​Rəsulzadəni evində gizlətdiyi üçün sürgünə göndərilən seyid- ARAŞDIRMA

 
 
 
 
 
“1920-ci ilin 28 aprelində hökuməti təhvil verdikdən sonra Rəsulzadə Novxanıdakı bağ evinə köçmüşdü. Müsavatçılardan Nəsib Bəy Yusifzadə vaxtaşırı onun yanına gedib-gəlir, Abbasqulu Kazımzadə isə şəhərdə baş verən xəbərləri aparıb-gətirirdi. Sonuncu dəfə Rəsulzadənin yanına gələndə o, dostuna dedi:
 
-Məhəmməd Əmin bəy, siz daha burada da qala bilməyəcəksiniz! Əliheydər Qarayev sizin həbs edilməniz haqqında qərar çıxarıb. Bəylər qərara gəliblər ki, sizi Lahıca aparaq. Çünki şəhərlə Novxanının arasında elə böyük məsafə yoxdur. Bakıdan Şamaxıya, oradan Qaraməryamadək bütün yollara bolşeviklər nəzarət edirlər. Odur ki, təcili yığışın!
 
Bakını tərk etmək vaxtı çatmışdı. Qərara alındı ki, Sarı Ələkbərə müraciət edilsin. Sarı Ələkbər çoban olsa da, zirək adam idi. O, Rəsulzadəni Müsavatın güclü özəyi olduğu Şubanı dağlarının arasıyla Lahıca aparmağı məsləhət gördü.
 
Lakin Abbasqulu Kazımzadə Rəsulzadəni bu ağır səfərə tək buraxmadı. Atlar yəhərləndi. Dağların arasıyla Gimçi kəndinə gəldilər. Orada Seyid Zəki adlı hörmətli bir şəxsin evində yığışıb sonrakı addımlarını müzakirə etməyə başladılar. Gəmçidən Lahıca gedən Seyid Zəki oğlunu Rəsulzadəgilə qoşdu. Lahıca sağ-salamat çatıb dostunun evinə düşsələr də, burada uzun müddət ləngiməyib, tez-tez qaldıqları yeri dəyişirdilər.
 
Rəsulzadənin tədbirli tərpənib Bakını tərk etdiyini eşidən Əliheydər Qarayev də hər yana adam salıb, onu axtartdırırdı. Nəhayət, Rəsulzadəni Lahıcda yaxalaya bilib Bakıya gətirdilər. Elə bu məqamda da Stalinin köməyi Rəsulzadənin dadına çatdı”.
Rəsulzadənin ömrünün bu ağır illərində-ölümün pəncəsindəki olduğu dönəmdə onun necə çətin yollarla xilas olması haqqında çox danışlıb. Əsasən də Stalinin adı çəkilib. Doğrudur, tarixdə belə fakt olub: Stalin Rəsulzadəni güllələnməkdən xilas edib, daha doğrusu, ona borcunu qaytarıb.
Lakin Moderator.az bu dəfə yuxarıdakı abzasda adı keçən el ağsaqqalı Seyid Zəki ağadan danışacaq. Hansı Seyid Zəki ağa ki, Rəsulzadəni əldən verən Əliheydər Qarayev və başqa bolşeviklər onun heyfini bu din xadimindən çıxdılar. Nə var, nə var ki, Rəsulzadəni o bir müddət gizləmiş və Lahıca öz qohumlarıgilə gizli yollarla göndərmişdi.
 
 
Məhəmməd Əmin Rəsulzadə Xızının Gimçi kənd sakini Seyid Zəki ağa ilə yaxın dost olub. Həm də uzaq qohum idilər...
 
Bildiyimiz kimi, 1920-ci ildə Azərbaycan işğal edildikdə Rəsulzadənin həbs təhlükəsi yaranır. Bu təhlükəni dəf etmək üçün o, Bakını  tərk etmək məcburiyyətində qalır. Əvvəlcə Xızının Təzəkənd kəndinə gəlir. Burada onu Xızı və Qarabulaq camaatı qarşılayır. Onların arasında gənc Cəfər Cabarlı da olub. Az müddətdən sonra Rəsulzadənin Təzəkənddə də qalması təhlükəli olur. Çünki cəsuslar artıq onun gizləndiyi yeri bilmiş və tezliklə hərəkətə keçmişdilər. Bu səbəbdən, onu Gimçi kəndinə- Hacı Seyid Zəki ağanın yanına göndərirlər.
 
