​“Rəsulzadə Səfəvilərə türk olduqları üçün övgülər yağdırırdı” – MÜSAHIBƏ

 
 
– Yəni sizin iddianıza görə Şah İsmayıl Səlcuqlu sultanlarının soyundan və Qınıq boyundadır, eləmi?
 
– Məncə, elədir! Ancaq bu iddianı ilkin və fərqli qaynaqlara baxış imkanı olan Azərbaycan tarixçiləri akademik səviyyədə araşdırmalıdırlar. Əmir Firuzdan Şeyx Səfiyə qədər olan şəcərini izlədikdə məlum olur ki, Şah İsmayılın həmin dövrdəki babaları hərblə məşğul olublar. Sülalənin dini işlərə meyillənməsi Şeyx Səfidən başlayır. İndi həmin zamandan ayrılıb, Şah İsmayıl dönəminə bu gündən baxsaq, görəcəyik ki, Səfəvilərin xanədan boyu Şeyxavəndlər idi.
 
–  Kim idi Şeyxavəndlər? 
 
– Şeyx Səfi sülaləsinin şahlıq qolu olmayanlar Şeyxavənd tayfasında bir araya gəlmişdilər. Səlcuqluların xanədən boyu Qınıqlar, Osmanlınınkı Qayı, Ağqoyunlularınkı Bayandur olduğu kimi Səfəvilərin də sülalə əşirəti, doğma el-obası Şeyxavəndlər idi. Naməlum müəllifin “Qızılbaşlar tarixi” adlı əsərində Şeyxavəndlər Bayandur, Mosullu, Çəpni kimi ellərlə yanaşı Ağqoyunlu konfederasiyasına mənsub tayfalar arasında göstərilir. İskəndər bəy Münşi isə Şeyxavəndləri ayrıca el kimi qeyd edir və o zaman “taçik” deyilən farslardan və kürd qəbilələrindən qəti şəkildə ayırır.
 
Nəzərə almaq lazımdır ki, Şeyxavənd elinin mənsubları Şah İsmayıldan sonra dövrün şərtləri və onlara verilən görəvlərdən dolayı çeşidli bölgələrdə yaşamış və siyasi ittifaqlar bağlayaraq öz aralarına yeni qəbilələr almışdılar. Məsələn, bu cür “sonradangəlmə” qəbilələrdən biri Kəmunə oğulları idi. Həmin elin əsas çəyirdəyi isə Ərdəbildə idi. Daha dəqiq desək, ata yurd  Ərdəbil idi. Xalxal isə iqta torpaqları sayılırdı. Hətta Moğol şahı Məhəmməd Hümayun Ərdəbildarülirşadını ziyarət edərkən onu Şeyxavənd ağsaqqallarının qarşıladığını da bilirik. Bundan başqa Şah İsmayılın oğlu, təzkirəçi Sam Mirzə Ərdəbilə təyin olunanda öz tayfadaşlarından bəzilərinin xanədanlıq ədası ilə xalqla kobud rəftarına şahid olub cəza tədbirləri görmüşdü. Vəliəhdlərin müəyyən olunmasında, şahzadələrin taxta çıxmasında və saray çevrilişlərində kifayət qədər fəal və təsirli rol oynayırdılar. Şah Təhmasib dövründə sarayda Məsum xan isimli çox qüdrətli bir şəxsiyyət vardı və o, Səfəvi soyundan olmaqla Şeyxavənd tayfasını təmsil edirdi.
 
– Şah İsmayıla və ondan sonrakı Səfəvi şahlarına tutulan ən böyük irad o idi ki, hökmdar soyundan gəlmirlər. Bu iradlar qarşısında nədən Səfəvilər Səlcuqlu soyundan gəldiyini gizlədirdilər?
 
