"Rəsmi Bakı torpaqların boşaldılması tələbi ilə çıxış etməlidir və Ərdoğan da..."

 
 
 
 
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Putin Qarabağ probleminin həllinə inanmır” bəyanatı gündəmə damğasını vurub və Azərbaycan cəmiyyətində Moskvaya qarşı ciddi qəzəblə qarşılanıb.
 
Maraqlıdır, bəlkə Ərdoğan bununla üstüörtülü bizlərə mesaj verir ki, Qarabağ qaytarmağın yeganə yolu savaşdan keçir?
 
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, bu cür görüşlərlə Qarabağ münaqişəsinin həllində hər hansı ciddi dönüş olmayacağı əvvəlcədən də gözlənilirdi:
 
 
"Türkiyənin də, Rusiyanın da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri bəllidir. Yeni heç bir şey yoxdur. Bu fikirdəyəm ki, bu görüşdə yeni heç bir gəlişmə olmayıb. Rusiya həm ATƏT-də həmsədr kimi, həmdə bölgə ölkələrinə təsir gücü olan bir regional lider kimi bütün təşəbbüsləri öz əlində saxlamaqdadır. Türkiyə indiki anda danışıqlar prosesində Rusiya ilə əlaqələrin normal olmasından istifadə etməklə bu problemin həllini sürətləndirməyə çalışır. Türkiyənin mövqeyi belədir ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarılsın və bundan sonra təxmin etmək olar ki, Ermənistan - Türkiyə sərhədlərinin açılması və Ermənistanla diplomatik ilişkilərin gələcəyi də müzakirə edilsin. Türkiyə bu iki prinsipial məsələdə Rusiyanın mövqeyində dəyişiklik gözləyir. İndiyəcən aparılan bütün danışıqlarda təkcə Rusiya deyil, digər həmsədr ölkələr də rayonların qaytarılması durumunda Azərbaycandan Dağlıq Qarabağın gələcək statusu barədə əvvəlcədən razılaşma tələb edirlər. O isə Dağlıq Qarabağın itirilməsinə gətirib çıxaracaq referendumdur. Buna Azərbaycan gedə bilməz. Demək bu görüşlərdə edilən bəyanatların heç bir mənası qalmır. Türkiyə ilə Rusiya arasında nəzərdə tutulan yeni danışıqlar zamanı düşünmürəm ki, bu məsələlər ciddi şəkildə müzakirə ediləcək, danışıqların əsas predmeti yenə də Suriya olacaq. Bu gün bu daha aktualdır. Çünki Türkiyə burada ABŞ-ın terrorçu təşkilatlara dəstəyi dolayısı ilə gələcəkdə çox böyük təhlükələrlə üz-üzə qala bilər, o bu təhlükələri dəf etməyi düşünməkdədir. Qarabağ ilk planda deyil. Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində belə görüşlərin faydalı olmayacağı verilən bəyanatlardan da bilmək olur. Ermənistanda indi Rusiyanın tutduğu xəttdən narazı olan siyasi qüvvələr bu görüşlərdən narahatdırlar. Mən də o fikirdəyəm ki, Rusiyanı bir qədər tərəfsiz mövqeyə çəkə bilsək və müharibə olacağı təqdirdə Ermənistanın yanında durmasa müəyyən üstünlük əldə edə bilərik. Ermənistanda müharibənin qapıda olduğunu söyləyənlər var. Münaqişə tərəfləri güzəştlərə hazır olmadıqlarından müharibənin son çıxış yolu olduğu qənaəti ortaya çıxır. Azərbaycanın güzəşt limiti yoxdur. Rəsmi Bakı torpaqların boşaldılması tələbi ilə çıxış etməlidir.  Və Ərdoğanın BMT-nin qətnamələrini xatırlatması təsadüfi deyil. Türkiyə isə bu məsələdə Azərbaycana dəstəyini əsirgəməkdədir".

Загрузка...
Загрузка...