Rəsulzadə bədəndən "cin çıxarmaq" istəyən mollanı belə susdurdu- Romanın VIII fəsli

 
 
Gələn il Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Moderator.az yubiley münasibətilə hazırlayacağı yazılar silsiləsindən tanınmış şair, publisist, professor Vüqar Əhmədin böyük dövlət xadimi, ADR lideri Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi "Son nəfəsədək Azərbaycan" romanını fəsillərlə təqdim edəcək.
 
M.Ə.Rəsulzadənin 130 illik yubileyi münasibətilə yazılan romanda arxiv materiallarına və tarixi sənədlərə istinad edilib.
 
VIII Fəsil-Molla Qara
 
 
Günlərin birində soyuq qış dəvət almadan qapıları döyməyə başlayan zamanda Azad, Məhəmməd Əmini xahiş-minnətlə evlərinə apardı. Bunu Azadın valideynləri istəmişdilər. Onlar bütün əməlləri, hərəkətləri nəinki öz yaşıdlarına, yaşlı insanlara ibrət ola biləcək gənclə görüşmək arzusunda idilər. Azadın anası Məhəmməd Əminin onlara gələcəyinə yüz faiz əmin olmasa da, hər ehtimala qarşı zəfəran-plov bişirib, süfrə hazırlamışdı.
Məhəmməd Əmin, Azadgilin evlərinə daxil olanda məəttəl qaldı. Onların həyət-bacası, evi, bir sözlə bütün malikanələri Məhəmməd Əmin gilin Novxanıdakı mülklərinə bənzəyirdi və o qədər bənzəyirdi ki, ona bir anlıq elə gəldi ki, ata ocağına gəlib. Hər şey onların malikanəsində olduğu kimi idi.  Həyətdə bir tərəfində su quyusu, o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş qapı-pəncərəsi bir-birindən hündür, alçaq damı, şirəli mətbəx, yanında isə dörd bir tərəfi iki arşın hündürlüyündə əhənglə ağardılmış toyuq hini vardı. Mətbəxin damında da əhənglə ağardılmış qoşa alçaq bacalar nəzəri cəlb edirdi. Mətbəxdə təndir, biri böyük, biri kiçik iki ocaq, kürə vardı. Mətbəxin divarlarında xırda taxçalar, təndirlə üzbəüz divarın içində beş çərək enində üç arşın hündürlükdə “suaxan” diqqəti cəlb edirdi. Bu suxana kiçik hamam da demək olardı. Çünki yuyunub paklanmaqdan ötrü idi. Suyu, bütün Bakı kəndlərində olduğu kimi böyük mis qazanda qızdırırdılar. Mətbəxin taxçalarında təndir üstündə qazan, yuxayan, aşsüzən, mis qablar, divara söykənmiş məcməilər, ət taxtası, qiyməkeş, taxtadan qayrılmış hövsər tabağı, yenə o böyüklüyündə, bir çərək dərinliyində xəmir tabağı, divarlarda asılmış ələk, xəlbir, qaşıq səbəti və tirlərdən asılan balqabaq, kudu, sarmısağla soğan, quru balıq, dəstə ilə qurumuş qarğıdalı, narın süpürgə, bezdən qab dəsmalları nəzərə şarpırdı. Evin kandarında, başmaq çıxarılan yerdə palaz parçası salınmışdı. Otaq qiymətli xalılarla döşənmişdi. Divarları ağardılmış otağın küncləri xırda döşəkçələrlə eyni zamanda Təbrizdən və Ərdəbildən gətirilmiş ağ abı butalı kiftandazlarla döşənmişdi. Otağın divarlarındakı cüməxatanda, böyük sandığların üstündə ipək, zərzər üzlü əlvan yorğan-döşəklər və qu tüklü balışlar qoyulmuşdu. Taxçalarda xırda mücrülərin üstündə əlvan, çin-çin ipək boğçalar vardı. İki cüməxatan arasında, döşəmədən bir qədər yuxarı, bir cüt bədənnüma güzgü, iki taxçanın arasında divar saatı, saatın sağ və solunda maral başları, həyətə açılmış pəncərələrin sutunlarında isə ətəkləri qırmızı xoruz şəkilli ağ, üz dəsmalları asılmışdı. Burda eyni zamanda məxmər üstünə güləbətin çəkilmiş daraq qabı, saat qabı da diqqəti çəkirdi.