Seyid Zəki ağanın nəvəsi Mirhəsənin sözlərinə görə, Seyid Zəki ağa Məhəmməd Əmin Rəsulzadənin uzaq qohumlarından olub. Ona görə də Rəsulzadənin özü də qohumunun yanında qalmağa, orada bolşeviklərdən qorunmağa maraqlı olub. Çünki Seyid Zəki ağa bütün ətraf kəndlərdə, qəsəblərdə hamının xüsusi hörmət bəslədiyi insan idi. Odur ki, cəsusluq edən kəslər başqalarından fərqli olaraq, onun evini pusa bilməz, hətta bundan xəbərləri olsa da belə ağaya nəsə etməzdilər. Hər halda, Rəsulzadə bu cür düşünürdü. Amma təəssüf ki, onu seyidin evinə gətirən hər iki səbəb sonradan puç olur. Təzəkənddə yeri öyrənilən Rəsulzadənin Gimçidə də izinə düşürlər. Seyid Zəki ağanın şəxsi nüfuzu səbəbindən bir neçə kənd sakini gecə ikən gizlincə onun evinə gəlir və qonağı başqa yerə aparmağı, kənddən çıxarmağı məsləhət görürlər.
Seyid Zəki ağa vaxtı fövtə verməyib, qonağın yerini dəyişdirmək qərarına gəlir. Rəsulzadəni gizli yollarla Lahıca göndərir. O, Lahıcda  Seyid Zəki ağanın dostları və qohumlarının yanında qalır.
Seyid Zəkinin sakit həyatı 1930-cu ildən sonra pozulmağa başlayır. Bolşevik hökumətinin agentləri onu tez-tez istintaqa cəlb edir, sorğu-suala tuturlar.
 
Çox keçmir ki,  heç bir günahı olmayan seyidi həbs edib Novo–Sibirsk şəhərinə sürgün edirlər. Seyid Zəki ağır işgəncələrə, quru böhtanlara, haqsızlıqlara dözməyərək, 1932-ci ildə dünyasını dəyişir. Onun ölümü bütün ətraf ərazilərdə matəm kimi qarşılandı.

Seyid Zəkidən sonra ailəsinin də sürgünə yollanma təhlükəsi yaranır. Çünki o zamanın məlum qaydalarına görə sürgün olunan şəxsin ailəsi də onun aqibətini yaşamalı idi. Bu səbəbdən ailəsi doğma kəndlərindən uzaqlaşmalı olur. Seyid Zəkinin həbsindən sonra ona sadiq qalan yaxın dostları ailəsini mühafizə etmək üçün kənddən çıxarırlar. Ailə iki yerə parçalanır. Seyidin həyat yoldaşı Həsrət, oğlanları Mirsahib, Mirsaleh, Mirağa və qızı Seyidcahan Xırdalanda, qohumları Hacıbala kişinin himayəsində qalırlar.
 
Ailədəki gərginlik, üst-üstə gələn faciələr ortancıl oğlu Mirsalehlə davam edir. O, 14 yaşında faciəvi şəkildə dünyasını dəyişir.
 
Üstəlik, ailənin yerdə qalan üzvləri-Mirbağır ağa və beş yaşlı qızı Corat kəndinin sakini Ağagülün himayəsində qalırlar. Yalnız 1956-cı il bəraətindən sonra ailə Gimçi kəndində bir araya gəlir.
Seyid Zəki dövrünün tanınmış din xadimlərindən, axundlarından biri olub. 72 il ömür sürməsinə baxmayaraq, üç “hökumət” görüb. Yalnız ikiillik Xalq Cümhuriyyəti dövründə onun dini fəaliyyətinə hərtərəfli şərait yaradıblar.
Söhbətin bu yerində yenidən əvvələ qayıdaq. Çox təəssüf ki, Seyid Zəki Rəsulzadəni Lahıca yolladıqdan sonra onun üçün daha nəsə edə bilmədi. Çox keçmədi ki, Rəsulzadənin yeri yenidən aşkarlandı.
 
Onu həbs edib Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Bu xəbər həmin vaxt Vladiqafqazda olan Stalinə də çatdı. О dərhal Bakıya telefon açıb, Pankratova tapşırdı ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü bu gün Bakıya gələcək.
Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq:
 
“Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, — deyə o bildirdi.
 
Lakin Stalin ciddi-cəhdlə bunun qarşısını aldı. Məhəmməd Əmin Rəsulzadə Finlandiyaya, oradan da Türkiyəyə  getməli oldu. 1955-ci ilin martına qədər Ankara yaşadı və yenə də Azərbaycan üçün çarpışdı.
 
Elmin Nuri

Загрузка...
Загрузка...