– Şah İsmayıl hakimiyyətə gələnə qədərki dövrdə onun əcdadlarının öz hökmdar soyunu gizləməsi tamamilə anlaşılandır. Sultan Səncərdən sonra Böyük Səlcuqlu dövləti dağılmışdı. Hakimiyyət əldən çıxıbsa “mən hökmdar soyundanam” deməyin və iddia ilə çıxış etməyin axırı məlumdur-ölüm! Odur ki, Əmir Firuz şahın davamçıları daha çox əllərində olanı qorumalı idilər və qorudular da. Ancaq onlara qarşı xarici və daxili basqılar da var idi. Məsələn, gürcülər Ərdəbilə hücum eləmiş və Şeyx Səfinin babası Əmir Qütbəddini yaralamışdılar. Ancaq ondan daha əvvəl son dərəcə maraqlı  bir hadisə olmuşdu. Belə ki, Əmir Firuz Şahın nəvəsi Məhəmməd uzun müddət yoxa çıxmışdı. Guya onu axtarıb tapmamış və öldüyünə qənaət hasil edib ehsan paylamışdılar. Ancaq bir sürə sonra həmin şəxs üzə çıxdı və elan edildi ki, sən demə, doğru yolda olan, yaxşı cinlər onu oxumağa aparıblarmış. Bu məqam onu göstərir ki, xanədana real təhdidlər olduğundan varis məqsədli şəkildə gizlədilib və gizlədildiyi dövrdə ona yaxşı təhsil verilib. Şeyx Cüneyd, Şeyx Heydər dövründə isə Səlcuqlu mənsubu kimi çıxış etmək onlara sərf etmirdi. Çünki zahirən hakimiyyət istəmirdilər. Şah İsmayıl və Şah Təhmasib zamanında “Səlcuqluyam” demək sizə nə qədər qəribə görünsə də, türk boyları içərisində mərkəzdənqaçma meyillərini gücləndirəcəkdi. Daha sonrakı dövrdə isə zatən şəcərəni aparıb Məhəmməd peyğəmbərə bağladılar, Səlcuqlu mənsubiyyətinə ehtiyac qalmadı.
 
– Taleh bəy, düzdürmü Şah İsmayıl 14 yaşında hakimiyyətə gəlib? 14 yaşında uşaq nə bilirdi dövlət nədir? Deməli, pərdə arxasında onu idarə edənlər olub. Bu zaman başqa bir sual yaranır: pərdə arxasındakı gizlin əllər kimlər idi?
 
– Orta əsrdə mütləq monarxiyaların formalaşması və davamiyyəti üçün taxta çıxacaq şəxsin yaşı xüsusi şərt deyil. Əsas sistemdir. Səfəvilərin bir təriqət kimi genişlənməsinin və gələcəkdə siyasi iddialara düşəcək qədər iri miqyas almasının arxasında Əmir Teymurun Ərdəbil ocağına göstərdiyi diqqət və qayğı da dayanır. TürküstanınBarlas oymağından olan Əmir Teymur antoqonistkültürlər sayılan iranlılarla turanlıların qovğasında öz soyunu ucaldan fars şairi Firdovsinin Tus şəhərindəki məzarı başına gəlmiş, ayağı ilə qəbrə toxunaraq “Qalx da, aşağıladığın türkü gör” deyə tarixə damğa vuran məşhur cümləsini tələffüz etmişdi. Bu cür yüksək səviyyədə ulus anlayışına sahib olan Teymur Şeyx Səfi ocağının piri ilə Ərdəbildə hörmət-izzətlə görüşmüş, onun xahişi ilə Anadoludan əsir götürdüyü türklərin hamısını azad etmiş, təmənnası olmamasına rəğmən mürşüdə xeyli pul və yeni ərazilər bağışlamışdı. Sonradan “rumilər” adlanan və ətraf qəsəbələrdə, şəhərlərdə məskunlaşan həmin Anadolu türkləri və Teymurun bağışladığı ərazilərin gəlirləri Səfəvilərin sosial və iqtisadi dayaqlarını daha da artırmışdı. Nəticədə ƏrdəbilmürşüdləriAğqoyunlu sarayı ilə qohum olmuşdular. Şeyx Cüneyd Uzun Həsənin bacısı Xədicə bəyimlə evlənmişdi. Şah İsmayıl isə Şeyx Heydərin Uzun Həsənin qızı Aləmşah bəyimlə izdivacından doğulmuşdu.
 
