanda başına gələn hadisələr, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla “Azərbaycan Demokratik Cumhuriyyəti”ni yaradanların heyrətamiz vətənpərvərliyi, fövqəladə siyasi fəaliyyətləri, xalqın qeyrətli oğullarının Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi, “Qafqaz İslam Ordusu”nun Azərbaycanı kafirlər caynağından xilas etmək üçün apardığı ölüm-dirim savaşları, daşnakların, onların başçısı Stepan Şaumyanın və ümumiyyətlə ermənilərin xalqımıza qarşı apardığı soy-qırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapıb. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, macəralı səhnələr, dramatik löhvələr var.
 
 
 
II Fəsil - RUS-MÜSƏLMAN MƏKTƏBİ
 
Məhəmməd Əmin rus-müsəlman məktəbində şair, müəllim və maarifçi Sultan Məcid Qənizadədən dərs alırdı. Tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lü¬ğət¬lər, dərsliklər, bədii əsərlər, feleytonlar müəllifi Sultan Məciddən. Bu məktəbi Sultan Məcid vaxtilə Tiflisdə “Aleksandrovski” institutunda birlikdə təhsil aldığı yaxın dostu Həbibbəy Mahmudbəyovla birlikdə 1887-ci ildə yaratmışdı. Sultan Məcid çox savadlı, əməlisaleh, geniş dünyagörüşünə malik, xeyirxah bir insan idi. O, müsəlman uşaqlarının oxuması, təhsil alması üçün əlindən gələni edirdi. Bu məktəbin başqa rus-müsəlman məktəblərindən üstünlüyü ondan ibarət idi ki, burada türk dili də tədris olunurdu. Məhəmməd Əminin atası Hacı Ələkbər ağa da məhz bu səbəbdən oğlunu Sultan Məcid Qənizadənin yeni-üslubda yaratdığı məktəbə qoymuşdu. Bu məktəb 1891-ci ildən etibarən dövlət təminatına keçirilmişdi. Bu məktəbdə həm ilahiyyat elmləri, ərəb-fars dilləri, eyni zamanda türk dili və tarix, coğrafiya, riyaziyyat kimi dünyəvi elmlər də tədris olunurdu. Türk dilindən Sultan Məctid Qənizadə özü dərs deyirdi. Onun “Lüğəti-rusi və türki”, “İstilahi-türki” kitabları vardı. Sultan Məcid Qənizadə Həbib bəy Mahmudbəyovla birlikdə məktəbin nəzdində gözəl bir kitabxana təşkil eləmişdi. Sultan Məcid zatən çox hörmətli adam idi. Tanıyanlar  ona Mirzə Məcid deyirdi. Elə məktəbin özündə də ona bu cür müraciət edirdilər.
Onların ilk dərsi, eyni zamanda ilk tanışlığı belə olmuşdu.
Sultan Məcid Qənizadə sinif otağına daxil oldu. Uşaqlar dərhal ayağa qalxdılar. Sultan Məcid yaraşıqlı, hündürboy, qamətli adam idi. O, dərhal əli ilə uşaqlara “əyləşin”,-işarəsi verib diqqətlə bir-bir yeniyetmələri təpədən-dırnağa qədər süzdü və nədənsə nəzərlərini geniş alnı, həddindən artıq mənalı və ağıllı baxışları olan Məhəmməd Əminin üzərində o birilərinmdən çox saxladı. Əslində çox suallar oxudu Sultan Məcid bu baxışlarda və sanki bu baxışların qarşısında böyük bir məsuliyyət hiss eləyib özünü toplamağa, fikirlərini cəmləşdirməyə çalışdı. Sonra isə  sualların gözlərindən çıxıb ona tərəf uçan yağışından yaxşı mənada bezib dilləndi:
– Adın nədir?
Məhəmməd Əmin dərhal ayağa durdu:
– Məhəmməd Əmin.
