Rəşid Mahmudov: “Arvadağız kişilər yaxşı ailə başçısı ola bilməzlər” – FOTO, VİDEO

 
 
“Yeni Müsavat” qəzetinin bu dəfəki qonağı Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovdur. Onunla cəmiyyətdə yaşanan sosial böhrandan, müasir gəncliyin problemlərindən və səhiyyənin bugünkü durumundan danışdıq.
 
– Rəşid müəllim, cəmiyyətdə neqativ hadisələrin, qətllərin, intiharların, ailə münaqişələrinin sayı artır. Sizcə, cəmiyyətdə yaranan bu aqressivliyin səbəbi nədir?
– Bunun səbəbləri ciddi araşdırılmalıdır. İnsan nədən intihar edir, nədən öldürür? Bu hadisələr hər zaman olub. Birincisi kasıblıqdan, ikincisi çıxılmaz vəziyyətə düşməkdən, üçüncüsü gələcəyini görə bilməməkdən ola bilər. Bunların hamısının səbəbləri var, heç bir hadisə elə-belə ola bilməz.
Bakıda da, rayonlarda da çox yaxşı ailələr, namuslu, qeyrətli insanlar var. Ancaq kifayət qədər pis ailələr də var, pis kişilər, pis qadınlar da var. Mən hər şalvar geyənə kişi demirəm, hər uşaq doğan qadına da ana demirəm. Pislər hər zaman olub və olacaq.
“Qəsdən gənclərimizi pis yola çəkirlər”
– Sizcə, gənc ailələrin valideynlərlə birgə yaşaması daha yaxşıdır, yoxsa ayrı?
– Ayrı yaşayanlar düz iş görmür, ailə birlikdə olmalıdır. Onda ailə dağılır, param-parça olur. Onların çoxu “arvadağız” kişilərdir. Arvadağız kişilər yaxşı ailə qura bilməzlər. O demək deyil ki, qadına hörmət edilməməlidir. Qadın ali və ülvi varlıqdır. Məni də mən edən həyat yoldaşımdır, onun namusu, qeyrətidir. Mənim iki qızım var, onlar qeyrətsiz olsa, mən televizora çıxıb belə danışa bilərəmmi?
?oh=0527b0354ba0da28fd1df11094395509&oe=584AE2F9″/>
– Bəs, ailələrin dağılmasının, boşanmaların sayının artmasının səbəbi nədir? Hətta 15-20 yaş arası evlənən gənclərin boşanma halları daha çoxalır statistikaya görə.
– 15-16 yaşında evlənənlər ilk məhəbbətin qurbanı olublar. İlk məhəbbət də bədəndə gedən hormonal proseslərin nəticəsidir, məhəbbət deyil. Mən buradan analara mesaj göndərirəm ki, qızlarınızı 11 yaşından 21 yaşına kimi, oğlanları da 15 yaşından 23 yaşına kimi nəzarətdə saxlamaq lazımdır. O yaş dövründə özbaşına qalsalar, başları çox bəlalar çəkəcək. 15-20 ya arası boşanmalarda zərərçəkənlər ilk məhəbbətin qurbanı olan şəxslərdir. Bir də baxırsan ki, 15-16 yaşlı qız hamilə qalıb. Deməli, o nəsil biabır oldu. Türkiyədə bəzi əyalətlərdə belə bir adət var; birinin 10-12 uşağı var, onların içində bir qız pis yoldadırsa, oğlan narkomandırsa, nəsli təmizləmək üçün onu öldürürlər.
“Avropa Birliyi xaçpərəstlərin birliyidir, ay Türkiyə, səni oraya buraxmazlar”
 
 
– Bunu doğru hesab edirsiniz?
– Bəli, mən doğru hesab edirəm. Amma demirəm ki, əxlaqsızlıq edən öldürülməlidir. O da bir xəstəlikdir və müalicə edilməlidir.  O insanların bədənində hormon çoxdur, özünü idarə edə bilmir, o müalicə olunmalıdır. Mən nəsli təmizləmək üçün insanın öldürülməsini doğru hesab etmirəm, ancaq narkomandırsa doğru hesab edirəm. Narkomanlar yaşamamalıdır. Bizim bəzi valideynlərimiz narkoman oğulu evləndirirlər, ondan da uşaq doğub törəyir, bütün nəsil korlanır. Hansı yaxşıdır? Deyə bilərsiniz ki, Rəşid müəllim, sən Hitlerə oxşayırsan. Hitler başı xarab adamları öldürürdü, qoymurdu ki, ondan pis nəsil, pis adamlar törəsin. Nə bilirsiniz, bəlkə də düz edirdi… Mən də bilmirəm.
 