Otaqların bütün divarlarında ləmə vardı. Ləmələrin birinə iki çin əlvan zərli çini kasa və boşqab düzülmüşdü. Başqa bir ləmədə bürünc aftava-ləyən, çini gülabzən, böyük görkəmli dayaz düşbərəxur, dərin plov nimçələri, bir başqa ləmədə isə yağlı rənglərlə çəkilmiş polad məcməilər düzülmüşdü.
Bu evin Məhəmməd Əmingilin evi ilə tək bircə fərqi var idi. Məhəmməd Əminin atası axund olduğu üçün onun ayrıca ibadət otağı var idi. Bu otağıdakı taxçada müqəddəs Qurani-Kə¬rim, Quran oxuyan zaman söykəmək üçün altlıq, namaz qılmaq üçün canamaz, Kərbəladan, Məşhəddən gətirilmiş möhürlər, rəflərdə ilahiyyat elmləri ilə bağlı kitablar, Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmin “Tibbnamə” kitabı, mü¬ba¬rək hədisi-şərifləri, Həzrət Əli əleyhəssalamın “Nəchul-bə¬la-ğə”si, mübarək kəlamları, İslam müctəhidlərinin səksən ilahiy¬yat elmiylə bağlı kitabları, eyni zamanda İslamın əsasları, “Üsu¬li-din”, “Frui-din”, “Ramazan ayının duaları” kitabları düzülmüşdü.
Əgər bütün bunlar nəzərə alınmasa mülklər bir yumurta ekizləri kimi bir-birinə bənzəyirdilər. Məhəmməd Əmin əvvəlcə bu bənzərliyin mənasını anlamasa da, zaman kəsiyində iti şuurunu işə salıb məsələdən hali oldu, bu “ekizlik” xaqlın adət-ənənəsinin çox qədimlərə uzanan göstəricilərindən biri idi. O, bu evlə onların evləri kimi heyrətamiz bir bənzəyişlə nəzərlənməsə də, Novxanıda qohum-əqrabalarının, qonşularının yurdlarında bu bənzəyişin yaxın rənglərini çox görmüşdü. Bakı və Abşeron əhli şəkərburanı eyni üsulla naxışladıqları kimi evlərini də demək olar ki, eyni cür bəzəyirdilər və qışa hazırlığı da eyni qaydada tədarükləyirdilər.
Bu olduqca ürəkaçıcı bir mənzərə idi və Məhəmməd Əmin də malikanənin hər guşəsinə öz evlərinin hər nöqtəsinə tamaşa etdiyi kimi təbəssümlə baxırdı.
Lakin onlar içəri otağa daxil olarkən qanları çox qaraldı. Bunun səbəbi isə Azadın özündən beş yaş kiçik qardaşı Fərhadın qəfildən möhkəm xəstələnməsi, qızdırmasının həddindən artıq qalxması idi.
Valideynləri on iki yaşlı yeniyetmənin artıq qızdırmadan möhkəm sayıqladığını görüb qonşuluğlarında yaşayan Molla Qaranı çağırmışdılar. Məhəmməd Əmingili evə girəndə Molla Qara artıq uşağı lüt soyundurub taxtın üstündə otuzdurmuşdı, kiçik bir qabın içində nəsə yandırıb aləmi hisə boyamışdı və əlində iri bir süpürgə cürbəcür səslər çıxararaq tez-tez süpürgəni hisə tərəf tutub zavallı yeniyetməni döyəcləyirdi. Uşağ həm bədənini yandırıb tökən zərbələrdən,  həm də hava xeyli soyuq olduğu üçün zarıya-zarıya nanə yarpağı kimi tir-tir titrəyir, hələ üstəlik qara tüstünün acısından boğulmaq dərəcəsinə gəlirdi. Uşağın valideynləri də tüstü onları boğmasın deyə ağız-burunlarını dəsmalla tutub olduqca pərişan halda dayanıb Molla Qaranın övladlarının bədənindən “cini” necə çıxaracağına tamaşa eləyirdilər.