– Çox gözəl adın var. Gözlərindən hiss eləyirəm ki, mənə sualın var, Məhəmməd Əmin?! Düzdümü?!
– Elədir, mirzə.
– Buyur, Məhəmməd Əmin! Səni nə maraqlandırır, əgər verə¬cə¬yin sual mənim bilgi dairəmdən kənarda deyilsə, cavab verim.
Məhəmməd Əmin bir anlıq başını aşağı salıb sonra yenə yuxarı qaldırdı:
– Məni neçə vaxtdır bir şey çox narahat eləyir mirzə, həddindən artıq çox narahat eləyir. Niyə bizim padşahımız rusdur? Niyə bizim xalqımız qeyri-müslüm olan insanların rəiyyəti olmağı belə rahat qəbul eləyib? Kimə bu sualı vermişəmsə cavab ala bilməmişəm. Mirzə, bəlkə siz bu suala cavab tapa bilərsiz?!
Sultan Məcid ah çəkib bir qədər susdu. Sonra bu sualın dəyərini ölçüsüz bir məsuliyyətlə anladığı, eyni zamanda ilk dərdən əsl müəllimliyin nə olduğunu bir anın içində ona anladan bu zəkalı yeniyetmənin bacardığı qədər narahatlığına son qoymaq fikri ilə sualı belə cavablandırdı:
– Bizim xalqımız çox yaxşı xalqdır. Zəhmətkeş, qonaqsevər, namuslu, səxavətli. Bir sözlə məziyyətləri çoxdu. Amma eyibdən, qüsurdan da kənar deyil. Birlik yoxdu bizim xalqda, Məhəmməd Əmin, birlik. Gəncə xanı ilə Bakı xanı bir-birinə düş¬mən kəsildi, Qarabağ xanı ilə Şamaxı xanı, Quba xanı ilə Şəki xanı. Ruslar da bundan məharətlə istrifadə eləyib, necə deyərlər, parçalayıb hökm sürməyə başladılar. Bizim son yüz illərdə Səfəvi dövləti kimi nəhəng, gözəl və müstəqil dövlətimiz var idi. Şah İsmayıl Xətai yaratmışdı bu dövləti, oğlu şah Təhmasib də genişləndirmişdi. Sonra bu dövlət xanlığlara parçalandı və bu xanlığlar həmin vaxtdan da bir-biriylə lazımsız, xalqa yalnız ziyan gətirən mücadilələrə, qarşıdurmalara başladılar. Bax, bizi Rusiyanın yarımüstəmləkəsinə çevirən bunlar oldu, bunlar. İndi kim bilir, qiyamətə qədər bizim müstəqil məmləkətimiz olacaqmı?!
Əslində bu sual Məhəmməd Əminə verilməmişdi. Sultan Məcid tələbəsinin qəlbindəki yaranın közünü qopartdığına rəğ¬mən, bu sual qəlbinin yarasından dörd tərəfə uçmuşdu.
 Məhəmməd Əmin isə mirzəsinin sualı ona verirmiş kimi, özü də dərhal cavablandırdı:
– Olacaq mirzə, inşallah, hökmən olacaq! Özü də mən inanıram ki, o günə çox qalmayıb.
Yeniyetmə oğlanın baxışları əminlik ifadə edirdi. Bu baxışlar o qədər qətiyyətli və əzmkar görünürdü ki, buna inanmamaq günəşin doğmasına inanmamaq kimi bir şey idi.
Sultan Məcid özündən asılı olmayaraq uzun illərdir hər gün azı yüz dəfə özü-özünə verdiyi sualı ona verən, sonra isə yarasının közünün üstünə amiranə ifadələrlə  məlhəm qoyan oğlana yaxınlaşıb, yaşlı bir kişinin əlini sıxırmış kimi əlini sıxdı:
– Sağ ol, Məhəmməd Əmin, çox sağ ol!