 
– Müasir gəncliyi necə qiymətləndirirsiniz?
– Birinci onu deyim ki, bəzi verilişlər istisna olmaqla, Azərbaycanın telekanalları birbaşa bu xalqın əleyhinə işləyir. Elə bil ki, kimsə pul qoyur və bu insanları pis yola çəkməyə çalışır. Qızların bəziləri istəyir ki, öz maşını və evi olsun, kef eləsin. Bu normal haldırmı? Hər bir canlı doğub törəməlidir, uşaq tərbiyə etməlidir, bu millətə xeyir verməlidir. Çox gözəl, əxlaqlı və savadlı gənclərimiz də var. Ancaq gəncliyimizi qəsdən pis yola sürükləyən qüvvələr var. bilmirəm onlar kimlərdir, məqsədləri nədir. Bizimkilər qloballaşmadan danışır. Qloballaşma bilirsiniz nə deməkdir, millətsizləşmək deməkdir? Oğlunuza erməni qız alarsınızmı, qızınızı erməniyə verərsinizmi? Yox? Mən də vermərəm. Avropa çox qloballaşmadan danışdı. İndi ərəbistandakı ərəblərin hamısı gedib Avropanın ortasında toplanıb. Pulunu verib torpaq alır, məscid tikirlər. Avropa doludur məscidlə. İndi peşman olublar qloballaşma dedikləri üçün. Bilirlər ki, səhv  ediblər.
“Qloballaşma millətsizləşməkdir, yəni qızını erməniyə ərə verməlisən”
– Rəşid müəllim, televiziyadakı verilişlər, yayımlanan seriallar gənc nəslin tərbiyəsinə necə təsir edir?
– Çox yaralı yerimə toxundunuz. O serialları kim efirə gətiribsə, bu milləti bədbəxt edib. Mən onlarla ailə tanıyıram ki, o seriallara görə boşanıblar, pis yola gediblər. İnsanlar seriallara baxıb kütləşirlər. Mövzuya bax, kişi bir bacını boşayıb ikinci bacını alır, belə serial olar? Bu bizdə qəbul olunmuş şey deyil. Mən efirdə də demişəm ki, ay Türkiyə, səni Avropa Birliyinə onsuz da qoymazlar, burada Avropanı yayma. Avropa Birliyi xaçpərəstlərin birliyidir. Məsələn, Almaniya NATO-nun üzvüdür, Türkiyənin yanında olmaqdansa, ona badalaq vurur, qondarma erməni soyqırımını qəbul edir. Bəs, bu necə dostluq oldu? Mən bunu qəbul etmirəm.
 
