​Rəsulzadəni qınadığı üçün sonralar ondan üzr istəyən nazir oğlu - Tarixi sənəd

 
 
Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
 
Cümhuriyyətin banisi olan Məhəmməd Əmin Rəsulzadə haqqında maraqlı tarixi fakt diqqət çəkib.
 
Rəsulzadə ADR-in süqutundan sonra xaricə getməyə məcbur oldu. Amma orada yenə də Azərbaycanın istiqlalı uğrunda nəzəri-praktiki şəkildə mübarizə aparırdı. AXC dövründə, Cümhuriyyətin son iclasında  onunla razılaşmayan və Rəsulzadənin xaricə getməyini qınayan Şəfi bəy Rüstəmbəylinin tərəfdarları sonradan artdı. Şəfibəyçilik getdikcə inkişaf etdi. Amma çox keçmədi ki, Rəsulzadənin uzaqgörənliyi ilə onlar da barışmalı oldular. Belə şəxslərdən biri də ADR-in maliyyə nazirinin oğlu  olan Fuad Əmircanlıdır. Vaxtilə Rəsulzadəni qınayan nazir oğlu sonralar ondan rəsmi surətdə üzr istəmişdi.
 
Azərbaycanın tanınmış mühacirlərindən biri, “Azərbaycan Milli Komitəsi”nin Başqan yardımçısı, Berlində çıxan Azərbaycan legionerlərinin “Azərbaycan” qəzetinin məsul redaktoru olan Fuad Əmircalının - O, AXC dövründə (1918-1920) Maliyyə naziri vəzifəsində çalışmış Əbdüləli Əmircanovun oğludur - etirafı: “Mənim vaxtı ilə M.Ə.Rəsulzadə bəyə və müsavatçılara qarşı aldığım vəziyyət heç kimsədən gizli deyildir və bunu heç bir zaman inkar etmədim. Fəqət, kürreyi-ərz üzərində dürüst heç bir insan mənim və vətəndaşların şəxsləri əleyhinə və ya vətənpərvərlik və ya milliyyətçiliklərindən şübhə edəcək bir tək kəlmənin belə ağzımdan çıxdığına dair bir tək misal göstərə bilməz... Mən vaxtı ilə müsavatçıların və M.Ə.Rəsulzadənin mühacirətdəki taktikalarını doğru anlamadığım üçün onlarla uyuşa bilmirdim. Bu gün onlara dostanə əl uzatdımsa, bundan qızaracaq bir insan deyiləm, zira Avropa kitabxanalarını dolaşıb Azərbaycana aid hər əsərin mühacirətdə yalnız onlardan çıxdığını gözlərimlə gördükdən, başqalarının ancaq fürsət zühur etdikcə və ya işlərinə gəldikcə milli fəaliyyətdə məşğul olduqları halda onların intizamlı, mütənasib, davamlı və fəal bir surətdə özlərini tamamilə bu işə verdiklərini müşahidə etdikdən və milli yolda sapsağlam durduqlarına... bütün mövcudiyyatımla inandıqdan sonra... proqramları, xətti-hərəkətləri aydın olan və üstəlik milli yoldakı mövqeləri uzun təcrübələrlə sınanan bu qrupla işbirliyi edəcəyim aşkardır”.
 
Mənbə:  M. Kəngərli. Fuad Əmircan. “Azərbaycan” jurnalı, Ankara, N304, 1995-ci il. (Nəsiman Yaqublu, “Rəsulzadə Ensikpolediyası”)
(modern.az)

Загрузка...
Загрузка...