Sultan Məcid mirzənin bu cür əl sıxması Məhəmməd Əminə ölçüyə gəlməyən bir ruh verdi. On dörd yaşı hələ tamam olmamış Məhəmməd Əmin özünü hələ hətta yeniyetməlik çağı başlamamış bir oğlan uşağı deyil, samballı bir kişi hesab elədi. Yox, bu özündən razılıq əlaməti deyildi. Məhəmməd Əminin zatən özündən müştəbeh adamlardan zindeyi-zəhləsi gedirdi. Bu özünə inamın, məqsədinin ardınca getməyin, bu yolda “öldü var, döndü yoxdu” zərb-məsəlini həyat şüarı eləməyin duyğusu idi. Məhəmməd Əmin on dörd yaşa çatmasa da artıq kişi idi və heç bir zaman dönüb “gizlənpaç”, “qaçdı-tutdu”, “şumaqədər”, “fincan-fincan”, “kosaldıqaç” oynayan bir uşağ olmayacaqdı. 
Bundan sonra Sultan Məcid, o biri yeniyetmələrlə də tanış oldu, bir tarixçi olmamasına baxmayaraq, Azərbaycanın tarixi barədə qısa məlumat verməyi özünə borc bilib ilk dərsi və ilk tanışlığı bitirdi.
 
* * *
Artıq altı ay idi, Sultan Məcid Qənizadə Məhəmməd Əmingilə bildiyini öyrədirdi. Bütün tələbələr, o cümlədən də Məhəmməd Əmin öz müəllimlərindən çox razı idilər. Onlar bu altı ay müddətində biliklərini xeyli artırmış, bir çox şeylərdən maariflənmiş, dünyanın gediş-gəlişindən xəbərləri olmağa başlamış, dünyaya açıq gözlə baxmağa başlamışdılar. Təhsil, elm almaq, dünyanın işlərindən xəbər tutmaq uşaqların səhhətinə də xeyli müsbət təsir göstərmiş, onlar bu altı ay müddətində xeyli boy atmış, artıq pillə-pillə deyil, birdən-birə uşaqlıq dövründən yeniyetməlik çağına qədəm qoymuşdular.
Uşaqların sevimlisinə, doğma insanına çevrilmiş və onların “Məcid mirzə” müraciət etdikləri müəllim yarım saatdan artıq idi ki, dünya alimlərinin ixtiralarından, kəşflərindən danışırdı. Nəhayət, adəri üzrə cibindən təmiz bir dəsmal çıxarıb alnının tərini ehmallıca sildi və üzünü uşaqlara tutdu:
– Kimin nə sualı var, buyursun?!
Məhəmməd Əmin sağ əlini yuxarı qaldırdı. Mirzə Sultan Məcid əli ilə ona “buyur, sualını ver”,-işarə elədi.
Məhəmməd Əmin ayağa qalxdı:
– Mirzə, eşitdiyimə görə yer üzündəki kəşflərin, ixtiraların əksəriyyəti müsəlman alimlər tərəfindən edilib. Lakin bunların əksəriyyətini avropalılar sonradan öz adlarına çıxarıblar. Bu həqiqətən belədirmi?
Sultan Məcid yüngülcə təbəssüm etdi:
– Sən bunları kimdən eşitmisən?
– Atamdan.
Sultan Məcid təbəssümlə yüngülcə başını tərpətdi:
– Əyləş Məhəmməd Əmin. Atan haqlıdır.
Məhəmməd Əmin oturdu. Sultan Məcid masanın üstündəki kitabı əlinə götürüb sözünə davam elədi:
– Atan haqlıdır. İlk kağız fabriki Bağdadda Harun Ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulub. Sonra Misirdə, Əndəlisdə yenə müsəlmanlar bu cür fabriklər inşa etdilər.