Məhəmməd Əmin evi qara dumana bürümüş hisin acısından üz-gözünü turşudub, Azada gözü ilə Molla Qaranın kim olduğunu soruşdu? Azad dərhal pıçıltı ilə bu adamın Qara Molla olduğunu söylədi.
Məhəmməd Əmin uşağın qızdırmadan yandığını öyrənincə, eyni zamanda Molla Qaranın kim olduğunu bilən kimi  dərhal yüyürərək taxtın üstündən yorğanı götürüb uşağın çiyninə saldı. Sonra isə döşəmənin bir kənarında düşüb qalmış yaş döşəmə əsgisini götürüb aravermədən qara tüstü istehsal eləyən qabın ağızını bağladı.
Mola Qara süpürgəsini bir kənara qoyub  hiddətlə Məhəmməd Əminə baxdı:
– Adə, nə qayırırsan?
Məhəmməd Əmin əlini Fərhadın alnına qoydu:
– O qızdırmadan yanır. Sən isə onu lüt soyundurmusan.
Molla Qara ayağa qalxıb bozardı:
– Uşağın bədəninə cin girib. Özü də çıxmaq üzrə idi. Artıq başı görsənirdi. İmkan vermədin. Bax yenə qayıtdı uşağın bədəninə.
Məhəmməd Əmin uşağn çuxasını əyninə geyindirə-geyindirə gözlərini qıyıb süni bir şəkildə uşağı təpədən-dırnağa qədər nəzərdən keçirib üzünü Molla Qaraya tutdu:
– Nədənsə mən o cini görmədim?!
Məhəmməd Əmin uşağın valideynlərinə baxdı:
– Siz gördüz?
 Uşağın valideynləri hər ikisi Molla Qaradan ehtiyat edə-edə başlarını buladılar.
 Məhəmməd Əmin əlini onlara tərəf uzatdı:
– Onlar da görməyib.
Molla Qara fısıldadı:
– Onu hər adam görməz. Onu ancaq kəramət sahibləri görə bilər.
Məhəmməd Əmin Azadın ona verdiyi quru, təmiz əski ilə əllərini sildi:
– Yaxşı, tutalım sən uşağın bədənindən cin çıxarmaq istəyirsən, bunu başa düşdük. Bəs niyə görə onsuz da qızdırmadan əsim-əsən uşağı belə bir soyuq havada lüt anadangəlmə soyundurmusan?
Hiddətindən gözləri get-gedə bir az da kəlləsinə çıxan Molla Qara dodaqlarını çeynədi:
– Əgər lüt soyunmasa cin onun bədənindən çıxmaz.
Məhəmməd Əmin çiyinlərini çəkdi:
– Əgər sən belə güclü kəramət sahibisənsə, onda elə elə ki, uşağı soyunmadan cin onun bədənindən çıxsın.. Çalış onun da sirrini öyrən.
Bu səfər Molla Qaranın alt dodağı sallandı:
– Qırx ildi bu işlə məşğulam. İndi sən mənə durub dərs öyrədəcəksən, uşağ.
Məhəmməd Əmin Fərhadı yatağına uzandırdı:
– Deməli, qırx ildi camaatı aldadırsan.
Molla Qara insan əlindən çox meymun pəncəsinə oxşayan əlini az qala Məhəmməd Əminin gözünə soxdu:
– Başından böyük qələtlər eləmə uşağ!
Məhəmməd Əmin başını bir qədər geri çəkdi:
– Sən insanları müalicə eləmək dərslərini hansı məktəbdə oxumusan, ya hansı kitabdan öyrənmisən?
Fərhadın valideynləri də, böyük qardaşı Azad da, qızdırmadan dayanmadan sayıqlayan uşağa görə nə qədər təlaşlansalar da, təəcüblə Məhəmməd Əminlə Molla Qaranın dioloquna tamaşa edirdilər.
Molla Qara bağırdı:
– Dedim ki, mən kəramət sahibiyəm. Mənə Allah tərəfindən vergi verilib.
Məhəmməd Əmin cibindən yaylıq çıxarıb Fərhadın alnındakı təri sildi:
– Hər şeyi bilirsən?
