Rəsulzadənin gənc yaşında yazdığı vəsiyyət: “Mömin gərək vəsiyyətsiz ölməsin, odur ki…”

Baxış sayı: 
129
0  
0  

 
 
 
 
 
Məhəmmədəmin Rəsulzadə böyük dövlət xadimi olmaqla yanaşı, həm də ədəbiyyatşünas və publisist idi. Onun yazarlıq fəaliyyəti çox məhsuldar olub. Ümumilikdə, yüzlərlə məqaləsi 30- yaxın dərgi və qəzetlərdə çap olunub.
 
Rəsulzadə yazılarında bəzən, xüsusi ustalıqla ironiyalardan da faydalanıb. Satirik üslub çox olmasa da, ara-sıra onun yazılarında da gözə dəyir.
"İrani-nov"qəzetnin   206-cı sayında  (17 may 1910) yazdığı “Vəsiyyət” adlı yazısında ironik şəkildə çox maraqlı məqamlara toxunur:
 
Qeyd edək ki, vəsiyyətdə bəzi məqamlara ironik şəkildə yanaşılıb. O zaman İranda baş verən hadisələr əslində bu yazının əsas leymotivini təşkil edir. Belə ki, inqilab ərəfəsində İranda baş verən hadisələr bu "vəsiyyət"in dili ilə təqdim olunur və oradakılara müraciət edilir:
 
Moderator.az müəllifin dil-üslubuna toxunmadan həmin yazını təqdim edir:
 
“Sabah vəd olunan quyruqlu ulduzun görünəsi gündür. O, çox sürətlə bu başıbəlalı, həsrət çəkən Yerə yaxınlaşır. Bizim yazıq Yer kürəsinin həsrəti ürəyində qaldı. Ədalət və bərabərlik naminə nə qədər qanlar töküldü, nə qədər rəzalətlər çəkdik. Yenə də nəticəsi olmadı. Həmin zülmlər, qeyri-bərabərlik və biganəlik hökm sürməkdədir. Həyat zorluların, fəlakət isə yoxsullarındır. Hələ də azlıq dünyanın çoxluğuna hakimdir. İndi tənbəllər şad, zəhmətkeşlər isə kədərlidirlər.
Tamam dünya bir parça bədbəxtlik, vətən övladı səadətdən məhrum...
Alimlərin çoxu təsəlli verirlər ki, bu ulduzun bizim Yerə heç bir zərəri olmayacaq. Buna baxmayaraq hər halda vəsiyyət yaxşı şeydir, xoşagələndir, uzunömürlülüyün səbəbi, can rahatlığıdır.
 
Mömin gərək vəsiyyətsiz ölməsin, odur ki, möhtərəm oxucular mən "Niş"də vəsiyyət edirəm.
Əvvəla heç qorxmayın, əvvəl-axır hamımız öləcəyik. Belə olan tərzdə yaxşı olar ki, elə hamımız birdən ölək. Bu, ona görə yaxşıdır ki, ikinci dəfə qiyamət vaxtı gələndə bəlkə ağıllanaq, bir-birimizlə doğru rəftar edək, qərəzi kənara qoyaq, bir yerə toplaşıb bir azad İran məmləkəti yaradaq, rus və ingilisi də yaddan çıxarmayaq!...
 
Amma əgər elə şəxslər tapılsa ki, rüşvət, yaltaqlıq və tanışlıqla, mədhiyyə və qəsidə deməklə özlərini bəşəriyyətin bu təhlükəsindən xilas edə biləcək İran ərazisində qalacaq və yenidən insan övladını yaradacaq, onlardan xahiş edirəm mənim təcrübəmi nəzərə alıb bir neçə maddədən ibarət olan aşağıdakı vəsiyyətnaməmə əməl etsinlər.
 
1.Yüksək vəzifəyə layiq görmədiyiniz şəxsi həm özünüzü, həm də başqalarını aldadıb böyük böyük şəxsiyyət fərz etməyin. Çünki, bu cür etsəniz öz təcrübəm əsasında deyirəm, öz başınıza bəla gətirərsiniz.
 
2.Əgər təzə təşkil edəcəyiniz məmləkətin əsasları köhnədirsə, labud olaraq inqilabdan keçərək bir milli hökumət təşkil edin.
 
Öz aranızda meydana gələn siyasi nəzəriyyələr və professional ixtilafları şəxsi ixtilaflara çevirməyin və bir-birinizi tənqid də sağlam ağlı əldən verib fitnəkarların təsiri altına düşməyin ki, bizim kimi "etidal və başqalarına düçar olmayasınız və qeyri-məlum ibarələrin müəllifləri kimi gözübağlı olub bir-birinizin canına düşüb düşmənləriniz üçün məsğərə alətinə çevrilməyəsiniz.
 
3.Siyasi nəzəriyyələr meydanında nə qədər bacarırsınız fikir atınızı oynadın, amma bu at oynatmaq iranlılıq çərçivəsindən kənara çıxmamalıdır.
 
4.Siyasət meydanında nə qədər mühafizəkar olsanız da, orta yol seçin və ya həddən artıq qızğın olmayın, bir-birinizi ittiham etməyin! Çünki, gördük və yəqin etdik ki, əgər quyruqlu ulduz gəlməsəydi, qarşılıqlı ittiham və intiriqa bizi boğardı.
 
5.Əgər nazir olsanız və ya İranda təzə yüksək vəzifəyə çatsanız, öz hərəkətlərinizdə mülahizəli olun. Elə etməyin ki, sizin məlumat və üzrxahlıqlarınız məmləkətə və onun azadlığına xələl gətirsin.
 
6.Əgər millət vəkili olsanız, öz vəzifənizi bilin və heç vaxt ondan kənara çıxmayın. Heç vaxt nazirlik kabinələrinə biri üçün vasitəçi kimi getməyin. İcra sahibinin işlərinə müdaxilə etməyin ki, öz icra qüvvənizi öz hüdüdlarında saxlaya biləsiniz.
 
7.Əgər Allah eləməsin çətinliyə düşüb gözlədiyinizin əksinə olaraq jurnalist olsanız ən azı sərxoş halda heç bir şey yazmaym, yoxsa öz milli mətbuatınızın bədnam olmağına bais olarsınız.
 
8.İdarəyə və ya Milli Məclisə vəkillər seçilən zaman, elə adamı seçin ki, onun özünün müstəqil fikri olsun, vicdanla rəy versin, gözləməsin ki, görək filankəs nə rəy verəcək, mən də onun əksinə rəy verim.
 
9.Əgər bir hadisə zamanı siz öz millətinizə layiqli xidmət etsəniz və məşhur qəhrəman olsanız çalışın ki, hərəkətləriniz ad-sanınıza uyğun olsun. Belə olmazsa, sabah xidmətiniz bir qara qəpiyə dəyməz.
 
10.Öz çalışqanlığınıza görə bir yerə hakim təyin olunsanız, elə etməyin ki, sizə baxıb zalımlara rəhmət oxusunlar.
 
11.Bizim əlimiz daha çatmayacaq, amma, "İrani-nov" da dünən yazılmış suallara siz cavab verin. "Həyya əla xeyril-əməl"* ruhunu özünüzdən razı salın.
Ulduzun vaxtı çatır, əlim əsir, halım dəyişir, üzr istəyirəm. Əgər bu 10-11 maddəyə əməl etsəniz kifayətdir”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...