Şeyx Heydər və atası Şeyx Cüneyd hakimiyyət iddialarına çata bilməmişdilər. İsmayıl isə Sarıqamış qurultayında Şah elan edilmişdi və həmin qurultayda iştirak edən ellərin mütləq əksəriyyəti türk idi. O türklər də, o türklərin ideoloji təşkilatı halına gəlmiş Səfəvi sufi ocağının müridləri də dövlətin nə olduğunu yaxşı bilirdilər. Reha Bilgenin “1514” adlı əsərində bütün bunlar çox gözəl izah olunur. Qurulan dövlətin başı Azərbaycanda, gövdəsi Anadoludaydı, zira, baş da, gövdə də türklər idi. Bayaq Azərbaycan mədəni arealı ilə Anadoludakı mədəni arealın türk dominantlığı ilə birləşməsindən danışmışdım. Şah İsmayıl məhz bu kültürün taxta çıxardığı fiqur idi. Onun taxta çıxmasına çalışan təcrübəli türklər isə pərdənin arxasında deyil, məhz önündə idilər. Çünki Şah İsmayılın üzü bəzən pərdə ilə, yəni niqabla örtülürdü və bu da onun mistikasını artırırdı. Lakin hökmdarın türk lələləri Hüseyn bəy Şamlının timsalında həmişə aşkarda idilər. Şah İsmayıl ona ən çox təsiri olan Hüseyn bəyin vəzifəsini hakimiyyətə gələndən bir neçə il sonra dəyişdi. Ona görə də onu təsir altında qalmış, idarəolunan fiqur kimi səciyyələndirmək mümkün deyil.   
 
– Rəsulzadə deyir: “Bizi İran-Səfəvi mühitindən azad etmək üçün rusları Allah göndərdi”. Sizcə, Rəsulzadə niyə bu cür düşünürdü? Yaxud, nə üçün A.Bakıxanov və Rəsulzadə kimi böyük şəxsiyyətlər Türkmənçay müqaviləsini İran-Səfəvi tarixi mühitindən qurtuluş hesab edirdilər?
 
–  Mən Rəsulzadənin belə bir fikir söylədiyi iddiasına, - amma içərisində “Səfəvi” sözü keçməyən şəkildə- GüntayGəncalpın yazısında rast gəlmişəm. Güntayın iddiasına görə Rəsulzadə “Qafqaz türkləri” adlı əsərində “İran mühitindən bizi azad etmək üçün rus adlı düşməni Allah göndərdi” yazır. Mən Məhəmməd Əminin həm “Qafqaz Türkləri”, həm də “İran türkləri” adlı əsərlərini oxumuşam, amma elə cümləyə rast gəlməmişəm. Bəlkə də diqqətimdən yayınıb, yaxud indi xatırlamıram. Amma “Qafqaz Türkləri”ində Rəsulzadə bir fars deyimi səsləndirir və təxminən mənası budur ki, əgər Allah istəsə düşməndən də xeyir tapmaq olar.
 
Əlbəttə, bu olsa-olsa obrazlı yanaşmadır. Məmməd Əmin Rəsulzadənin daha konkret sözü isə budur: “Beş yüz sənədən bəri İranda hökmdarlıq edənlər həp türk irqindən gəldilər”. Yaxud Rəsulzadə “Azərbaycan mədəniyyətinin qaynaqları” əsərində Səfəvilərə öygülər yağdırır, bu dövlətin bütün qurucu gücünün türk olduğunu söyləyir, şairlərin Şah İsmayıla “Türki-tacdar” deyə xitab etməsini məmnuniyyətlə xatırlayır.  Eləcə də dəfələrlə oxuduğum Abbasqulu ağanın “Gülüstani-İrəm” əsərində Şah İsmayıla və Səfəvilərə qarşı hər hansı qərəz yoxdur.
 