 Mola Qara bir az da möhkəm bağırdı:
– Bəli!
Məhəmməd Əmin bu dəfə ona baxmadan dinləndi:
– Onda de görüm mənim adım nədir?
 Molla Qara tutulsa da özünü o yerə qoymadı:
– Adının baş hərfini de:
 Məhəmməd Əmin, Fərhadı yaxşı-yaxşı yorğana bürüdü:
– M..
Molla Qara, Azad və onun valideynlərinə tərəf baxdı. Azad üzünü dərhal valideynlərinə tutub yüngülcə başını buladı. Bu isə o demək idi ki, Məhəmməd Əminin adını pıçıldayıb fırıldaqçı mollaya kömək eləməyin.
Azadın valideynləri dərhal övladlarının işarəsini anlayıb üzlərini başqa səmtə çevirdilər.
Molla Qara ifşa olunacağından qorxduğu üçün ağzına gələn adı söyləməkdən çəkindi:
– Məni çox qəzəbləndirmisən. Odur ki, indi tapmaca tapmaq halında deyiləm.
Məhəmməd Əmin, Azada baxdı:
– Qaç bayıra tez bir fayton tut! Uşağı tez bir zamanda xəstəxanaya Kəblə Mahmudun yanına götürməliyik. O şəhərdə ən güclü can həkimidi. Tez ol, eşidirsən?! Uşağın halı çox pisdi.
Kərbəlayi Mahmud “Rus-müsəlman” məktəbində Məhəmməd Əminlə bir yerdə təhsil alan Bilalın atası idi, odur ki, o, bu adı bütün Bakıda dillər əzbəri olan həkimi çox yaxşı tanıyırdı.
Azad sual vermədən dərhal çölə qaçdı. Məhəmməd Əmin olduqca sərt baxışlarla Molla Qaraya tərəf addımladı:
– Mənə Allah tərəfindən heç bir kəramət verilməyib. Amma istəyirsən deyim sənin adın nədi?! Sənin adın Molla Qaradı. Qara adını sənə valideynlərin verib, çünki anadan doğulanda da rəngin qap-qara olub. Əslində qədim dilimizdə qara, böyük, iri, geniş mənasındadı. Nəi sə.. Rəngin qara olduğu üçün xalq arasında da sənə qara molla deyirlər. Bəzən cindar Qara da deyirlər. Amma qəlbin üzündən də qaradı. Özün də münafiqin yekəsisən. Qırx ildi şarlatanlıqla məşğul olursan. Avam insanları aldadıb dua yazırsan, cin qovursan, guya gələcəkdən xəbər verirsən, xəstələrə şəfa verirsən. Sənin bu iyrənc əməllərinin ucbatından nə qədər insan həyatını itirib. Hansı ki, doğmaları o adamları sənə yox, həkimlərə, tibb işçilərinə etibar eləsəydilər, yaşayardılar.
Məhəmməd Əmin, Fərhadın  tez-tez köksünü ötürən atasına baxdı:
– Bəla burasındadır ki, əsl İslam dinindən xəbəri olmayan, müqəddəs Qurani-Kərimin mübarək ayələrinin birinin belə mənasını başa düşməyən, fəqət sənin kimi fırıldıaqçıların cəfəngiyyatdan ibarət eybəcər təbliği ilə xürafatın acı tüstüsündə boğulan yazıq  insanlar sənin münafiq olduğunu bilə-bilə yenə bir çətinlikləri olanda sənə müraciət eləyirlər.
Məhəmməd Əmin üzünü Molla Qaraya çevirib, səsini bir az da sərtləşdirdi:
– Özünü elmli adam kimi qələmə verirsən. Ətrafa elə ftikir yayırsan ki, guya şəhərdə ən güclü alim, ən qüdrətli hafiz sənsən. Səksən dənə ilahiyyat elmini beş barmağın kimi əzbər bilirsən. Uca Yaradanın Həzrəti Muhəmməd əleyhəssalatu vəssələmə nazil etdiyiyi müqəddəs Quranın “Ər-Rəhman”, yəni bilavəsitə Uca Yaradanın özünə aid olan surəsində dəfələrlə “Fəbiəyi alayi Rəbbikuma tükəzziban” ayəsi təkrar olunur. Əgər sən belə alimsənsə onda de görüm bu ayənin mənası nədir?