 Sultan Məcid kitabı masanın üstünə qoyub cib saatını çıxarıb baxdı və sözünə davam elədi:
– İlk saatı da müsəlmanlar düzəltdilər. Harun Ər-Rəşidin Fransa kralına göndərdiyi ən əhəmiyyəti hədiyyələrdən biri də saat idi. Kral və onun əyanları buna heyran olmuşdular. Uşaqlar yəqin ki, İbn Sina haqqında eşitmisiz?!
Uşaqlar bir ağızdan “hə”,-deyə cavab verdilər.
Sultan Məcid yenə sözünə davam etdi:
– O, tibb elmində bir çox kəşflərin müəllifidir. Həkimlər sultanıdır.  Onun “Qanun” əsəri beş hissədən ibarət olub. Orda İbn Sina bütün xəstəliklərin dərmanlarını  qeyd edib. Həmin “Qanun” əsərini Qərbdə “Tibbin incili” adlandırıblar. Əsrlər bo¬yu Avropa darülfününlarında dərslik kimi istifadə ediblər. “Qanun kitabı” 15-ci əsrin axırlarında Avropada 16 dəfə, 16-cı əsrdə isə 20 dəfədən artıq çap olunubmuş. İbn Sinanın “Təzkirə” adlı əsəri yüz illərlə göz sahəsində yeganə kitab olaraq qalmışdır. Bilirsiz, uşaqlar, ilk xəstəxana da Vəlid ibn Əbdülməlik adlı bir müsəlman tərəfindən qurulmuşdur. İlk cəbr kitabını da Xarəzm adlı müsəlman yazmış, adını “Əl-Cəbr vəl-Müqa¬bele” qoymuşdur. Böyük alim Xoca Nəsrəddin Tusi də cəbrdə bir çox kəşflər etmişdir. Ömər Xəyyamın kəşfindən isə sonralar məhşur Avropa alimi Nyuton istifadə edib “Nyuton qanunu” deylən qanun yaratmışdır. Nyuton müsəlman Sabit ibn Kurranın da kəşflərindən bəhrələnmişdir. Bir sözlə, ilk kəşflər demək olar ki, hamısı müsəlmanlara məxsusdur. Baxın, uşaqlar, əgər siz də oxumağınızı bu məktəblə bitmiş hesab etməyib davam etdirsəz, darülfününlərdə daha geniş şəkildə elmlər öyrənsəz, o alimlər kimi kəşflər, ixtiralar eləyərsiz. Gərək bu həyatı elə yaşayasız ki, bir iziniz qala.
 Uşaqlardan biri, Bilal adlı yeniyetmə soruşdu:
– Mirzə, İbn Sinaya həm də Loğman deyirlərmiş, hə?
Sultan Məcid Bilalın sualını cavablandırdı:
– Əslində Loğman başqa adam olub. Müqəddəs Qurani-Kərim¬də “Loğman” surəsi var. Həmin Loğman olduqca müdrik, ağıllı, mömin bir adam olub. Hətta bəzi ilahiyyat alimləri onun peyğəmbər olduğunu da söyləyirlər. İbn Sina həmin Loğman deyil. Sadəcə olaraq o da çox ağıllı, bilikli, müdrik və əməlisaleh biri olduğu üçün onu həmin Loğmana bənzədirlərmiş və ona Loğman deyirlərmiş. İbn Sina o qədər kəramətli olub ki, günlərin bir günü padşahın qızı möhkəm xəstələnir və dərdinə heç kim çarə tapa bilmir. Padşah naəlac qalıb uzaq vilayətdən İbn Sinanı gətizdirir və ona tapşırır ki, qızıma əl vurmadan, pərdənin arxasından  onu müalicə elə! İbn Sina da həmişə xəstələrin nəbzinə baxandan sonra onların xəstəliyini müəy¬yən eləyirmiş. Odur ki, tapşırır ki, pərdənin arxasından qızın nəbzinə bir ip bağlasınlar və ipin ucunu gətirib ona versinlər. Belə də edirlər. İbn Sina ipin ucunu əlinə götürən kimi anlayır ki, qızın nəsə böyük bir dərdi var. Odur ki, xilafətin tərkibində olan şəhərlərin, vilayətlərin adını saymağa başlayır. Səmərqənd şəhərinin adını deyəndə ip tərpənir. İbn Sina başa düşür ki, qızın dərdi Səmərqəndlə bağlıdır. İbn Sina özü orda yaşadığı üçün Səmərqəndin məhələllərinin adını yaxşı bilirmiş. Odur ki, məhəllələrin adını saymağa başlayır. Bir məhələnin adını çəkəndə yenə ip tərpənir. İbn Sina başa düşür ki, qızın dərdi bu məhəllə ilə bağlıdır. İbn Sinanın o məhəllədə xeyli qohumu, tanışı varmış. Odur ki, bildiyi bütün adları sayır. Cavan bir oğlanın adını çəkən zaman ip əvvəlkilərdən xeyli möhkəm tərpənir və İbn Sinaya məlum olur ki, qız həmin oğlana aşiqdi.