–Bəs siz necə bilirsiniz, doğrudanmı “Azərbaycan” adında bir ölkənin tarixə girməsinin səbəbi Türkmənçay müqaviləsi olub?
 
–   “Azərbaycan” adında respublikanın meydana çıxmasının səbəbləri daha dərindir- alt qatda mədəni arealtamilinə, üst qatda dünyada gedən ulusallaşma prosesinə dayanır. Gülüstan və Türkmənçay müqavilələri bağlananda Quzey Azərbaycanda xanlıqlar mövcud idi. Bu xanlıqlar Qacarlarla Romanovlar arasında vurnuxurdular, amma həlledici döyüşlərdə onlardan heç birinə qarşı qoyacaqları güc yox idi. Tarixin təbii axarına görə ya onlardan biri güclənib qalanlarını özünə birləşdirməli, tədricən Tehrana sarı gedib Qacarları devirməli, ya da daha böyük güclərdən tam asılı düşməliydilər. Osmanlı-rus savaşlarında birincilərin məğlub olmasından sonra həmin böyük güc Romanovlar oldu və Qacarları Quzey Azəraycandakı torpaqlardan vaz keçməyə sövq etdi.
 
İngilislər Hindistanı işğal edəndə olduğu kimi, bütün imperiyalar hər hansı ərazini tutanda yerli xalqlara “sizin yaxşılığınız üçün gəlmişik” deyir və onlara yeni nələrsə verirlər. Ruslar da elə deyirdi və həqiqətən gətirdikləri bir yenilik vardı- “bilgi”. Həmin bilgininin çoxunu özləri istehsal eləmir, Avropadan götürürdülər, bu başqa məsələ. Amma fakt budur ki, on-on beş kəndi birləşdirən xanlıqda yaranan bilgidən iri imperiyada cəmlənən bilgi müqayisə olunmaz dərəcədə çox olmalıdır. Odur ki, rus işğalı Azərbaycana elmi-mədəni baxımdan töhfə kimi görünə bilər, ancaq əsl mahiyyətdə elə deyil.  Rus işğalının Azərbaycana vurduğu ən böyük zərbə həm Çar dövründə, həm də Sovetlər dövründə aristokratiyanı sıradan çıxarmasıdır. Təsəvvür edin, Çar dövründə Erməni və Gürcülərə əsilzadələrin təşkilatlanmasına imkan verilirdi, lakin Azərbaycanda yox. Bu, müasir terminlə desək, insan kapitalının əzilməsi, məhv edilməsi və bir xalqın potensialının üzə çıxmasına və genişlənməsinə təkan verən ən mühüm sosial təbəqənin məhvi idi. Baxın, Bakıda neft amilinə görə yaranan milyonerlər təbəqəsi xalq üçün nə qədər iş görüb- məktəblər açıb, binalar tikib, erməni basqınlarına qarşı müqavimət təşkil edib...
 
– Əgər Türkmənçay müqaviləsi bağlanmasaydı necə olacaqdı?
 
– Tarix obyektiv gerçəklikdir, hər nə qədər keçmiş də olsa. Ona görə də bu cür suallara birmənalı cavab vermək mümkün deyil. Ancaq bir beyin həmləsi etmək doğrudan da maraqlı olardı. Əgər həmin müqavilələr bağlanmasaydı, mənim fikrimcə, Qacarlar Quzey Azərbaycandakı xanlıqları mərkəzi hakimiyyətə tabe edəcəkdi. Çünki Abbas Mirzənin qarşısında yerli xanlıqlar deyil, rus ordusu vardı deyə Qacarlar geri çəkildi. Yuxarıda söylədiyim bilgi Romanovlar kimi, Osmanlıya, Qacarlara da gəlmişdi. Odur ki, çox ciddi proseslər gedəcək və həmin proseslər sonucu Qacarlara qarşı fars və islam basqısı güclənəcəkdi. Qacarlar türk olsalar da, dövlət təşkilatı farsların əlində idi. Farslar istəyəcəkdilər ki, türklərdən yaxa qurtarsınlar. Bunun məhz belə olduğunu da gördük, çünki “Türkmənçay”dan 100 il sonra Pəhləvilər gəldi iqtidara. Elmin və mədəniyyətin bölgəyə daxil olması, sekulyarların meydana çıxması isə dini müqaviməti gücləndirəcəkdi. Bu zaman Qacarlar özləri də millətçiliyə meyillənəcək və onları bəsləyən gövdəyə- Güney və Quzey Azəraycandakıqacar tayfalarına ehtiyacları artacaqdı.
 