– Rəşid müəllim, necə hesab edirsiniz, bu qədər bahalaşma və işsizlik var ikən, ölkədə sosial gərginlik azala bilərmi?
– Bahalaşma pis şeydir, bunu ölkənin prezidenti də deyir. Səbəb dolların bahalaşması və neftin ucuzlaşmasıdır. Biz  bu vətənə sahib çıxmırıq. Biz bu vətəndə turist kimi yaşayırıq, guya gəlmişik və çıxıb gedəcəyik. Heç nəyə reaksiya vermirik. Ancaq bir şey də var ki, bizim vətənimizə qarşı bütün  qonşu dövlətlərin əli tətikdədir. Bir içəridə bir qığılcım yaratsaq, düşmənin dəyirmanına su tökmüş olarıq. Bu o demək deyil ki, bizdə hər şey yaxşıdır. Məmur özbaşınalığı da var, səhvlər də var. Ancaq onunla bərabər dövlətimiz var, bu dövlətə, bu vətənə yiyə çıxmaq lazımdır. Ancaq biz bir toplum olaraq yiyə durmuruq vətənə.
– Cəmiyyətdə kəskin təbəqələşmə gedir. Bir qrup insan çox varlıdır, qalanları isə çox kasıb, orta təbəqə də yoxa çıxmaq üzrədir. Bunun nəticəsi nə olacaq?
– Biz sovet quruluşunu yıxıb yerində kapitalizm qurduq. Ancaq elə murdar bir kapitalizm qurduq ki… Sosializm kasıbların təbəqələşməsidir, kapitalizm isə varlıların təbəqələşməsidir. Kasıb da dolanmalıdır. Bəzi dövlətlərdə işləməyənlərə aylıq pul da ayrılır. Biz o mərtəbəyə çata bilmişikmi? Yox. Bizim hökumət çalışmalıdır neftdən asılılığı aradan qaldırsın. Fabrik və zavodlar açılmalıdır.  Pambıq bizdədir, bir dənə mayka buraxa bilirikmi? Yox. Sən xaricə heç nə satmırsansa, sənin dolların ola bilərmi? Bir dənə neftlə olmaz axı… 30-40 ildən sonra neft də olmayacaq.
 
 
“Avropada alıcını aldatmaq söhbəti yoxdur, bizim ölkəmizdə isə xoruzu anac toyuq əvəzinə satırlar”
– Bir həkim kimi Azərbaycan səhiyyəsinin vəziyyətini necə qiymətləndirirsiniz?
– İndi hamı nostalgiya keçirir ki, SSRİ dövründə dərman pulsuz idi, qəpik-quruşa idi. İndi dərman çox bahalaşıb. Ancaq o dövrün səhiyyəsi ilə indikini müqayisə etmək mümkün deyil. İndi 20 min adla xəstəlik var. Cəmi 1300 dərmanımız var idi. 16-17 xəstəliyi bir dərmanla müalicə edirdik. Qarnı ağrıyana pensilin, gözü ağrıyana pensilin…  Çox xəstəliyi pensilinlə müalicə edirdik. Azərbaycanda indi təbabət sürətlə inkişaf edir. Məsələn, Azərbaycanda stomatologiya dünya səviyyəsindədir.
– Ancaq tibb inkişaf etdikcə, sadə insanlar üçün əlçatmaz olur, hədsiz  baha olur…
– Səbəb odur ki, xaricdən gətirilən tibb avadanlıqları həddindən artıq bahadır. Ən aşağısı 100 min manatdır. Azərbaycanın təbabəti təkcə ölkədəki təhsilin hesabına inkişaf etmir, Almaniyada, Türkiyədə təhsil alıb uzmanlaşan həkimlərin hesabına inkişaf edir. Baxırsan ki, balaca, arıq gənclərdir, ancaq o qədər savadlıdırlar ki… Mən bu cür gənclərimizlə fəxr edirəm. Azərbaycan səhiyyəsinin çox böyük gələcəyi var. Ölüm halları hər zaman olur, ölüm insanın taleyidir. Uşaq da ölə bilər, ana da ölə bilər, cavan da ölə bilər. Bu qismətdir. Bir də var həkim səhlənkarlığı , bu bağışlanmazdır. Dövlətin 3 sahədə doktrinası olmalıdır: hərbi doktrina var, ancaq elm, təhsil və səhiyyə ilə bağlı doktrina  yoxdur. Xaricdə insanlar həkimlik etməkdən qorxular, çünki məsuliyyəti böyükdür. Əgər insan infarktdırsa, həmin infarkt saatı ərzində ona 3 dənə “heparin” vursalar, 100 insandan 100-ü də salamat qalar. Ancaq 10 dəqiqə gecikdisə, onların 50 faizi öləcək. Bu protokol qaydasıdır. Bu bir saatda xəstə vaxtında həkimə çatıbmı, həkim vaxtında iynəni vurubmu? Bunlar araşdırılırmı? Qanunda bu varmı? Yox. Ölüm halları ya xəstənin öz savadsızlığı ucbatından olur, ya da həkimin savadsızlığı ucbatından. Sığorta təbabətinə keçmək lazımdır. Sağlam insan böyütmək lazımdır. Həkimlərin də savadsızı var, necə ki, müəllimin, mühəndisin və digərlərinin savadsızı olduğu kimi.
“Bizim vətənimizə qarşı bütün  qonşu dövlətlərin əli tətikdədir. Bir içəridə bir qığılcım yaratsaq, düşmənin dəyirmanına su tökmüş olarıq”
– Xəstəliklərin artmasının qidalarla əlaqəsi varmı?
– Bu da mənim yaralı yerimdir. Mənim həkim kimi 3 borcum var ki, yerinə yetirə bilmirəm . Birinci suyun yodlaşdırılmasıdır, ikincisi geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməməsidir, üçüncüsü kök hüceyrələrin tətbiqidir. Dünyada yaşayan insanların 2 milyardı yoddan əziyyət çəkir, ancaq avropalılar bu məsələni həll ediblər. Heç Avropada yekəqarın kişi görmüsünüzmü? Bizim kişilərin də, qadınların da, qarınları o qədər yekədir, elə bil hamilədir. Çünki bədəndə düzgün mübadilə getmir, bir vedrə yemək yetir.  Bizim qidalarımıza, xüsusən də uşaq  qidalarına hormon qatırlar. Broyler toyuqlar niyə kök olur, çünki hormon vurulub. Xaricdə də var belə məhsullar, ancaq orada insanları aldatmırlar. Üstünə yazırlar bu GMO kartofdur, 30 qəpik, bu isə təbii kartofdur 1 manata. Aldatmaq söhbəti yoxdur, bizim ölkəmizdə isə xoruzu anac toyuq əvəzinə satırlar. Millətimizdə bir girəvəçilik var. Hamı bir-birini aldatmaq haqqında düşünür. Ancaq bunları psixologiyamızdan çıxartmaq lazımdır. Vicdanla yaşamaq lazımdır.
?oh=b69b397a10fe6c4ee31f768bf2327074&oe=58496B9B” />
 