Sultan Məcid bir qədər tərlədiyi üçün pəncərəni açdı. Buradan Bakı şəhərinin o qədər də böyük olmayan mənzərəsi görünürdü. “İmam Hüseyn məscidi”nin minarəsi isə bu görüntüyə heyrətamiz bir gözəllik verirdi. Zühr namazının vaxtı olduğu üçün məscid minarəsinin şərəfəsindən müəzzinin ecazkar səsi eşidilirdi:
 
Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər
Əşhədu ənlailahəilləllah, Əşhədu ənlailahəilləllah
Əşhədu ənnə Muhəmmədən rəsullullah
Əşhədu ənnə Muhəmmədən rəsullullah
Əşhədu ənnə Əliyən vəliyullah
Əşhədu ənnə Əliyən huccətullah
Həyələlsalah, Həyələlsalah
Həyələlfəlah, Həyələlfəlah
Həyya əla xəyrul əməl, həyya əla xəyrul əməl
Allahu Əkbər, Allahu Əkbər
Ləilahəilləllah, Ləilahəilləllah.
 
Sultan Məcid azan bitənə qədər başını məmnun halda tərpədə-tərpədə məscid minarəsinə tamaşa eləyib sözünə davam elədi:
– Uşaqlar, bunu bilməyiniz çox vacibdir ki, məhz İslam dini xalqlara zəngin mədəniyyət və bütün kainata şəfəqlənən bir elm gətirdi. Əlbəttə, söhbət İslam dinini qəbul eləmiş xalqlardan gedir. Avropa mədəniyyəti yunan mədəniyyətindən qaynağlanırdı. Xristian dini Yunanstandan ayaq tutub yeridiyi kimi qədim yunanlara məxsus olan teatr, ədəbiyyat, incəsənət, idman da avropalıların həyatında rahat bir şəkildə kök saldı. Zatən bütün İslam dünyası bir çox şeylərdə ərəblərdən qaynaqlandığı kimi, avropalılar da yunanlardan çox şeyləri əxz eləmişlər. Belə ki, müsəlmanlar müqəddəs Qurani-Kərimi ərəb di¬lində oxuduqları  kimi, bütün xristian dünyası  müqəddəs “İncil”i yunan dilində oxuyur.  İslam dini dünyada öz ətirli kökünü salandan sonra müsəlmanlar cəbri, həndəsəni, nücum elmini, kimyanı, fizikanın kökünü yaratdılar və bu elmlər tez bir zamanda Avropaya ayaq açdı. Sonralar avropalı alimlər müsəlman alimlərinin nəzəriyyələri, ixtiraları, kəşfləri üzərində yeni kəşflər, nəzəriyyələr, ixtiralar yaratdılar və Avropa elə fikir yürütdü ki, guya bütün bunlar elə onların özlərinin məhsuludur. Məsəl üçün şübhəsiz ki, siz triqonometriyanın nə olduğunu bilmirsiz. Bu elm həndəsəyə aiddir. İnşallah zaman gəlincə həndəsə fənnindən dərslər keçərkən siz bu barədə məlumatlar alacasız. İndi isə mən sadəcə olaraq bunu sizin nəzərinizə çatdırmaq istəyirəm ki, triqonometriyanın gerçək mənada əsasını 858-929-cu illərdə Bəttani adlı müsəlman alim qoydu və triqonometriyaya tanges, kotanges və kosenkası