Pəhləvilər ona görə Qacarları devirə bildilər ki, Romanovların Quzey Azəraycanı işğal etməsindən sonra Qacarlar onları bəsləyən tarixi kökdən- bilirsiniz ki, Qacarların tarixi məskəni Gəncə və ətrafı idi- məhrum olmuşdular.  Onu da xatırlayaq ki, 1906-cı ildə İranda inqilab olmuş və dövlət quruluşu olaraq konstitusiyalı monarxiya seçilmişdi. Bütün bunları nəzərə alanda, mənim qənaətim belə formalaşır ki, əgər Türkmənçay müqaviləsi olmasaydı və digər xarici basqılar da dəf edilsəydi, “Azərbaycan”  yenə bir dövlət adı olaraq meydana çıxacaq, dövlətin quruluşu konstitusiyalı monarxiya, rəmzi hakimiyyətdə Qacarlar olacaqdı. “Azərbaycan” adı isə ona görə meydana çıxacaqdı ki, farslar respublika şəklində öz müstəqil dövlətlərini quracaq və onu Pəhləvilərin etdiyi kimi rəsmən “İran” adlandıracaqdılar.
 
  – Şah İsmayılın böyük bir imperiya yaratması, imperiya təfəkkürü formalaşdırması və türk dilini ilk dəfə rəsmi dövlət dili elan etməsi Əzizə Cəfərzadənin "Bakı 1501" kitabından başqa hansı tarixi qaynaqlarda öz əksini tapmışdır?
 
–  Əzizə Cəfərzadə Azərbaycanın ən gözəl yazıçılarından biridir, öz dövrünə və biliklərə əsasən həmin kitabı yazıb. Zamanında çox oxunan əsərlərdən biri olub və indiki dövrün informativ imkanlarından çıxış edib əsərə hər hansı şəkildə irad bildirmək bizim naqisliyimiz olardı. Ümumiyyətlə, tarixi romanlardan və filmlərdən öyrənmək yanlışdır. Ancaq bu filmlərin və romanların tarixə maraq oyatması yaxşı haldır. Buna görə də Əzizə Cəfərzadə də daxil, bütün tarixi roman müəlliflərini sayğı ilə anıram. Əzizə xanımın həmin kitabı səhv etmirəmsə 1981-ci ildə çap olunub. Oqtay Əfəndiyevin “16-cı əsrin əvvəllərində Azərbaycan Səfəvilər Dövlətinin yaranması” kitabı isə ondan 20 il öncə işıq üzü görüb. Ayrıca Yaqub Mahmudovun və Zabil Bayramovun da bu mövzuda çox dəyərli tədqiqatları var. Zülfiyyə Vəliyeva və Bilal Dədəyev kimi gənc alimlərin maraqlı tədqiqatları var. Artıq Türkiyə də, Avropa da Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər Dövləti” termini önə çıxır.  
 
– Taleh bəy, Şah İsmayıl türk dilini ədəbi əsər yazacaq səviyyədə bilirdimi? Axı o, 3-14 yaş arası türk olmayan bir mühitdə- Gilanda yaşamışdı. Dili bu yaşlarda öyrənmək mümkündürmü?
 
–  Dirili Aşıq Qurbaninin sözləridir:
 
Bu dünyada bir haqq divan,
O dünyada cənnət-məkan.
Qoy var olsun, türki zəban,
Şah Xətai, Şah Xətai!
 