Molla Qara şübhəsiz ki. Cavab tapa bilməyib at fınxırtısana bənzər səs çıxarıb hiddətlə üzünü yana çevirdi:
– Sən özün bilirsən bunu?
Məhəmməd Əmin onu ifşa eləməkdə davam elədi:
– Fəbiəyi alai Rəbbikuma tükəzziban...  Yəni, bəs belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiz.
Molla Qara daha Məhəmməd Əminin gözlərinin içinə baxa bilmirdi. Çünki bu gözlərin dərinliklərindəki elmdən, istedaddan, bilgidən, qabiliyyətdən, ağıldan və fövqəladə cəsarətdən qaynaqlanan yanar oxlar aravermədən sərrast atılaraq  onu kor edirdi.
Məhəmməd Əmin yenə sözlərilə də onu neştərlədi:
– Sənin müqəddəs Qurani-Kərimdən nəinki xəbərin yoxdu, onun hərflərini belə tanımırsan. Amma beş manat puldan ötrü müqəddəs Quranın, sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd əleyhəssalatu-vəssələmin adından danışırsan. Kİmsənin Allahın əvəzinə danışmağa ixtiyarığı yoxdu. Amma mən yüz faiz əminəm ki, sən öləndə dəhşətli qəbir əzabı çəkəcəksən, qiyamət günündən sonra isə cəhhənəmin ən isti bucağında yanacaqsan. Çünki Uca Yaradan sənin kimi münafiqləri lənətləyib.
Məhəmməd Əminin sözləri də baxışları tək qılınc kimi kəsirdi. İndi Molla Qaranın bədəni Fərhadın bədənindən də güclü bir titrəyişlə titrəyirdi. On yeddi yaşlı gənc ona sarsıdıcı zərbələr vurmuşdu, onu ifşa eləmişdi və qırx ildə yalnız haramla qazandığı külli-miqdarda pulu onun burnundan gətirmişdi. Molla Qaranın cavab verməyə, deməyə sözü yox idi. O, sadəcə olaraq ürəyində bu günü lənətləyirdi.
Fərhadın atası qırx beş yaşında nəhayət ki, özünün nə qədər avam bir adam olduğunu dərk eləyib pörtmüş halda başını aşağı salmışdı. Fərhadın anası isə qızdırması get-gedə qalxan on iki yaşlı cocuğunun başını qucaqlayıb gizlicə göz yaşı tökürdü.
Nəhayət, Azad qaça-qaça evə daxil oldu:
– Fayton hazırdı!
Məhəmməd Əmin kimsəyə bir söz demədən Fərhadı yorğanqarışıq qolları üstünə götürüb bayıra yüyürdü.
Fərhadın valideynləri də onlarla birlikdə çölə çıxdılar.
Bir neçə saniyə sonra Məhəmməd Əmin Fərhadı faytonun içində rahlayıb özü də faytona mindi.
Faytonda yalnız Məhəmməd Əmindən və yorğanın içində möhkəmcə titrəyən Fərhaddan başqa onun atası üçün yer tapıldı, odur ki, Azadla anası başqa bir fayton tutmalı oldular.
Xəstəxanada Mahmud həkim uşağa dərhal iynə vurdu və buyurdu ki, uşağa möhkəm soyuq dəyib, əgər bir az da gec gətirsəydiz, daha qızdırmasını salmaq mümkün olmayacaqdı və həddindən artıq yüksək qızdırma uşağı aparacaqdı.
Məhəmməd Əmin, Mahmud həkimə Molla Qaranın “kəramətindən” danışanda Mahmud həkim əsəbləri çox sakit adam olmasına baxmayaraq belə o qədər əsəbləşdi ki, onu qəhər boğdu və üç dəfə dalbadal Molla Qaraya lənət oxudu.
 Sonra dərhal çölə çıxıb otağa bir neçə tibb işçisi də dəvət elədi və həyatı hələ də tükdən asığlı olan uşağa şəfqət göstərməyə başladı.
