​Rəsulzadənin pərən-pərən olan ailəsi- itkin düşən, soyuqdan donan qızları

Baxış sayı: 
160

 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin gələn il keçiriləcək 100 illik yubileyinə aid silsilə yazılarına davam edir.
 
Bu dəfə yenə də həmin şanlı tarixin əsas qurucusu olan Məhəmməd Əmin Rəsulzadədən bəhs edəcəyik. Onun həyat, yaradıcılıq və fəaliyyəti barəsində Moderator.az saytında silsilə yazılar təqdim etsək də, ailəsi haqqənda demək olar ki, az yazmışıq. Nəzərə çatdıraq ki, Rəsulzadə ailəsinin hər bir üzvü - anasından tutmuş ən kiçik nəvəsinəcən - elə bir ağrılı ömür yaşayıblar ki, onların hər birinə ayrı-ayrılıqda geniş araşdırma həsr etmək lazımdır. Öncə isə, Rəsulzadənin pərən-pərən olan ailəsi haqqında qısa məlumat verək:
 
Anası – Zal qızı Ziynət erkən  rəhmətə gedib. Analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. Çox alicənab olan Maral xanım 1929-cu ildə Kərbəla ziyarətinə gedib. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.
 
Bacısı – Şəhrəbanu xanım. M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.
 
Həyat yoldaşı Ümbülbanu xanım – M.Ə.Rəsulzadənin həyat yoldaşı olan bu xanım onun əmisi qızı idi. 1888-ci ildə anadan olub. M.Ə.Rəsulzadə onunla 1908-1909-cü illərdə ailə qurub. Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq M.Ə.Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda – sovxozda məskunlaşıblar. Oğlu Rəsulun ölümünü unuda bilməyən Ümbülbanu xanımın ağır sürgün həyatında ürəyi partlayıb, 1939-cu ildə dünyasını dəyişib, elə orada da dəfn edilib.
 
Qızı Lətifə - M.Ə.Rəsulzadənin ilk öladı və böyük qızı olub. 1910-cu ildə anadan olub. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını “Müsavat” Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana Semipalatinsk vilayətinə sürgünə göndəriblər. Üçüncü övladı Sona isə xəstə olduğundan sanatoriyada saxlanılıb. Lətifə xanımla qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Lətifənin Bakıda qalan qızı Sonadan isə heç bir xəbər alınmır. Ehtimala görə, o da xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.
 
Qızı Xalidə - M.Ə.Rəsulzadənin kiçik qızı Xalidə (1916-cı ildə anadan olub) anasının ölümündən sonra Qazaxıstanda – Taldı-Kurqanda qala bilmir. Həyatını riskə ataraq 1943-cü ildə sürgündən qaçıb Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır..
 
Oğlu Rəsul – M.Ə.Rəsulzadənin iki oğul övladı olub. Rəsul və Azər. Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. Rəsulun şeir yazmaq istedadı da olub. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulun 15-də Novxanıdakı bağlarında həbs olunaraq 19 yaşında güllələnib.
 
Azər – kiçik oğlu Azər M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə doğulub. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gedib, ailəsi ilə görüşə bilib. İki aylıq uşağın adını dəyişib (əvvəl adı Əliheydər olub) Azər qoyub. 1937-ci ildə sürgünə göndərilən Azər 1993-cü ildə Qazaxıstanda – Karaqandada dünyasını dəyişib və gətirilb Novxanı məzarıstanlığında dəfn edilib.
 
Qeyd: Yazıda araşdırmaçı alim, Rəsulzadəşünas Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”, “Məhəmməd Əmin Rəsulzadə” monoqrafiyalarından istifadə olunub.
 
Elmin Nuri

Загрузка...
Загрузка...