Şah İsmayıl müasiri olan Qurbaninin bu misralarından sonra əslində çox sözə ehtiyac yoxdur. Şah İsmayılın türkcə şeir yazması və türkcə yazmağa meyilli olması barədə qaynaqlarda yetərincə məlumat var. Şah İsmayıl təxminən bir yaşında anası ilə birlikdə İstəxr qalasında məhbus edilmiş, beş il orada qalmışdı. Gilanda isə altı il yarım yaşamışdı. Karkiya Mirzə Əli ona ərəb və fars dilləri öyrətmək üçün Şəmsəddin Lahicini müəllim təyin etmişdi. Şah İsmayılın İstəxr qalasında da, Gilanda da gündəlik danışıq dili türkcəydi. İstəxrdəAğqoyunlu Uzun Həsənin qızı yanında idi, Gilanda isə Hüseyn bəy Şamlı qoruyucusu və tərbiyəçisi idi. Türkcə danışmaq üçün ətrafında kifayət qədər adam- müridləri, onların ailələri vardı. 
 
– Xətai bir şeirində yazır ki, Əli olmasaydı, bütün peyğəmbərlər cəhənnəmə gedərdi. O, nə üçün belə düşünürdü? Peyğəmbərlər hansı cinayəti işləmişdilər? Cinayətkar olmuşlarsa da Əli niyə onlara xilas etməli idi?
 
"Ol Əlisən kim, qamu peyğəmbərə sənsən şəfi,
Cümlə bu ümmidilənqapuna gələr xasüam"
 
– Xətainin bu şeirindən peyğəmbərlərin cəhənnəmə gedə biləcəyi nəticəsini çıxarmaq mümkün deyil. İslam inancına görə Məhəmməd peyğəmbərin yeri cənnətdir, hətta cənnətin ən yaxşı, ən mənzərəli hissəsidir. Dini baxımdan bu məsələ dartışılmazdır. Səfəvi təriqətinin inanc sistemindən baxsaq, Ərdəbil sufiləri heç zaman Həzrət Əlini peyğəmbərlə eyni səviyyəyə qoymayıb, ondan üstün tutmayıb, Allahla eyniləşdirməyib. İslamda “Əlallahılar”  deyilən bir zümrə var, bu mövqedən onlar çıxış ediblər. Hətta deyiblər ki, Allah vəhyi əslində Əliyə göndərmişdi, Cəbrayıl tapşırığı səhv yerinə yetirib. Ancaq bu zümrənin Səfəvilərə heç bir dəxili yoxdur və hakimiyyət zamanlarında Səfəvilər onlara qarşı sərt mövqe tutub.
 
Sizin söylədiyiniz beytin anlamı isə budur ki, bir çox türk təriqətlərində olduğu kimi, Səfəvi mürşüdlərinin sofistikasında Əli “qapı” hesab edilirdi. Bu da Məhəmməd peyğəmbərin hədis kimi qeydə alınan bir kəlamına əsaslanırdı. Quranda “evlərinizə qapıdan girin” deyə bir ayə də var. Bütün peyğəmbərlər də həm öz evlərinə, həm də Tanrı evlərinə qapıdan girməli olduğu və girdikləri üçün Əli onların “şəfisi” kimi təqdim edilib. Çünki qapıdan girməzlərsə, ayəni pozar, günaha  batar və ilahi qəzəbə tuş gələrlər. Sufizmin, xüsusən türk sufizminin gözəlliyi, cəlbediciliyi də elə bundadır ki, qatı ehkamlardan uzaqdır və zehni gəzişmələr edir. Bu məsələni açan “şathiyyat” adlı bir termin də var. Təriqətçilərlə şəriətçilərin arasındakı ixtilaflardan birini ehtiva edir. Yəni, sufilərin zahirən dinə zidd, peyğəmbərə istehza,  Allaha şirk kimi səslənən sözləri, əslində, batində belə anlamda deyil.