Mahmud həkim möhkəm soyuqlamış və Molla Qaranın “kəraməti” sayəsində ölüm halına gələn Fərhadı bir həftənin  içində ayağa qaldırdı.
Mahmud həkim Məhəmməd Əmini çox yaxşı tanıyırdı. Belə ki, Məhəmməd Əmin onun oğlu ilə bir məktəbdə oxuyarkən bir neçə dəfə  onların evlərində də olmuşdu.  O, ilk dəfə Məhəmməd Əmini görəndə, bu, arıq olmusına baxmayaraq sağlam və tökmə bədənini, həddindən artıq ağıllı gözləri olan yeniyetmədən soruşmuşdu:
– Oğlum, gələcəkdə nə olmaq fikrindəsən?
Məhəmməd Əmin düşünmədən cavab vermişdi:
– Vəzifənin, rütbənin heç bir əhəmiyyəti yoxdur. Mən gələcəkdə yalnız və yalnız xalqıma, millətimə, torpağıma və vətənimə xidmət eləmək istəyirəm.
Məhəmməd Əminin bu cavabı Mahmud həkimin çox xoşuna gəlmişdi və əlini onun kürəyinə vurub demişdi:
– Əhsən! Sənin kimilərlə yalnız qürur duymaq olar. Mən yüz faiz əminəm ki, sən vətəninə, torpağına, xalqına, millətinə intəhasız bir şəkildə xidmət göstərəcəksən.
 Çoxdandır üzünü görməsə də, üzü də xalatı kimi ağ olan Mahmud həkim, Məhəmməd Əminin yaddaşında ibrət götürməli bir ziyalı və nəcib hisslərə mailk bir insan kimi qalmışdı və nədənsə ona elə gəlirdi ki, canı ağrıyan xəstə ona müraciət eləyərsə hökmən şəfa tapar.
 
* * *
Fərhadı bir həftə sonra xəstəxanadan buraxdılar və uşaq evə gələn kimi anasına acıdığını bildirib düyü şorbası yemək istədiyini bəyan etdi.  Bir həftə bundan əvvəl ciyərparası övladını itirəcəyindən möhkəm qorxub vahimələnmiş ana sonsuz bir sevinc içində oğlu üçün düyü şorbası asdı.
Fərhad şorbanı iştahla yedi.
Onun valideynləri həm Məhəmməd Əminə, həm də doktor Mahmuda intəhasız dərəcədə minnətdar idilər.
Fərhad xəstəxanadan çıxandan iki gün sonra onun valideynləri Məhəmməd Əmini yenə zəfəranplova qonaq elədilər. Məhəmməd Əmin də bu dəvəti böyük məmmuniyyətlə qəbul elədi və onların evinə qədəm basarkən Mahmud həkimi, köhnə dostu Bilalı və onunla bir yerdə Uca Yaradanın hökmü ilə Fərhadı ölümdən qurtaran bir neçə həkimi də orada gördü. Bilalı doğma qardaşı kimi bağrına basan Məhəmməd Əmin, Mahmud həkimin öz ixtisasını olduqca mükəmməl bilən, fitri istedada malik bir həkim olmağla yanaşı, poeziya vurğunu olduğunu da çox gözəl bilirdi.
Gözəl bir şadyanalıq keçirib ləzzətlə ətri adamı bihuş eləyən zəfəranplov yeyib ballı qızılgül şərbəti içdilər.  Sonra isə həm Məhəmməd Əmin, həm Mahmud həkim, həm Bilal, həm də Mahmud həkimlə birlikdə ora dəvət olunmuş həkimlər sanki kiçik bir poeziya məclisi quraraq, dahi şairlər Xaqani Şirvanidən, Şeyx Nizamidən, Seyyid Nəsimidən, Mövlanə Cəlaləddin Rumidən, Hafiz Şirazidən, Mövlanə Füzulidən, Şah Xətaidən, Molla Vəli Vidadidən, Molla Pənah Vaqifdən, Nəbatidən, Seyyid Əzim Şirvanidən, Mir Möhsün Nəvvabdan, Xan qızı Natəvandan, Qasım bəy Zakirdən, müasirləri Aşıq Ələsgərdən poeziya nümunələri söylədilər.

Загрузка...
Загрузка...