​Rəsulzadə anasının ehsan pulunu hara xərcləyib?

 
Həyatını Azərbaycan istiqlalına qurban verən, ictimai-siyasi və dövlətçilik fəaliyyəti ilə bənzərsizliyini tarixin ağ vərəqlərinə köçürən M.Ə.Rəsulzadədən bu gün örnək götürüləcək çox şeylər var.
Tarix elmi üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalist Akif Aşırlı bu örnəklərdən birii barədə danışıb:
"Açıq söz" qəzetinin tədqiqatı zamanı qarşıma maraqlı bir xəbər çıxdı. Qəzetin 8 mart 1916-cı il tarixli 130-cu sayında "İanə" sərlövhəli xəbərdə deyilir: "Anasına ehsan olmaq üzrə baş mühərririmiz Məhəmməd Əmin Rəsulzadə cənabları tərəfindən hərbzədə müsəlmanların faidəsinə 15 manat verərək, müqabilində 49-cu dəftərçədən 19 nömrəli qeyd almışdır".
Budur böyük əməl, öyünüləsi və davam etdiriləcək davranış.
A.Aşırlının bildirdiyinə görə, "hərbzədə müsəlmanlar" dedikdə I Dünya Müharibəsində Qafqaz cəbhəsində əsir düşən türklər nəzərdə tutulur. M.Ə.Rəsulzadənin ianəni 8 martda verməsi də maraqlıdır.
Köhnə təqvimlə 8 mart, yeni təqvimlə Novruz bayramına, martın 21-nə düşür. Novruz bayramı günü öz qələm haqqını əsir həyatı yaşayan türklərə bağışlayan M.Ə.Rəsulzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti ilə birgə Bakıda, İrəvanda, Şuşada və digər bölgələrdə hər il "Qardaş köməyi" gününün keçirilməsinin təşəbbüskarı və təbliğatçısı olub. "Açıq söz" qəzeti, "İanə", "Qardaş köməyi", "Əsirlər günü" başlığı ilə demək olar ki, hər nömrə yazılar, xəbərlər, elanlar dərc edib.