​Rəsulzadənin maraqlı və gizli imzaları- “Sosialist”, “Niş”, “Haman”

 
 
 
 
Moderator.az Azərbaycan Cümhuriyyətinin gələn il keçiriləcək 100 illik yubileyi ilə bağlı silsilə yazılarını davam etdirir. Ötən həftə olduğu kimi, bu həftəni də dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr edəcəyik.
 
Bu dəfə onun onun ayrı–ayrı mətbuat orqanlarında məqalələrinin sonunda istifadə etdiyi maraqlı imzaya toxunacağıq. Qeyd edək ki, Rəsulzadə yazmaqdan heç vaxt yorulmayıb. Məhsuldar publisistik fəaliyyəti əsasən, Cümhuriyyətin qurulmasından əvvəlki illərə təsadüf edir. Qeyd olunan illərdə və ondan sonrakı dövrdə Rəsulzadə bu mətbuat orqanlarında fəal çıxış edib:
 
1. “Hümmət” qəzeti (1904-1905-ci illər), Bakı.
2. “Dəvət” (“Dəvəti-Qoç”) qəzeti ( 26 may 1906 – 6 avqust 1906 ), Bakı.
3. “İrşad” qəzeti (1905-1908-ci illər), Bakı.
4. “Təkamül” qəzeti (1906-1907-ci illər), Bakı.
5. “Yoldaş” qəzeti (1907-ci il), Bakı.
6. “Tərəqqi” qəzeti (1908-1909-cu illər), Bakı.
7. “Füyuzat” jurnalı (1906-1907-ci illər), Bakı.
8. “Volna” jurnalı (1909 fevral, cəmi 2 sayı çıxıb, rus dilində), Bakı.
9. “Dirilik” jurnalı (16 sentyabr 1914 -1916-cı il), Bakı.
10. “Şəlalə” jurnalı ( 19 yanvar 1913 – mart 1914), Bakı.
11. “Yeni İqbal” qəzeti (28 aprel 1915-1917-ci illər), Bakı.
12. “İqbal” qəzeti (1912-1915-ci illər), Bakı.
13. “Açıq söz” qəzeti (1915-1918-c illər), Bakı.
14. “Azərbaycan” qəzeti (1918-1920-ci illər), Bakı.
15. “Bəsirət” qəzeti ( 14 aprel 1914 -1920), Bakı.
16. “Qurtuluş” qəzeti (2 oktyabr 1915 -1920), Bakı.
17. “Qudok” qəzeti ( avqust 1907 – dekabr 1907)
 
Rəsulzadənin bu mətbuat orqanlarında yüzlərlə məqaləsi dərc edilib. Maraqlı məqamlardan biri də Rəsulzadənin istifadə etdiyi imzalardı. O, müxtəlif illərdə müxtəlif mətbuat orqanlarında 15 fərqli imza ilə çıxış edib. Ən çox istifadə etdiyi imzalar isə bunlar olub: "Məhəmməd Əmin Rəsulzadə”, “M.Ə. Rəsulzadə”, “M.Ə.R-zadə”, “M.Ə.R.”
 
Amma bəzən, çoxlarına tanış olmayan və onun kimliyini gizləyən imzalardan da istifadə edib. Həmin imzalar bunlardı: “Marzadə”, “Mürəttib”, “Sosialist”,  “Haman”, “Niş”, “M.Ə.M”
 
 Sonda qeyd edək ki, onun ən böyük imzası elə adıdır! Hansı ki, bütün imzalarının fövqündə də məhz o durur. Sonda elə öz adı ilə yazdığı “Mayıs duyğuları” şeirini təqdim edirik. Çünki bəlkə də Rəsulzadənin ən böyük imzası elə bu şeirin içindıki hüzn və inamdır!
 
Mayıs duyğuları
 
İlk çağındaydı gözəl mövsümün,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan İstiqlala girmişdi.
 
Erkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat döndü qış oldu.
Azərbaycan Moskovların əlində,
Əsarətin zəhərini dadmış oldu.
 
Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət,
“Hürriyyət” fikrinə candan vuruldu.
 
Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət bitər bir yeni Azərbaycan.
 
Şiddətliysə əgər mövsümün qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası,
Bizə yalnız hürriyyətlə dolacaq.
 
Tarixin yenə gözəl bir çağında,
Qaranlıq qış keçib, bahar gələcək.
Hər hansı bir ilin aydın günündə,
Azərbaycan İstiqlala girəcək!
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...