– Gənclərə nə tövsiyələriniz var?
– Hər bir insan düşünməlidir ki, mən bu xalqa nə verirəm, millətimə necə qulluq edirəm. Bizdə isə insanlar deyir ki, millət mənə niyə qiymət vermədi. Mən tələbələrimə gözümün yağını vermişəm, ancaq hökumətdən heç nə istəmirəm. Bu mənim vətəndaşlıq borcumdur. Bizim müəllimlərimiz olub ki, gecə-gündüz yatmayıb çalışıblar. Ötən əsrin 30-cu illərində Heydər Hüseynov olub, bağlarda yığılıb uşaqlara dərs keçiblər, orada deyiblər ki, biz Azərbaycanda müstəqil və böyük bir dövlət yaratmalıyıq. Üzeyir Hacıbəyov orada olub, Cəfər cabbarlı orada olub. Əlifba kitabını yazan adam həkim olub, adam tapmayıblar yazmağa. Onlar bu yolda canlarını qoyublar. Mən istəyirəm ki, bizim gənclərimiz savadlı olsunlar. Bizim başımıza gələn bütün bəlalar savadsızlığımızdan gəlir. Gənclərimizə yalvarıram ki, savadlı olsunlar. Yalvarıram ki, bu elə, obaya sahib çıxsınlar, vətəni sevsinlər . Vətəndən ummasınlar. Mən bu yaşımda 1200 səhifəlik kitab yazmışam, kompüterdə yaza bilmirəm deyə əllə yazmışam, əllərim qabar olub. Mənim 78 yaşım var, nəyimə lazım idi. Çünki bu dünyada elə-belə getmək istəmirəm. dünyada ilk dəfə olaraq kök hüceyrənin fiziologiyasını mən yazıram, Amerikadan sonra ikinci olaraq hüceyrənin fiziologiyasını mən yazıram.  Azərbaycan dilində ilk dəfə olaraq immun sistemi fiziologiyasını mən yazıram, bioloji ritmləri, reproduktiv orqanların, dölün, doğuşun, yeni doğulmuş uşağın fiziologiyasını mən yazıram. Qoy həkimlər də, sadə insanlar da oxusun, yararlansın.