qazandıran da 940-998-ci illərdə ömür sürmüş müsəlman alimi Əbül-Vəffa oldu. Triqonometriya ilə bağlı ilk elmi və ciddi əsəri 1201-1274-cü illərdə yaşamış türk alimi Nəsrəddin Tusi yazmışdır. Nuyutona aid edilən binom formulunu cəbrə qazandıran isə on üçüncü əsrdə ömür sürmüş dahi fars şairi, alim, filosof Ömər Xəyyam olmuşdur. Əlbəttə, sizin hələ bunlardan da tamamilə anlayışınız yoxdur, lakin vaxt gələcək bunların nə olduğunu çox gözəl anlayacaqsız. Mən isə bunları sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. İstəyirəm siz müsəlman alimlərinin təkcə ilahiyyat elmləri ilə deyil, dünyəvi elmlərlə də böyük həvəslə məşğul olduğunu və hansı xaruqələr yaratdığını öyrənəsiz. Mənə elə gəlir ki, bu çox vacibdir. Differensional hesab da, Nyutondan əvvəl onuncu əsrdə yaşamış müsəlman alimi Sabin ibn Kurra tərəfindən tapılmışdır. Geometriyadan da ilk dəfə bəhs edən XVII əsrdə yaşamış Dekart yox, Sabit ibn Kurradır. Musa qardaşları 9-10-cu əsrlərdə dünyanın kürrə şəklində olduğunu və fırlandığını subut etmişdilər. Həzrəti İmam Cəfəri Sadiqin tələbəsi Cabir Həyyan yaratdığı şəxsi laboratori¬yasında bir çox turşuları kəşf etmiş, atomun ətrafında fırlanan elektron haqqında ilkin məlumat vermişdir. İndiyədək kəşf olunan elementlərdən on doqquzunu o kəşf etmişdir və 500-ə yaxın kitab yazmışdır. İlk dəfə sulfat turşusunu və saf spirti müsəlman alimi əldə etmişdir. Bu cür misalları Birunidən, Qiyasəddin Cəmşididən çox gətirmək olar. Fəqət avropalılar mü¬səlmanlardan bütün bunları çox ucuz qiymətə alıb olduqca baha, zaman keçəndən sonira isə müsəlmanların özünə həddindən artıq baha satmışlar. Onlar bu kəşflərin əsasında bir çox texniki naliyyətlər əldə etmiş, elektriki, telefonu, mühərriki, sonralar avtomobili, ayraplanı, cürbəcür dəzgahları, qurğuları, cizgi fdilmi, sinema cihazlarını, mexanizmlərini və bir çox şeyləri ixtira edərək bunların alverindən külli miqdarda vəsait əldə etmiş, müsəlman Şərqinə isə bu texniki vəsaitləri od qiymətinə satmışlar.
Hər dədə dərs keçdikcə ensiklopedik bilkiyə malik olan Sultan Məcid uşaqlara dünyəvi elmlərdən və müsəlman alimlərinin kəşflərindən xeyli məlumat verirdi. Bütün bunlar zatən elmə çox maraq göstərən Məhəmməd Əminə çox gözəl bir şəkildə sirayət edir, onun dünyagörüşünü genişləndirirdi.
 
(ardı var)
                 

Загрузка...
Загрузка...